Peşə məktəblərində təhsil haqqı aşağı salınıb

4-08-2017, 16:16
Oxunub: 257
Bu il qiymətlər 350 manatdan başlayır və 500 manata qədər dəyişir


Peşə təhsili müəssisələrində ödəniş haqqı bu il aşağı salınıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili bildirib ki, bu il rəqəmlər dəyişib.

Onun sözlərinə görə, ötən il ixtisasdan asılı olaraq minimum 500 manat nəzərdə tutulurdusa, bu il qiymətlər 350 manatdan başlayır və 500 manata qədər dəyişir.

A.Əlili qeyd edib ki, bu il peşə təhsili müəssisələrinə qəbul zamanı ötən ilin təcrübəsinə əsaslanaraq bəzi yeniliklər edilib: “Məsələn, ötən il yerləşdirildikləri ixtisasları qəbul etməyənlər olurdu. Bu da ondan irəli gəlirdi ki, ixtisas seçilir və bu prosesi “ASAN xidmət” mərkəzinin operatoru həyata keçirirdi. Bu il “ASAN” könüllüləri və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri bu prosesə cəlb olunub. Onlar ixtisas seçimində şagirdlərə kömək edirlər. Bu il hər kəsə seçib təsdiq etdikləri ixtisasların siyahısı verilir. Bundan başqa, ixtisas seçərkən onlara məktəblər, korpusları, hansı korpusda hansı ixtisasların tədris olunduğuna dair bütün məlumatlar verilir. Təhsil proqramının müddəti, ödənişlidirsə, ödənişin miqdarı bildirilir. Valideyn və ya şagird bu məlumatları əldə etdikdən sonra ixtisas seçimini özü təsdiq edir. Odur ki, bu il “Niyə bura düşmüşəm?” deyənlər olmayacaq”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti