Sosial müavinətlərin və təqaüdlərin ödənilməsində nöqsanlar aşkarlanıb

17-07-2017, 18:11
Oxunub: 61
Spesifik nöqsanlara rast gəlinib


 Hesablama Palatasının Kollegiyası 2016-cı ildə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin Şöbənin saxlanılması xərclərinin icrasına dair həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı təsdiq edib.

"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verilmiş, bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş stajları haqqında məlumatlar, ailə başçısını itirməyə görə əmək pensiyası təyinatı aparılarkən əmək qabiliyyətsiz ailə üzvlərinə pensiya təyin olunub-olunmaması ətraflı araşdırılmadan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı zamanı güzəştli iş stajı tam dəqiqləşdirilmədən və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb.

Aparılmış audit nəticəsində sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsində, habelə həmin işlərin mərkəzləşdirilmiş xüsusi proqram təminatına işlənilməsində bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib. Belə ki, müavinət işlərinə bir sıra hallarda zəruri sənədlərin, o cümlədən etibarlılıq müddəti bitmiş şəxsiyyəti təsdiq edən sənədlərin yenisinin surətlərinin əlavə edilməməsi halları aşkar edilib. Mərkəzdə real vaxt rejimində fəaliyyət göstərən proqram təminatında bir çox hallarda müavinət işlərinin dayandırılması səbəbləri göstərilməyib, müavinət alan şəxslər barədə məlumatlar tam daxil edilməyib, sosial müavinət alan şəxsin yaşayış yerinin dəyişməsi və yaxud əmək pensiyası almaq hüququnun yaranması ilə əlaqədar sosial müavinət işlərinin köçməsinin qeydiyyat jurnalındakı bağlanma tarixləri ilə müavinət işinin bağlanma tarixləri arasında uyğunsuzluqlar mövcud olub.

Auditin gedişində ünvanlı dövlət sosial yardımının (ÜSY) Vahid elektron müraciət və təyinat alt sistemi (VEMTAS) vasitəsilə ÜSY təyinatının düzgünlüyünün araşdırılması məqsədilə Nazirliyin internet saytındakı adlı siyahıdan seçmə qaydada 53 ÜSY işi üzrə monitoriq təşkil edilib. Monitorinq zamanı ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, müraciət etmiş ailənin tam fərqli ünvanda yaşaması və ya qeydiyyat ünvanında ailəni tanımayan vətəndaşların yaşaması, ailə başçısının itirilməsinə görə əmək pensiyası, həmçinin güzəştlər qismində sosial müavinət alan şəxslərin VEMTAS tərəfindən üzrlü səbəbdən işləməyən şəxslər kimi qəbul edilməsi kimi ümumi nöqsanlarla yanaşı, ümumi ev təsərrüfatında olan ailələrin ayrılıqda təqdim etdikləri elektron müraciətlərində göstərdikləri eyni ünvan və eyni elektrik sayğacı nömrəsinin, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara rast gəlinib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti