"Mirzə Cəlil özünü qorumaq üçün tapança gəzdirirdi" - Həmidə Məmmədquluzadə

17-07-2017, 17:18
Oxunub: 995
"Mirzə Cəlil özünü qorumaq üçün 371966 nömrəli kiçik tapança gəzdirirdi"


"Molla Nəsrəddin" jurnalı... Hamımız hələ də aktual olan bu jurnaldakı karikaturalara baxıb gülür, Cəlil Məmmədquluzadənin öz dövrü üçün çox böyük işlər gördüyünü deyirik, amma heç birimiz bu jurnalın hansı çətinliklərlə ərsəyə gəldiyi və onun ailəsinin hansı təhdidlərlə üzləşdiyi barədə heç düşünmürük.

Cəlil Məmmədquluzadənin ərsəyə gətirdiyi bu jurnalda karikaturalar, məqalələr, kəskin tənqidlər yer alırdı və həmin karikaturalardan çap olunan məqalələrdən bəziləri din xadimlərini qəzəbləndirirdi. Məhz buna görə də onlar Mirzə Cəlilin öldürülməsi üçün ölüm fətvası imazılamışdılar. Çap olunan "Molla Nəsrəddin" jurnalı onun həyatı bahasına başa gələcəkdi. 

Bütün çətinliklərə rəğmən o xalqı maarifləndirmək məqsədindən əl çəkməyib və bu yolda qətiyyətlə irəliləyib. Həyat yoldaşı Həmidə xanım Məmmədquluzadə həmin günləri belə xatırlayır:

- Jurnalın 1908-ci il yanvar ayının 20-də çıxan üçüncü nömrəsində Nəcəf müctəhidlərinin karikaturası buraxılmışdı. Bu, ruhaniləri qəzəbləndirmişdi, hər tərəfdən təhdidlər və söyüşlər yağırdı. Nəcəf müctəhidləri Mirzə Cəlili ölümə məhkum edən fitva imzalamışdılar. Bu fitvada deyilirdi ki, kim Cəlil Məmmədquluzadəni öldürsə, onun yeri cənnətdir. Fitvanın bir nüsxəsini Mirzə Cəlilin özünə göndərmişdilər.

Jurnalın həmin il fevral ayının üçündə çıxan beşinci nömrəsində Bakı mollalarından Məmmədəminin karikaturası buraxılmışdı. O, Hacı Cavad məscidində minbərdə oturub, sağ əlində Quranı, sol əlində isə murdar olduğu üçün barmaqlarının ucu ilə “Molla Nəsrəddin” jurnalını tutmuşdu, ağlaya-ağlaya onu buraxana lənət oxuyur, müsəlmanları kafirlərdən qisas almağa çağırırdı. Bu karikaturaya görə Bakı müsəlmanları min nəfərin imzası ilə canişinə ərizə göndərib, “Molla Nəsrəddin”i bağlamağı, dinə sataşan məlunu cəzalandırmağı tələb edirdilər. Bakılılar bununla kifayətlənməyərək Mirzə Cəlili öldürmək üçün Tiflisə üç nəfər cani göndərmişdilər. Mirzə Cəlilin dostları bunu eşidən kimi Tiflisə xüsusi adam göndərmişdilər ki, onu xəbərdar etsin.

Həmin günlər Tiflisdə İrəvanski meydanının yaxınlığında, Sololak küçəsində üç tapança ilə silahlanmış, yapıncıya bürünmüş şübhəli bir adam tutmuşdular. Məlum olmuşdu ki, o, bakılıların göndərdiyi canilərdən biridir.

O zaman Mirzə Cəlil özünü qorumaq üçün 371966 nömrəli kiçik tapança gəzdirirdi. Mən həmin tapançanı mən muzeyə vermişəm.

Həmidə Məmmədquluzadə "Mirzə Cəlil haqqında xatirələrim"
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti