Atatürkün ilk bioqrafiyası Azərbaycan dilində təqdim olundu - Fotolar

30-07-2017, 18:20
Oxunub: 4601
"Kitabı senzurasız nəşr etməklə oxucuya mühakimə hüququ veririk"


Bu gün Milli Fikir Mərkəzinin ofisində MFM Tərcümə Şöbəsi tərəfindən tərcümə olunub Kitabıstan tərəfindən nəşr edilmiş, Etatizm Akademiyası seriyasından 4-cü kitabı- Armstronqun Atatürk haqqında yazdığı “Bozqurd”un təqdimatı keçirilib.

Milli Fikir Mərkəzinin mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə senzurasız nəşr edilən kitab Azərbaycanda ilk dəfə tərcümə edilib. Mustafa Kamal Atatürkün ilk bioqrafiyası olan “Bozqurd” Türkiyədə senzura ilə nəşr edilib.

Tədbirdə MFM sədri Şəhriyar Məcidzadə çıxış edib:

“Biz dünyanın ən ciddi əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasında maraqlıyıq və sizin ciddi əsərlər oxumağınız bizim priotet saydığımız məsələlər sırasındadır. Bir neçə il əvvəl bu kitabla tanış olduğum zaman qənaətim bu idi ki, bu kitab hesabatdır. İstər məzmun baxımından, istər əsərin quru cümlələrlə yazılmasına görə məndə belə bir fikir formalaşdırdı ki, bu, o zamanlar Türkiyədə fəaliyyət göstərən qurumların Mustafa Kamal haqqında hazırladığı hesabatlardandır.

Atatürkün ilk bioqrafiyası Azərbaycan dilində təqdim olundu - Fotolar

Mustafa Kamal yüzlərlə, minlərlə rütbəli zabitlərdən sadəcə biri idi. Ancaq həmin vaxtın xurafatçı din alimlərinin, siyasi mənafelərini xalqın maraqlarından üstün tutan şəxslərdən fərqli olaraq o, xalqına inanıb mübarizəyə başladı.

Avropanın mərkəzində yerləşən Almaniyanı, Avstriya-Macarıstanı əzib sıradan çıxardılar, ancaq bunu Türkiyə ilə edə bilmədilər.

Unutmaq lazım deyil ki, Osmanlı nə qədər dünya imperiyası olsa da, orada seçim haqqı yox idi, səltənət var idi və bunun 600 illik ənənəsi formalaşmışdı. Qurtuluş Savaşı başlayarkən Mustafa Kamal yenilikçi fikirlərlə dostlarının qarşısına çıxanda dostları belə ona inanmırdı. Mustafa Kamal bu sözləri tez-tez təkrarlayırdı: Mən mübarizəni dostlarıma rəğmən qazandım.

Mustafa Kamal diktator olmağı öz çiyinlərinə götürdü və aydınlanma hərəkatına davam etdi. Bu, normaldır. Çünki sən yenilik qəbul etməyən fikirlərlə bir cəmiyyətin qarşısına çıxırsansa, səni diktator, tiran adlandıracaqlar.

M.Kamal böyük məhdudiyyətlər içində bu mübarizəni aparıb və kolonial sistemləri əlində saxlayan dövlətlərə qalib gəlib. Silahsız, qida olmadan, əliyalın xalqla dünya sisteminə qalib gəlib.

Sosial şəbəkələrdə kitabın təbliğatı gedəndə Mustafa Kamal haqqında çox fikirlər gördüm. Mustafa Kamalı mason adlandırdılar, amma o, mason lojalarını bağlatdırmışdı, kommunist adlandırdılar, amma o, kommunist partiyasını bağlatdırmışdı, ateist adlandırırlar, amma o, Quranı türk dilinə tərcümə etdirmişdir.

Atatürkün ilk bioqrafiyası Azərbaycan dilində təqdim olundu - Fotolar

Nəzərə alın bu kitabı şərqli, türk yox, ingilis yazıb. Doğrudur, kitabda bəzən təhqir sayılacaq fikirlərlə qarşılaşacaqsınız, çünki biz bu kitabı senzurasız nəşr etdirmişik. 


Mustafa Kamal bu kitabın nəşr edilməsi ilə bağlı göstəriş versə də, kitab nəşr edilmir.

Kitabı senzurasız nəşr etməklə oxucuya mühakimə hüququ veririk ki, oxucu özü kitabı obyektiv şəkildə mühakimə etsin. Biz sizin azad şəkildə təhlil etməyinizi istəyirik.

Mustafa Kamal ümidlərini öldürüb mübarizəyə başlayan şəxsdir. Bizə nə öyrədirlər? “Sabahlar yaxşı olacaq”... Amma yaxşı sabahlar öz-özünə açılmır.

Bu kitabda görəcəksiniz ki, ümidsiz savaşlar səmimi aparıldıqda dağıntılar altında olan imperiyadan necə modern ölkə qurmaq mümkündür.

Biz xəyallarla yaşamamalıyıq, xəyalları reallığa çevirib normalara qarşı gəlməli və yeni həyat yaratmalıyıq. Bizim qarşımızda çürümüş dəyərləri müdafiə edənlər var. Onlar nəyi müdafiə etdiklərini bilmirlər.

Biz elə bilirik ki, birinci M. F. Axundovu oxumalıyıq. Amma biz birinci dünyanı, sonra Axundovu oxumalıyıq. Axundov həqiqəti deyirdi, bu xalq onu başa düşmədi, o, xalqı dəyişə bilmədi. Axundovlar məktəb yaratmaq istəyir, biz məktəb yaradacağıq, Axundovlar mətbuat istəyirdi, biz mətbuat yaradacağıq.

Biz dünyanı Azərbaycan üçün oxumalı, Azərbaycan üçün öyrənməliyik. O zaman birliyin zərurətini anlayacağıq. Birləşmək lazımdır ki, bir-birimizə baxıb ruhlanaq.

Atatürkün ilk bioqrafiyası Azərbaycan dilində təqdim olundu - Fotolar

Cahil insanlar qanunları pozmağı prestij halına gətiriblər. Oxumamaq üçün rüşvət vermək cahil zehniyyət deyil? Fərdi inkişaf haqqında danışıb heç bir iş görmədən bütün günü evdə oturmaq cahil zehniyyət deyil? Biz xanlıqlar dövründə bu ölkəni əyalətlərə bölmüşük. Bizə fərdi zehniyyət lazımdırmı? 


Dünya sinergetik, kollektiv çalışmaq dövründədir. Bu gün artıq liderlərin, fərdlərin olduğu zehniyyət yoxdur.

Azərbaycan gəncliyi heç vaxt bu qədər kimsəsiz, bu qədər yoxsul, bu qədər və aciz halda deyildi. Niyə siz yoxsunuz? Var olmaq üçün birləşmək lazımdır.

Bizi diri-diri məzara qoymalarına imkan yaratmamalıyıq. Ona görə aydınlanma hərəkatını dəstəkləyin. Oxuyun, öyrənin, çalışın. 

Bizim qəzetimiz, televiziyamız, radiomuz yoxdur, amma siz varsınız. Siz bizim səsimizə səs versəniz, hər kəs yaradıcılığın, aydınlanma hərəkatının nə demək olduğunu anlayacaq.

Yaradıcılıq tanrı kimi olmalıdır. Yaratmaq sözdən başlayır. Bizə birlik lazımdır. Ona görə ki, biz hamımız bir olanda Azərbaycan oluruq.

Daha sonra söz “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya verilib:

“Başda Şəhriyar bəy olmaqla Milli Fikir Mərkəzinin üzvlərinə təşəkkürümü bildirirəm. Bu, önəmli yığıncaqdır. Çox sağ olun ki, məni də dəvət etmisiniz. Çünki indi Azərbaycan gəncliyinin belə auditoriyası yoxdur. Parçalanmış, məqsədi olmayan, oxumayan, tənbəl gəncliyimiz var. Amma bununla yanaşı Azərbaycanın çox yaxşı, ölkəni üstün yerlərdə təmsil edən gənclərimiz də var. 

Atatürkün ilk bioqrafiyası Azərbaycan dilində təqdim olundu - Fotolar

Mən sizin tərcümələrinizin hamısı ilə tanışam. Hər biri xüsusi əsərlərdir. Ələxüsus, “Yəhudi dövləti” xoşuma gəldi. Mən kitabı oxuyanda redaktor kimi oxuyuram. Həm korrektəsi, həm redaktəsi, həm üslubu çox yaxşıdır.

Türk millətinin tarixində böyük şəxsiyyətlər var. Ancaq bütün bu şəxsiyyətlərin içində ən böyüyü Mustafa Kamaldır. Armstronqun bu əsəri Mustafa Kamal haqqında yazılan ən möhtəşəm əsərdir. Mustafa Kamal jurnalistlərlə çox yaxın olmayıb, amma Armstronqa bir neçə gün onunla görüşməsinə icazə verib. Armstronq hətta Mustafa Kamalın yemək stolunda da oturub.

Mustafa Kamal əsəri oxuyur və İsmət İnönünü çağırıb deyir ki, əsəri olduğu kimi çap edin. Amma kitab çap olunmayıb. Bir müddətlik çap olunsa da, sonra yenə də senzuraya məruz qalıb.

Məncə, Atatürkə tam baxmaq lazımdır. Atatürk içibmi? İçib. Yanlışları olmayıb? Olub.

Atatürk həmişə çanaqda öz qanını gəzdirən adam olub. Yeddi düvəlin başçısı Lloyd Cord Mustafa Kamalın qalib gəldiyini öyrənəndə deyir ki, “Mustafa Kamal bizim planlarımızı 300 il təxirə saldı”. Mən Atatürkü çox yaxşı oxuduğumu zənn edirəm.

Atatürkün gəncliyə xitabəsinin sonuncu cümləsi belədir: “Möhtac olduğun güc damarlarındakı əsil qanda mövcuddur”. Mustafa Kamalın heç bir addımı səbəbsiz deyildi.

Türk millətinin tarixinin ən böyük şəxsiyyətlərindən biri Mustafa Kamaldır. Yaxşı ki, bu əsər Azərbaycana təqdim olunub. Bu əsəri çox diqqətlə oxuyun.

Çünki 100 ildir dünyanın böyük əsərlərini oxumağı bizə qadağan ediblər. Dövlət quranların və dövlət yıxanların əsəri bizdə yoxdur. Amma harada 12 yaşında təcavüzə məruz qalan, 20 yaşında intihar edənlər varsa onlar tərcümə olunur.

Gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Atatürkün ilk bioqrafiyası Azərbaycan dilində təqdim olundu - Fotolar

Kitabıstan koordinatoru Nicat Həşimzadə çıxış edərək bildirib ki, Kitabıstan tərəfindən nəşr edilən hər kitab öncəkinin davamıdır:


“Atatürk haqqında çox dəyərli, lazımlı fikirlər səsləndi. Hamısını təkrar etmək istəmirəm. Kitabda Cəlal Şəngör xüsusi olaraq Milli Fikir Mərkəzi üçün öz fikirlərini qeyd edib”.

Qeyd edək ki, Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi bundan öncə Qriqoriy Petrovun “Bəyaz zanbaqlar ölkəsində”, Teodir Hertslin “Yəhudi dövləti”, Dhirenda Mohan Datta və Mahatma Qandinin yazılarından ibarət olan “Qandinin liderlik fəlsəfəsi” kitablarını tərcümə edib.

Atatürkün ilk bioqrafiyası Azərbaycan dilində təqdim olundu - Fotolar

Atatürkün ilk bioqrafiyası Azərbaycan dilində təqdim olundu - Fotolar

Atatürkün ilk bioqrafiyası Azərbaycan dilində təqdim olundu - Fotolar

Atatürkün ilk bioqrafiyası Azərbaycan dilində təqdim olundu - Fotolar

Etatist.com
Şərhlər : 1 Şərh yaz
Sakit 31 iyul 2017 06:58  

uğurlarınız davamlı olsun.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti