"Deməzdim ki, hansısa kitab həyatımı dəyişib" - Oxucudan müsahibə

15-07-2017, 13:56
Oxunub: 4270
"Fikrimcə "Qandinin liderlik fəlsəfəsi" hər kəsin oxumalı olduğu kitabdır"


Etatist.com və "Kitabıstan"ın birgə layihəsi olan "Oxucudan müsahibə" davam edir. Bu dəfəki müsahibimiz jurnalist Türkan Bəşirdir.

Etatist.com sözügedən müsahibəni təqdim edir.

- Oxuduğunuz ilk kitab hansı olub?
- Aşağı siniflərdə oxuduğum vaxtlarda "Kapitan Qrantın uşaqları", "Qulliverin səyahəti" və s. bu tipdə əsərləri oxumuşdum. Amma daha ciddi kitablar oxumağa qərar verəndə ilk seçimim Xalid Hüseynin “Çərpələng uçuran” əsəri olub.

- “Çərpələng uçuran” əsəri sizə nə öyrətdi?
- Bu əsəri müəyyən qədər uğurlu başlanğıc sayıram. Çünki gözlədiyimdən daha fərqli, daha təsirli mövzuda idi. Yadımda qalan əsas hissə bu fikir idi və əsəri çoxdan oxumuş olsam belə tez-tez yadıma salıram: "Oğurluq - bağışlanmayacaq tək cinayətdir, bütün günahların özəyidir. Bir insanı öldürəndə onun yaşamaq haqqını oğurlayırsan. Yalan danışanda onun həqiqəti bilmə haqqını oğurlayırsan. Bir insanı aldadanda onun doğruluq və ədalət haqqını əlindən alırsan. Oğurluqdan daha böyük bir pislik yoxdur”.
Mənə elə gəlir ki, bu cümlələr insanın həyat prinsiplərinə təsiredici gücdədir. Öyrəndiyim ən dəyərli hissə bu idi.

- Müasir Azərbaycan yazıçılarından kimləri oxuyursunuz?
- Demək olar ki, müasirləri oxumamışam.

- Sizcə Azərbaycan gənci onunla həmyaşıd yazarları niyə oxumur?
- Məncə, etibar etmirik. Qorxuruq ki, gözlədiyimizi ala bilməyəcəyik. Bəlkə birtərəfli və yanlış yanaşmadır, amma real səbəbdir.

- Kitab oxumaq sizə nə verib?
- Əsərlərin əsasını insanın daxili aləmi, düşüncələri və s. təşkil edir. Məncə, hər insan bir kitabdır. Oxuduqca içimdəki "kitabı" anlayıram. Tək özümü yox, həm başqalarını, həm də ətrafı...

- Sizcə kitab oxuyan gənclər kitabsız gənclərə nəyə görə uduzur?
- Oxumaq insanın düşüncəsini, həyata və hadisələrə baxış bucağını genişləndirir. Kitab oxumayan insanlar dünyaya yalnız kiçik bir pəncərədən baxırlar və o qədər çox şeydən məhrum olurlar ki, uduzmamaq mümkün deyil.

- Həyatınızı hansı kitab dəyişib?
- Deməzdim ki, hansısa kitab həyatımı dəyişib. Sadəcə təsirləndiyim və müəyyən qədər özümü gördüyüm obrazları olan əsərlər olub.

- Ən çox hansı obrazda özünüzü görmüsünüz?
- Daha çox öz hissləri ilə "mübarizə" aparan, müəyyən qədər də bilincli şəkildə öz ağlını hisslərinə qurban verən bir neçə obraz var ki, çox vaxt onların mənim bədiiləşmiş obrazım ola biləcəklərini fikirləşirəm. Tolstoyun Anna Karenina, Dostoyevskinin Nastasya Filippovna obrazları buna ən yaxın nümunələrdir.

- Hislərə daha çox əhəmiyyət verirsiniz?
- Həyatımı hislər üzərində qurmuşam. Yaxşı bir şey olmadığını bilirəm. Arada fikirləşirəm ki, mənim də sonum o obrazlar qədər dəhşətli olacaq? Ədəbiyyatda çox təhlil edilən, hətta əksəriyyət tərəfindən qınanılan obrazlar olsalar belə, mən hər iki obrazı çox bəyənirəm və ən əsası da onları başa düşürəm.

- Bəs indi hansı kitabı oxuyursunuz?
- İndi “Qandinin liderlik fəlsəfəsi” kitabını oxuyuram. Hər kəsin oxumalı olduğu kitabdır, fikrimcə.

- Özünüzü “Kitabıstan” vətəndaşı hesab edirsiniz?
- Oxumalı olduğum bu qədər kitab varkən, sadəcə “Kitabıstan” vətəndaşı olmağa cəhd edən biri sayıla bilərəm.
Nicat Həşimzadə
Kitabıstan
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti