"Çalışıram ki, əsərlərimin hansısa fəlsəfi ideyası olsun" - VİDEO/MÜSAHİBƏ

16-07-2017, 12:54
Oxunub: 1059
"Musiqi də nağıl kimidir"


"İndi Azərbaycanda keyfiyyətli musiqi yoxdur" sözlərini çox eşidirik. Amma biz tanımasaq da, Azərbaycanda da gənc, istedadlı, beynəlxalq layihələrdə yer tutan musiqiçilər, bəstəkarlar da var. Onları tanımamağımızın günahkarı biz dinləyicilərik, yoxsa həmin musiqiçilərin özü? Bu sualı günlərlə müzakirə etsək də, heç bir nəticəyə gəlməyəcəyik.

Əslində "Gənc-Gələcək" layihəsinin də məqsədi budur: Gənc istedadları Azərbaycan insanına tanıtmaq. Layihəmizin bugünkü müsahibi gənc bəstəkar, beynəlxalq müsabiqələrin qalibi olmuş Arzu Abbasovadır.

"GƏNC - GƏLƏCƏK" LAYİHƏSİ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

Etatist.com sözügedən müsahibəni təqdim edir: 
- Zəhmət olmasa izləyicilər üçün özünüzü təqdim edin.
- Mən, Arzu Abbasova. Hal hazırda ADA Universitetinin beynəlxalq münasibətlər üzrə 2-ci kurs tələbəsiyəm. Eyni zamanda bəstəkarlıqla da məşğul oluram. Şaroyev adına 11 illik musiqi məktəbinin bəstəkarlıq fakültəsindən məzun olmuşam.

- Neçə yaşınızdan musiqi ilə məşğul olursuz?
- Ümumiyyətlə, hardasa 3-4 yaşlarımdan musiqiyə marağım var idi. Ancaq 5-6 yaşlarıma doğru 39 saylı məktəbin 1-ci sinfinə daxil olmuşam, pianino ixtisası üzrə. 7 illik diplomumu da oradan almışam. Həmin məktəbi qırmızı diplomla bitirmişəm oranı. Sonra Şaroyev adına məktəbin bəstəkarlıq fakültəsinə daxil oldum, 2016-cı ildə də oranın 11 illiyini bitirmişəm.

- Dediniz ki, musiqi ilə uşaqlıqdan məşğul olursunuz. Bəs nəyə görə tamamilə fərqli ixtisas seçmisiz?
- Bu sualla tez-tez qarşılaşıram. Uşaqlıqdan özümü beynəlxalq münasibətlər sahəsində görürdüm. Ona görə də öz arzularımı reallaşdırmaq üçün bunu seçmişəm və çox oxumaq istədiyim sahədir. Bəstəkarlığı isə hal hazırda ikinci sənət kimi professional şəkildə davam etdirirəm.

- Ən çox hansı musiqiləri dinləyirsiz?
- Mənim yazı üslubum da klassikdir. Ona görə də istər-istəməz klassik musiqi dinləyirəm. İndiki gənclərin nümayəndəsi olaraq təbii ki, müasir musiqi - pop və s. dinləyirəm.

- Sizcə, nəyə görə Bethoven, Motzart və başqa bu kimi bəstəkarlar bütün dünyada hər zaman dinlənilir, sevilir. Onları xüsusi edən nədir?
- Çox versiyalar ola bilər. Hər kəsin öz fikri var. Mənim fikrimcə, Bethoven, Motzart və bir sıra digər sənətkarların adlarını çəkə bilərik ki, onlar daha çox musiqinin klassizm dövründən gələn bəstəkarlardır. O dövrdə, saray musiqisi dövründə yazıb, yaradıb, yaşamışdılar. Musiqi insanların qulaqlarına o qədər həkk olmuşdu ki, bu günə qədər də onun davamı gəlir. İnsanlar qulaq asmaqdan yorulmurlar. Məncə, musiqidə əsas budur ki, elə bir musiqi yazmaq, yaratmaq lazımdır ki, insanlar o musiqidən bezməsinlər, yorulmasınlar. Bu da hazırda qarşımızda olan ən çətin məqsəd bütün insanlara xitab edən, qulaq asmaqdan yorulmayacaqları bir musiqi yazmaqdır.

- Əvvəl istedadlı gənclərin tanınması daha asan olurdu. İndi isə əksini görürük. Məsələn, bir musiqiçi ancaq musiqiçilər arasında tanınır. Sizcə, bunun səbəbi nədir?
- İndi Azərbaycanda istedadlı insanlar çoxdur. Sadəcə onların üzə çıxarılması çox çətin bir məsələ, həm də ox uzun prosesdir. Çoxlu istedadlar olanda rəqabət də böyüyür. Hər kəs özünü daha da yaxşılaşdırmağa, təkmilləşdirməyə çalışır. Əslində bu bir tərəfdən yaxşıdır. Artıq istedadlı dediyimiz adamlar həmin rəqabət apardıqları vaxt dövründə proffesionallara çevrilirlər. Əvvəl çoxluqda 1 ya 2 insan istedadlı ola bilərdi və tapdıqları ən xırda istedadı belə böyüdürdülər. İndi isə istedadlar çox olduğuna görə, təbii olaraq rəqabət böyüyür, ona görə də üzə çıxmaları çətinləşir.

- Ən böyük hədəfiniz nədir?
- Mənim məqsədlərim çoxdur. Ona görə də ən böyük olanı ayıra bilməyəcəm. Amma ümumiləşdirsək, ən böyük məqsədim, əlbəttə ki, Azərbaycanı təmsil etməkdir. İstər bəstəkarlıq, istər beynəlxalq münasibətlər sahəsinin əsas cəhətini Azərbaycanı təmsil etməkdə görürəm. Bəstəkarlıqda, beynəlxalq konfranslarda - bunlarda bizim tək məqsədimiz Azərbaycanın bayrağını uca tutmaqdır. Ən böyük məqsədim də bu işi layiqincə yerinə yetirə bilməkdir.

- Hər bir sahədə çalışan insan üçün kitab oxumaq vacibdir. Bəs siz mütaliə etməyi sevirsiz?
- Əlbəttə, mütaliə edirəm və bunun çox vacib olduğunu düşünürəm. Dünyada mütaliə etmək səviyyəsi getdikcə azalır. Bu da pis bir göstəricidir. Mən çox mütaliə edirəm. Çünki bu mənim iki sahəmdə də çox önəmli rol daşıyır. Çalışıram ki, musiqilərimi hansısa fəlsəfəyə uyğun yazım. Musiqi kreativlik istəyən sahədir. Baza bilikləri, yetəri qədər dünyagörüşü olmalıdır ki, yeni, maraqlı musiqilər yarada biləsən, insanlara ideya aşılamağa çalışasan. Bu ideyaları, dünyagörüşünü tapmaq üçün ən əsas yol kitab oxumaqdan keçir.

- Həm universitetdəki dərslər, imtahanlar, həm bəstəkarlıq... Bunlar bir yerdə çətin olmur?
- Hər işin çətinlikləri var, amma insana vediyi sevinc hissi də var. Mən bəstəkarlıqla, musiqi ilə məşğul olmağı heç vaxt atmayacam. Ona görə ki, musiqi məni bir növ rahatlaşdırır, üstümdəki gərginliyi qaldırır. İmtahan vaxtlarında musiqi yazmaq prosesi daha gec olur, daha çox imtahana köklənirsən, amma yenə də musiqi elə bir şeydir ki, imtahanın ən sterssli vaxtında belə pianinoda nəsə çalırsan və o sənin stressini azaldır.

- Bəlkə, siz bu sualı çox eşitmisiz: Sənət sənət üçündür, yoxsa cəmiyyət üçün?
- Məncə, sənət cəmiyyət üçündür. Musiqiləri yazırıq ki, insanlar başa düşsünlər, həzz alsınlar. Yaxud da sadəcə qulaq assınlar. Ona görə də istər-istəməz sənət cəmiyyət üçündür. Məsələn, bir insan kitab yazır, ancaq özü oxuyursa, o kitabın heç kəsə xeyri yoxdursa, kitab heç bir mahiyyət daşımır. Fərqi yoxdur, içərisində nə qədər qiymətli sözlər, maraqlı məlumatlar var. Yazıçıya lazımdır ki, onu insanlar oxusun, öz fikirlərini oxuyanlara aşılaya bilsin.

- Bəs cəmiyyət, kütlə sənəti qəbul edir? Məsələn, biz bayağı musiqi yazanlara haqq qazandırmalıyıq buna görə? Cəmiyyət onları qəbul edir.
- Cəmiyyətin hansı musiqini eşitməsi onlara daha çox nə veririk ondan da asılıdır. ADA-da sədr olduğum musiqi klubunda 1 il müddətində 4 konsert keçirdik. Bu konsertlər də müxtəlif növ oldular. Məsələn, qanun və pianino gecəsi, Azərbaycan musiqisi və s. Bunları keçirəndə insanlara maraqlı gəlir, gəlib dinləyirlər. Görürlər ki, bu, dəyər veriləcək musiqidir. Bizdə belə konsertlər çox olur və artıq kütlə də gəlir. Bir neçə dəfə eşitdikdən, bəyəndikdən sonra onlarda həvəs yaranır.

- Dalğalar çox şiddətli olur. “Dalğaların rəqsi” musiqisi isə çox həzindir. Bunlar bir-biriylə necə harmoniya təşkil edir?
- Dalğaların şiddətli olduğu kimin baxmasından asılıdır. Ayvazovski, əsasən, dənizi, dalğaları çəkir. Mən onun tablolarını çox bəyənirəm. Maraqlısı budur ki, rəsmlərin heç biri bir-birinə bənzəmir. Xırda motivlə də olsa, hamısı bir-birindən fərqlidir. Ümumiyyətlə, mənim də əsərlərimin bir mənası var. Xəzər dənizində dalğaların çox şiddətli, ya da sakit olduğu vaxtlar olur və mən sakit olanda daha çox sevirdim. Əsəri yazanda da ondan ilhamlanıb yazmışdım.

- Deyirsiz ki, hər əsərinizdə bir məna var. Bu məna nədir, insanlara nəyi çatdırmaq istəyirsiniz?
- Mənim bütün əsərlərimdə əsas aşılamaq istədiyim multikulturalizm və  sülh ideyalarıdır. Bütün hamısını iki başlıq altında birləşdirsək, bu başlıqları seçərdim. Çalışıram ki, əsərlərimin hansısa fəlsəfi ideyası olsun. Musiqi də nağıl kimidir. İlin əvvəlindən sonuna qədər bir hekayəni insanlara çatdırmağa çalışırsan. Orda verilən istər gərgin, istər həzin musiqi olsun hamısının mənim üçün bir mənası var.

- Azərbaycan xalqı Üzeyir Hacıbəyovu yetişdirdi, o, insanlara ilk operanı, dövlət himnimizi verdi, Faiq Sucəddinovu yetişdirdi, o, “Vətən balladasını”,  Fikrət Əmirov “Azərbaycan kapriççiosu”, Qara Qarayev “İldırımlı yollarla”nı verdi Azərbaycan xalqına. İndi Azərbaycan xalqı Arzu Abbasovanı yetişdirir. Bəs o bizə nə verəcək?
- Mən hələ söz verə bilərəm ki, Azərbaycanın bayrağını uca tutacam.
İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti