"İnsanlar duyğulara məcburi şəkildə boyun əyərlər"

20-07-2017, 13:56
Oxunub: 376
"Siyasətçilər çox vaxt müdrik deyil, bacarıqlı şəxslər olaraq tanınırlar"


Bu təhlildə mütləq hakimiyyət nizamının olduğu toplumun, ya da ən yaxşıların iqtidarda olduğu cəmiyyətin tiranlığa sürüklənməməsi, vətəndaş azadlığının pozulmaması üçün necə təşkilatlandırılmalı olduğu problemi ələ alınıb.

I HİSSƏ

1. Filosoflar içimizdə bir-biri ilə mübarizə aparan hissləri insanların yanlışlarından doğan pisliklər sayırlar. Buna görə də duyğulara önəm verməmək, onları alçaltmaq, qınamaq və ya daha mədəni görünmək lazım gələndə bunu inkar edirlər. Belə etdikləri zaman sanki tanrı kimi davranmış olurlar və müdrikliyin zirvəsinə çıxırlar: belə olanda dünyanın heç bir yerində var olmayan insanı tərif edir, həqiqətən mövcud olan insanı isə sözləri ilə alçaldırlar. Realda insanları olduqları kimi deyil, olmasını istədikləri kimi görürlər. Buna görə də çoxu əxlaq yerinə satira yazır və çoxunun siyasət sahəsində tətbiq edilə biləcək heç bir görüşü yoxdur. Siyasət onlar üçün xəyaldan başqa bir şey deyil və onlar üçün siyasət utopiya ölkəsi ilə, Qızıl Əsrlə, yəni heç bir qurumun lazım olmadığı bir dövrlə əlaqəli bir şeydir. Deməli tətbiq oluna bilən bütün elmlər arasıda fəlsəfənin tətbiqdən ən çox uzalaşdığı elm siyasətdir və dövləti idarə etmək işində filosoflardan daha uyğunsuzu ağla gəlmir.

2. Siyasətçilər isə insanları ən yaxşı şəkildə idarə etməklə deyil, daha çox onları oyuna gətirməklə məşğul və çox vaxt müdrik deyil, bacarıqlı şəxslər olaraq tanınırlar. Realda təcrübənin onlara öyrətdiyinə görə insan olduqca pisliklər də olacaq. Deməli, siyasətçilər insandakı pisliyin gərəyini etməklə məsuldurlar. Bunun fəaliyyəti uzun bir təcrübəylə müəyyən olunmuş və ağlın idarə etdiyi insanların deyil, qorxunun idarə etdiyi insanların istifadə vərdişində olduğu vəsaitləri reallaşdırırlar. Bu mövzuda dinə, xüsusilə də din alimlərinə əks davranırlar. Realda din alimlərinə görə böyük idarəçi ictimai işlərini şəxsin də uymağa məcbur oluğu əxlaq qaydalarına uyğun icra etməlidir. Eyni zamanda siyasətçilər yazdıqları siyasi yazılarda, filosofların yazdıqlarından daha doğru görüşlər ortaya qoyurlar. Siyasətçilər daha böyük təcrübəyə sahib olduqları üçün həyata keçirilməsi mümkün olmayan heç nəyi demirlər.

3. Təcrübə dünyasının çoxluğu idarə etmək, yəni çoxluğu müəyyən sərhədlər daxilində saxlamaq üçün lazım olan həqiqətləri ortaya qoyduğuna inanıram. Belə ki, düşüncədən yola çıxaraq bu günə qədər yoxlanmamış, yenə də, yoxlanma və tətbiq edilməyə hazır olan bir idarənin yaradıla biləcəyinə inanmıram. İnsanlar elə yaradılıblar ki, ümumi bir qanun olmadan yaşaya bilməzlər. Halbuki insanlar ümumi qanunlar və ictimai işlər, qurumlar qurmuş və bunları incələmiş olan, irəli düşüncəli, usta və hiyləgər fikir adamlarının tədqiqat mövzusudur. Bu cəmiyyətdə tətbiq oluna bilən və hər hansısa bir nümunəsinə rastlanmış idarə forması, ictimai işlərlə maraqlanan və öz mənafelərini güdən insanların hələ kəşf etmədiyi idarə sistemi düşünmək qeyri-mümkündür.

4. Siyasətlə maraqlananda ortaya yeni, ya da bilinməyən bir şey qoymaq istəmədim. Dəqiq, inkar edilə bilməyən səbəblərdən yola çıxaraq tətbiq ediləcək məsələlərə yönəldim. Başqa deyimlə, tətbiqə ən çox uyan şeyi insan təbiətinin tədqiqindən çıxarmaq, bu tədqiqə düşüncə azadlığını qatmaq üçün insan davranışlarını alçaltmamağa, bu davranışlara üzülməməyə, onları inkar etməməyə, amma onlar üzərindən dərin bilgi qazanmağa çalışdım. Eyni zamanda, eşq, kin, qəzəb, arzu, üstünlük kimi insani duyğuları pis xüsiyyətlər olaraq deyil, insan təbiətinin özəllikləri olaraq, insana bağlı varoluş formaları olaraq ələ aldım. İsti və soyuğun, tufan, şimşək, bütün göy hadisələrini təbiətə bağlamaları kimi. Hər nə qədər istəməsək də bu hava dəyişkənliyi müəyyən səbəblərlə bağlı olan vacib şeylərdir, biz bu səbələrdən yola çıxaraq təbiəti tanımağa çalışırıq.

5. Dəqiq olan və mənim də “Ethica”da qeyd etdiyim bir şey var: insanlar duyğulara məcburi halda boyun əyərlər. Onlar elə yaradılıblar ki, bədbəxtlərin halına yanır, xoşbəxtlərin yerində olmaq istəyirlər. Acımaqdan daha çox intiqam almağı seçirlər. Eyni zamanda hər kəs başqalarının öz doğrularına uyğun yaşamasını, özünün inandığı şeylərə inanmasını, özünün inkar etdiyi şeyləri inkar etməsini istəyir. Hər kəsin birinci adam olmaq istəməsi, insanlar arasındakı toqquşmalar, bir-birlərini əzməyə çalışmaları və birini məğlub edən adamın qalibiyyətinə deyil, məğlub etdiyi adamdan yararlanmağa üstünlük verməsi bundan irəli gəlir. Və, şüphəsiz, hər kəs dinin öyrətdiklərinə uyaraq qonşusunu özü qədər sevmək, yəni başqasının haqqını özününkü kimi qorumağa məcbur olduğuna inanıb. Ancaq bu inancın duyğular üzərində çox az rolu olduğunu görərdik. İnsan ölüm qapıya dayandığı zaman,yəni xəstəlik üstün gəldiyi, insan təslim olduğu zaman bu inanc doğruya üstün gəlir. Amma bu inanc ən çox lazım olduğu yerlərdə - məhkəmələrdə, ya da sarayda təsirsiz qalır. Eyni zamanda ağlın duyğuları əhatə edib onları idarə edəbiləcəyini göstərdik, amma ağlın öyrətdiyi yolun çox çətin olduğunu da gördük. Buna görə də, ictimai işlərlə məşğul olan insanları ağlın qaydalaına görə davranmağa yönəltmənin ola biləcəyinə inananlar şairlərin qızıl əsrini arzulayırlar, yəni xəyala qapılmaqdadırlar.

6. Əmin-amanlığı bir neçə nəfərin dürüstlüyünə bağlı qalan və yalnız işlərin yaxşı idarə edilməsi üçün idarəçiləri ədalətli davranmağa vadar edən dövlət daimi deyil. Dövlətin uzun müddət var olması üçün bütün işləri elə qaydaya salmaq lazımdır ki, onu idarə edənlər ağıla uyğun davransalar da, duyğularının təsiri altında olsalar da, ədalətsiz, ya da ictimaiyyətin əleyhinə olan şəkildə davranmamalıdırlar. İdarə etmək üçün hansı biliyə sahib olmaları, dövlərin təhlükəsizliyi əhəmiyyətsizdir. Yetər ki, onlar yaxşı idarəçi olsunlar. Ruhun azadlığı, yəni ürəklilik xüsusi məziyyətdir və dövlət üçün ən vacib məziyyət təhlükəsilikdir.

7. Barbar olsun, mədəni olsun - nəticədə bütün insanlar hər yerdə qanunlar qoyub və cəmiyyət adını qazandıqlarına görə xalq iqtidarlarının səbəblərini və təbii təməllərini ağlın öyrətdiklərindən deyil, insanların birgə təbiətindən, yəni var oluşlarından çıxarmaq lazımdır. Bunu növbəti hissədə izah edəcəyəm.
Benedikt Spinoza "Siyasətin təhlili"
Tərcümə: Günel Ağayeva (ACSIS Araşdırmalar Mərkəzi)
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti