"Tanrı içimizdəki vicdandır" - Oxucudan müsahibə

1-08-2017, 13:33
Oxunub: 2356
"Süd yolunun pəncərələrindən baxan üçün fəza yer və göy arasındakı məkan deyil"


Kitabıstanın oxucudan müsahibə layihəsinin növbəti qonağı Bakı Dövlət Universitetinin Kimya fakültəsinin tələbəsi Aytən Səfərovadır.

Etatist.com sözügedən müsahibəni təqdim edir:

- Kitabıstan layihəsi haqqında nə düşünürsünüz?
- Kitabıstan səhifəsini daimi olaraq izləyirəm. Gənclər üçün olduqca vacib və maraqlı məlumatlar paylaşılır, maariflənmək və gənclərin istedadını üzə çıxramaq üçün müsabiqələr keçirirsiniz. Bu, təqdirə layiqdir. Həmçinin kitabsevər kimi deyə bilərəm ki, oxumaq üçün faydalı kitab nümunələrini səhifə sayəsində müəyyənləşdirmişəm. Bundan başqa səhifədə daim yazarlar, əsərlər haqqında müzakirələr olur. Fikirlər müqayisə olunur, virtual debat yaranır. Şairlərin pyeslərini müzakirə etmək üçün təşkil etdiyiniz seminarlar gənclər üçün fürsətdir. Layihəni yaratdığınız üçün təşəkkür edirəm.

- Oxudugunuz ilk kitab yadınıza gəlir?
- Bəli, əlbəttə. Drayzerin “Kerri bacı” əsəri.

- Bəzi oxucular deyir ki, Drayzer qadın hisslərini mükəmməl təsvir edir. Bu fikirlə razısınızmı?
- Bəli razıyam. Elə “Kerri bacı” əsərində bir qadının həyatının çətinliyini emosional şəkildə əks etdirmişdi. Kerrinin Çikaqoya köçməsi ilə kədərli həyatı başlamışdı. Kerri yeni insanlar, yeni mühitə gec adaptasiya olurdu.

- Bəs indi hansı kitabı oxuyursunuz?
- Robert Grin “Yoldan çıxarma sənəti”.

- Sizcə bu kitabın adı çox qeyri-ciddi deyil?
- Məncə xeyr. Kitabda insanları hakimiyyətdə, liderlikdə manipulyasiya edərək necə yoldan çıxarılmasından söhbət açılır.

- Oxuduğunuz kitabları real həyatda tətbiq edirsiniz?
- Daha çox öyrədici və şəxsi inkişaf kitablarına üstünlük verdiyim üçün bəli, demək olar tətbiq edirəm. Bəzi kitablardan hansısa bir hissə məni cəlb edir. Onu həyatımın devizi edirəm.

- Həyat deviziniz edə biləcəyiniz hissə tapmısınız?
- Ahmet Şerif İzgörənin “Ovucumdakı kəpənək” kitabından: “İnanc görünməyənə inanmaqdır, görünməyənə inansanız başqalarının görmədiklərini görə bilərsiniz”. Baxmaqla görmək fərqlidir. Onları fərqləndirməyi bacarmalısan.

- Başqalarının görmədiklərini görə bilirsiniz?
- Süd yolunun pəncərələrindən baxan üçün fəza yer və göy arasındakı məkan deyil.

- Tanrı nədir?
- Müxtəlif dinlərdən yanaşaraq müxtəlif təriflər vermək olar. Monoteist din ailəsi üçün tanrı ali qüvvə və yaradıcıdır... Animistlərə görə tanrı ruhdur... Obyektə sitayiş edən dinlərə görə tanrı elə sitayiş etdiyi obyektdir... Mənə görə tanrı içimizdəki vicdani və ruhsal varlıqdır.

- Sizcə Azərbaycan gəncliyinin qəti məqsədləri varmı, yoxsa gənc nəsil yoldan çıxarılıb?
- Məncə gənc nəsli yoldan çıxarmaq çətindir. Hal-hazırda Azərbaycan gəncliyi siyasətə meyillidir. Savadlı və olduqca dünyagörüşlü gənclərimiz var. Daim öz üzərində çalışan yeniyetmələr var. Hansı ki, gələcək dövrlərdə liderlik, hakimiyyət, idarəçilik sahəsində uğurlu olacaqlar. Və hal-hazırda gənclərimiz şəxsi təcrübə və inkişaf kitablarına, bədən dili kurslarına daha çox meyillidirlər. Düşünürəm ki, onları yoldan çıxarmaq çətin və mümkünsüz olar.

- Gənc yazarlardan kimləri oxuyursunuz?
- Qaraqanın bütün kitablarını, Məsudə Cabbarın 1 kitabını oxumuşam. Açığını deyim ki, demək olar gənc yazarlardan az oxumuşam. Daha çox elmi, psixoloji, şəxsi inkişaf, dedektiv janrda kitablar oxuyuram.

- Hansı yazıçıları bəyənmirsiniz?
- Rövşən Abdullaoğlu. Səbəb, bildiyimiz motivasiya və məlumatları genişləndirib kitab çap etdirir. Demək olar ki, çox məlumatı dinlə bağlayır. Sanki dini təbliğ edirmiş kimi... Onun kitablarından yeni bir şey öyrənmirəm.

- Aytən xanım, özünüzü Kitabıstan vətəndaşı hesab edirsiniz?
- Zənnimcə kitabları dost hesab edən hər kəs Kitabıstanın vətəndaşıdır.
Nicat Həşimzadə
Kitabıstan
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti