Postmodern insan - passiv istifadəçi

9-07-2017, 16:36
Oxunub: 458
Kim olduğunu başqasının müəyyənləşdirməsinə icazə vermə


Böyük şəhərdə yaşayan, bağlanmadan, amma bağlantı içində yaşamaq istəyən bir insan var. Yeni “biz duyğusu”na sahib, yeni münasibət forması istəyən, hətta buna məcbur edən, həyatı başqa şəkildə, postmodern dərk edən.

Bəs, postmodern dedikdə nə başa düşülür? Bu yazıda fəlsəfi mənada postmodern anlayışından bəhs olunmur. Daha çox postmodern həyat formasından, stilindən söhbət açılır. Bəli, burada istifadə olunan “stil” formadan daha uyğun kəlimədir. Postmodern həyat stili müasir insanın aydınlanmasının vacib olduğu qanunları sorğulayar və bir sözlə, dəftərini büküb kənara atar. Əvvəllər doğru olduğu düşünüləndən indi şübhə edər. “Təbii” olanı, “ağla müvafiq” olanı, “sağlam düşünən insan anlayışına görə” olanı “dekodə” etmə, hamısının maskasını atma və nəticə olaraq gerçəkliyi ortadan qaldırmağın məqsədçisidir. Postmodern insan azad, müstəqil, qanunların sərhədləri olmadan öz həyatını özü müəyyənləşdirmək istəyər. Bu “mən”ə əsaslanma forması ona həzz verər. Freyddən bəri həzz həyatın mərkəzinə bu qədər çox yerləşməmişdi. Reiner Fank da türk dilində nəşr olunan “Mən və biz” də psixoanalitik baxış və postmodern fərdin düşüncə stili arasında qeyri-adi şəkildə paralellik qurur. Fanka görə, hər ikisi müasir yaşamı “dekodə” etmək və maskasını atmağı əsas məqsəd hesab edir. Fank Erik Frommun illər boyu katibi olub, o öləndən sonra isə əsərlərinin bizə gəlib çatması üçün redaktorluq etmiş psixoanalitikdir. “Mən və biz” Fankın frommçu baxış forması ilə dövrümüzün insanını incələməyə çalışdığı əsərdir. Yazının davamında adı çəkilməsə də, onun kitabından istifadə olunub. Postmodern insan formalaşdırdığı reallıqla vəhdət halına gələrək artıq gerçəkliyin özünə çevrilib yaşayarkən bu düstura sahib olur: “Sənin bir şey olmağının təzahürü özündən nəsə etməyindir!”. Postmodern insanın “cəmiyyətə uyğun” xarakteri cəmiyyətə uyğunluqdan çox-çox uzaqdır. Daim özü-özünə “kim olduğunu başqasının müəyyənləşdirməsinə icazə vermə” deyir. “Sən nəsənsə, osan”.

Postmodern insanın həyatında hər şey mümkün olmalıdır. Mümkünsüz heç nə yoxdur. Buna görə də olan hər şey qəbuludur. Mövcud olan hər şey axış halındadır. Heç kimin, nəyin yaxşı, nəyin pis, nəyin sağlam, nəyin xəstə, nəyin gerçək, nəyin saxta, nəyin gerçəyə uyğun, nəyin illüziya olduğunu söyləməyə haqqı yoxdur. Əsas olan tək şey gerçəkliyin “mən”i əsas tutaraq formalaşmasıdır. Reklamda da deyildiyi kimi “içindəki "sən"i sərbəst burax”. Sən bir insan surətində ola bilərsən, amma içindəki “gerçək sən” şir, pələng gücündədir. Bir şirin, ya da pələngin nələr bacaracağını, nələr əldə edə biləcəyini təxmin belə edə bilməzsən. Postmodern yaşam formasının ən doğru reklamı budur. Hər halda bu reklamı hazırlayanlar saysız mükafat qazanıb və içindəki gerçək “mən”i sərbəst buraxacaq qədər pul qazanmağa başlayıb.

Əgər diqqət etsək, görərik ki, “mən” əsaslı gerçəkliyin formalaşmasında aktiv olma halından söhbət açılır. Halbuki insanların çoxu belə formanın içində olmaq istəmir. Amma kənarlaşdırılmaq, kənara atılmaq da istəmirlər. Gerçəkliyi yaratmaq istəmir, amma yaradılan gerçəkliyin bütün nemətlərindən də faydalanmaq istəyirlər. Bu postmodern yaşam stilinə uyğun vəziyyətdir. Hər şey mümkündür. “Mən”ə əsaslanan gerçəkliyin içində yerləşmək, bu gerçəkliyin passiv istifadəçisi olaraq həzzin sərhədlərinə çıxmaq istəyirlər.

“Mən”ə əsaslanan postmodern gerçəkliyin yaradıcısı olmaq istəyənlərdən daha çox onun nemətlərindən yararlanmaq istəyən kütlə var. Ən əsası isə bizimki kimi hansısa bir şeyin yaradılmasının çox da mümkün olmadığı, hər şeyin, düşüncənin belə ancaq idxal edilərək tam formalaşmamış həyatımıza daxil edildiyi ölkələrdə. Kobud şəkildə buna “istifadəçi cəmiyyət” deyirik.

Passiv istifadəçinin arzusu yeni və fərqli olanın dadını çıxarmaqdır. Əlbəttə, aktiv postmodern fərd öz gerçəkliyini yaradarkən bağlantısız ola, özü istəmədiyi halda heç kimlə əlaqədə olmaya bilər. Halbuki passiv istifadəçi halındakı postmodern fərd vəziyyətinin tələbilə hələ içinə daxil ola bilmədiyi üçün xarici gerçəklik olaraq adlandıracağımız reallığa və digərinə möhtacdır. Amma bilirik ki, postmodern yaşam stilindən hər kəs nəsibini ala bilər. Yetər ki, lazımi qədər pulu olsun.

“Mən”ə əsaslanaraq yaradılan gerçəkliyə aid ola bilmək, onun bir parçasına çevrilmək üçün markalar var - dəbdə olan həftə sonu keçirmə formaları; şəhərə gələn və mütləq gedilməsi vacib olan tədbirlər; “Contemporary art”lar; Pera muzeyləri; klassik musiqi konsertləri və daha nələr-nələr... Heç bir şey anlamadan içindəki sıxıntını örtbasdır edib “həzz”lə izlədikləri teatr fesivallarındakı müasir oyunlar. “Buradayam” deyə bilmək üçün gedilən, edilən və nəticədə parçası olunan, “mən”ə əsaslanan postmodern həyat...

Beləliklə, digər insanlarla əlaqədə qalırlar. Əlbəttə, bağlı deyillər - naqilsiz ünsiyyət formasından bəhs edirik. Beləliklə, bağlı olmağın məsuliyyətini də üzərilərinə götürmək məcburiyyətində qalmazlar. Yeni bir “biz-duyğusu”ndan bəhs edə bilərik artıq; bir-birimizə uyğunlaşdığımız zaman çərçivəsində, bağlı olmadan bağlantıda qala bildiyimiz, həyatı paylaşaraq deyil, birlikdə istifadə etdiyimiz “biz”.

Bununla da, bağlı olmaq azad olmaq mənasına gəlir. Ortaq layihə davam etdiyi zamanda ünsiyyət qalır. Amma yeni “biz-duyğusu”nun arzu edilən əlaqəsizliyi ciddi dözümlülük istəyir. Sərhədsiz, yeni, fərqli gerçəkliklərə duyulan arzu, daha fantastik, daha gerçək, daha diqqətçəkici, daha eqzotik, xəbərdar edəndən həzz duymaq, sərhəd qoyucu, xəyal qırıqlığı yaradan, xəstə edən, aqressiv və qırıcı ola bilən insani və təbii çevrəyə qarşı duyulan hiss xüsusiyyətidir postmodern insanın. Təəssüf ki, "Ahh! Bu saat neçə nəfər oxuyar, onsuz da elə olmalı deyilmi?” - deyə öz-özündən soruşur...

Postmodern fərdin sosiallığı, ortaq maraq obyektinə sahib olduğu insanlara qarşı anlayışlı olmaq və yardım etmək, özü kimi olmayanı, başqasını yox saymaq formasındadır. Özü kimi olanı simvollarından tanıyır postmodern fərd. Markalar, tatuajlar, müvafiq sözlər, müəyyən olunmuş bar və kafelər. Başqasını içəri almamaq üçün cangüdənlər... Yağlardan qurtulma, əzələ düzəltmə və sair ilə formalaşan gözəllik anlayışı.

Bəs qoyulan bir sual da var: Psixoloji xidmət verən ofislər niyə dolub daşır? Həyat bu qədər doluykən insanı məhv edən bu “için boşluğu” duyğusu nədir? Əlbəttə ki, bu sualın cavabı insanın özündədir. Amma deyilə biləcək, ortaq olan və sair bu kimi şeylər olmalıdır. Elə deyilmi? Nümunə olaraq Uilhelm Reixin dedikləri: “Sevgi, çalışmaq və elm canımızın qaynağıdır. Beləliklə, həyatı onların idarə etməsi vacibdir”.

Alper Həsənoğlu
Tәrcümә: "Leviathan" klubu
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti