"Musiqini insanlara sevdirmək üçün işinin ustası olmalısan"

17-07-2017, 14:53
Oxunub: 124
"Mən pozitivliyimi sakit musiqilərdə tapıram"


‘’Gənc-Gələcək” layihəsinin növbəti müsahibi gitara ifaçısı Həzrət Məmmədrzayevdir. O, bu işə həvəskar yanaşsa da, kifayət qədər bacarıqlı və istedadlı gəncdir.

Etatist.com bu müsahibəni sizə təqdim edir:

"GƏNC - GƏLƏCƏK" LAYİHƏSİ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

- Özünüzü təqdim edin.
- 1997-ci ildə Qobustan şəhərində anadan olmuşam. Uşaqlıq illərində sakit və özünəqapalı biri olsam da, hazırda hər kəslə rahat ünsiyyət qurmağı bacarıram. Əylənməyi, gülməyi sevən, həyata pozitiv baxan biriyəm.

- Hazırda harda təhsil alırsız?
- İstədiyim universitet arzum reallaşmasa da, 5 nömrəli Bakı Turizm peşə liseyini fərqlənmə ilə bitirdim və hotellərin birində işlə təmin olundum.

- Gitaraya həvəsiniz necə yarandı?
- Əslində bütün alətlərə həvəsim var. Gitaraya marağım isə bir filmdən sonra yaranmağa başladı. Eyni zamanda ətrafımda xeyli gitara ifa edən dostlarımı görüb gitara almağı qərara aldım. Gitaramın adını isə “Portağal” qoydum və fərdi olaraq öyrənməyə başladım.

- Musiqini, eləcə də gitarı insanlara sevdirmək və maraq yaratmaq üçün nələr edilməlidir?
- Fikrimcə, insan musiqini öz ruhu ilə sevməlidir. Musiqini insanlara sevdirmək üçün işinin ustası olmalısan. İnsanlar sənə baxıb ilham almalıdır. Mən hələ ki, bu işin ustası olmasam da, məncə, gitaranı insanlara sevdirməyi bacarmışam.

- Gitardan əlavə rubik kubu yığma qabiliyyətiniz də var. Bu istedadı necə kəşf etdiz?
- Bunu istəyən hər insan bacara bilər. Bu işə səbəb məqalədə oxuduğum məlumat oldu. Rubik kubu yığmaq yaddaşı gücləndirir. 4 ildir bu işlə məşğulam və yaddaşımda güclü irəliləyiş var. Hətta bəzən mənə “Kubik Həzrət”də deyirlər. Bunu etmək istəyən insan ilk öncə inadkar olmalıdır. İnsan hər şeyə qadirdir.

- Qayıdan musiqiyə... Musiqinin sizin həyatınızda rolu nədən ibarətdir?
- Musiqi dinləmək və eyni zamanda ifa etmək əvəzedilməz hissdir. Mən pozitivliyimi sakit musiqilərdə tapıram. Musiqi həyatımızın hər anında bizimlə olur və bu səbəbdən həyatımızda rolu da böyükdür.

- Həyatdakı məqsədiniz nədir?
- Rubik kubu ilə dünya rekordu qırmaq, insanlara musiqini sevdirmək və ən əsası insanlara hər zaman yardım edərək pozitiv biri olaraq qalmaq.

- Bu sahədə addımlamaq istəyən gənclərə sözləriniz?
- Qarşınıza məqsəd qoyun və nail olana kimi o yoldan dönməyin. İnadkar və əzmli olun ki, zirvədə qalasız.
Nigar Həsənova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti