Masazırda sürüşmənin miqyası genişlənə bilər

11-07-2017, 16:46
Oxunub: 155
"Növbəti aylarda prosesin dinamikasında aktivləşmə proqnozlaşdırılır”


Masazır qəsəbəsində, “Zəli gölü” adlanan ərazidə çökmə və sürüşmə proseslərinin dinamikasında aktivlik qeydə alınıb.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib. O bildirib ki, son günlər növbəti baxış zamanı ərazidə qırılma xəttinin enində və hündürlüyündə dəyişikliklər baş verib ki, bu da prosesin aktivliyindən xəbər verir: “Hazırda proses aktiv fazadadır. İstənilən an sürüşmənin miqyası genişlənə bilər. Növbəti aylarda atmosfer yağıntılarının və digər amillərin təsirindən ərazidə prosesin dinamikasında aktivləşmə proqnozlaşdırılır”.

Dəstə rəisi qeyd edib ki, yerdə, torpaq qatında müxtəlif istiqamətli və ölçülü çatlar əmələ gəlib: “Həmin ərazi vulkan külündən təşkil olunub. Vulkan külləri də adətən ilin yağmurlu aylarında yağışların və texnogen mənşəli suların təsirindən yuyulmaya həssasdır. Bundan başqa, “Zəli gölü” yaxınlığında əhali məskunlaşarkən və evlər tikilərkən maili yamac şaquli kəsilib. Yamacın şaquli kəsilməsi isə texnogen amil kimi qiymətləndirilir. Bir neçə ay öncə “Zəli gölü” adlanan ərazidə həm atmosfer yağıntılarının təsirindən, həm də suların fiziki-mexaniki xüsusiyyətlərindən asılı olaraq bəzi sahələrdə uçqun, sürüşmə və çökmə (oturma) prosesləri baş verib. Hələ o vaxt ərazi yeni sürüşmə sahəsi kimi qeydə alınıb”. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti