Bu gün nələr baş verib? - Günün icmalı

28-07-2017, 20:22
Oxunub: 222
Zakir Həsənov Pakistan İslam Respublikasının səfiri Səid Xan Mohmand ilə görüşüb


Etatist.com 28.07.2017 tarixində ölkədə baş verən hadisələrin qısa icmalını təqdim edir:


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 144 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev vətəndaşları qəbul edib.
Qəbul Zamanı bölgədə yaşayan sakinlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Ağcabədidə şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan görüşdə, 27 nəfər dinlənilib. 4 müraciət gömrüyün rəsmiləşdirilməsi ilə bağlı olub. Bir müraciət istintaqa cəlb olunmuş cinayət məsələ ilə əlaqədar olub, digər 22 müraciət isə gömrük orqanlarına işə düzəlmə və müsabiqələrlə bağlı olub.


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 27 iyulda keçirilmiş yeni qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
Abituriyentlər Apellyasiya Komissiyasına 28 iyul 2017-ci il tarixində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahan zamanı təxliyə olunan abituriyentlər üçün 27 iyulda keçirilmiş yeni qəbul imtahanının nəticələrini elan edib.
Imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. Nəticələr haqqında məlumatı mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək olar.


İyulun 28-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmand ilə görüşüb.
Görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əməkdaşlığın uğurla davam etdiyi qeyd olunub. Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib. Hərbi-texniki əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirən tərəflər Pakistandan əldə edilən “Super Muşak” təyyarələrinin Azərbaycanın hərbi pilotlarının döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacağını bildiriblər.


Təhsil naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib.
Türkiyənin İstanbul şəhərində keçirilən ikinci iclasa Türkiyənin milli təhsil naziri İsmət Yılmaz, İƏT-in baş katibi Xəlil İbrahim Akça, həmçinin Pakistan, Əfqanıstan və İranın təhsil nazirliklərinin yüksək səviyyəli nümayəndələri qatılıb. 


Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov Peru Respublikasının ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkili Luis Çanq Boldrinini qəbul edib.
E. Məmmədyarov Luis Çanq Boldrinini müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib, Perunun Azərbaycanda səfirliyinin açılması və Azərbaycanın Peruda diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verdiyini diqqətə çatdırıb.


Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Almaniyanın “TEMCO Group” şirkətinin rəhbəri Frank Templinlə görüşüb. 
Görüşdə qarşılıqlı iqtisadi əməkdaşlıq, alman investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi, eləcə də Sumqayıt Kimya Sənaye Parkında avtomobil sənayesi üçün plastik tərkibli ehtiyat hissələri istehsalının yaradılması barədə müzakirələr aparılıb.


Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib. Müsabiqədə III ixtisas qrupu üzrə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olmaq üçün imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən müsabiqədən keçməmiş 250 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər iyulun 29-u və avqustun 31-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç., 4) müraciət etməlidirlər.


Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti