"Dövlət xalqın iradəsinin nəticəsi kimi təsəvvür edilməlidir" - İtaliya tarixinə baxış

14-07-2017, 16:02
Oxunub: 110
"Amerikaya adını verən ispan dənizçi Ameriqo Vespuççi əslən florensiyalıdı"


İtaliya dedikdə bir çoxumuzun ağlına ilk növbədə onun tarix boyu keçdiyi yollar gəlir. Bəs İtaliya tarixdə necə iz qoyub? Bizim xalqımızla italiyalılar arasında nə kimi fərqliliklər var?

Bu barədə Etatist.com-un “Ölkələr” layihəsi çərçivəsində Etatizm Akademiyasının direktor müavini Səid Əlizadə danışıb. Onun sözlərinə görə İtaliya tarixi baxımdan Avropanın ən qədim ölkələrindən biri olmasına baxmayaraq, müasir dövlətçilik ənənəsinə görə digər Avropa dövlətlərindən bir qədər geri qalır:

"Bu, İtaliyanın sosial həyatında öz nəticələrini ciddi şəkildə əks etdirir. Hələ öz zamanında Makiavelli dağınıq italiyan knyazlıqlarının  birləşməsindən yazsa da, bu prosesin öz əksini tapması əsrlər almışdı. Buna yol açan bir neçə faktorlar var. İnkişafın açarı olan intibah İtaliyada başlamasa da, onun dindən kəskin uzaqlığı birbaşa Romada hakimiyyətdə olan Papanın nüfuzuna qarşı gələ bilmədi. Buna görə də renesans və reformasiyanın bayraqdarları Şimali və Qərbi Avropa xalqları oldu. İtaliya torpaqlarının nəinki ayrı-ayrı knyazlıqların, eyni zamanda böyük imperiyaların tərkibində olması geri qalmanın başqa səbəbi hesab oluna bilər. Belə ki, Cənubi İtaliya bütövlükdə İspaniya İmperiyasının tərkibində idi. Şimal-Qərbi və Şimal-Şərqi İtaliya torpaqları üzərində isə müvafiq olaraq Fransanın və Avstriyanın iddiaları davam edirdi. Digər səbəblərdən biri də iqtisadi geriləmə idi.

"Dövlət xalqın iradəsinin nəticəsi kimi təsəvvür edilməlidir" - İtaliya tarixinə baxış

Dünya ticarət yollarının Aralıq dənizindən Atlantik okeana keçməsi ilə İtaliya şəhər dövlətlərinin sürətli müflisləşməsi baş verdi. Bununla bir çox istedadlı dənizçilər İspaniya və digər Qərb ölkələrinə immiqrasiya etməyə başlayırlar. Təsadüfi deyil ki, Amerikaya adını verən ispan dənizçi Ameriqo Vespuççi əslən florensiyalıdır. Bütün bu faktorlar İtaliyanın digər Avropa dövlətlərindən geri qalmasına səbəb oldu və bizə çox bənzəyən bu xalq yalnız 1870-ci ildə birləşə bildi.
Birləşdikdən sonra belə, bölgəbazlığın ardı-arası kəsilmirdi. Donanmada (italyanlar dənizçi xalqdırlar) Sardiniya, Venesiya və Siciliyadan olan zabitlər arasındakı qarşıdurmalar İtaliyanın hərbi gücünə ciddi zərbə vururdu. Eyni hal quru qoşunlarında da yaşanırdı.

Efiopiya ilə 1895-1896-cı illərdə  baş vermiş müharibədə biabırçı məğlubiyyət italyan ordusunun zəifliklərini bütün çılpaqlığı ilə üzə çıxardı. Bütün bunları Azərbaycanın indiki vəziyyəti ilə paralellər apararaq nəzərdən keçirməliyik.

Biz artıq xanlıqlar dövrünü geridə qoymuş və birləşmişik. Lakin hal-hazırda qarşımızda ən az xanlıqlar dövrü qədər problemli situasiya mövcuddur. Əgər XIX əsrdə onlarla xan hakimiyyət davasında ölkəni pərən-pərən salırdısa, artıq milyonlarla yalnız və yalnız öz maddi marağını güdən "xancıqlar" peyda olubdur.

İtaliya xanlıq zehniyyətini rissordjimento (yenidən doğuş, intibah) ilə aşmağa çalışırdı. Onminlərlə insan yadellilərlə döyüşdə vətəni uğrunda könüllü iştirak edirdi. Bizim rissordjimentomuz isə ilk növbədə, yadellilərə qarşı deyil, çürük beyinlərə qarşı olmalıdır. Bu savaş amansız aparılmalıdır. Haqq qazandırdığımız hər korrupsiya aktı, göstərilən zəiflik, səssizlik ilk növbədə vicdana, sonra isə 9 milyon soydaşımıza vurulmuş zərbədir. Ona görə də belə məsələlərdə cəmiyyətə bir bütöv kimi yanaşıb, dövləti xalqın iradəsinin nəticəsi kimi təsəvvür etmək lazımdır. Yalnız o zaman kütlə vətəndaşlardan ibarət topluma çevrilir və dövləti özündən ayrı görmür.

"Dövlət xalqın iradəsinin nəticəsi kimi təsəvvür edilməlidir" - İtaliya tarixinə baxış

Əliyeva Günay
Etatist.com

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti