"Azərbaycanda “youtuber”lik az inkişaf edib" - Müsahibə

7-07-2017, 12:11
Oxunub: 613
""Youtube" ikinci iş olaraq qalacaq"


"Gənc-Gələcək" layihəsinin növbəti müsahibi gənc youtuber Həsənov Hüseyndir. O, bu işə demək olar ki, yeni başlasa da artıq "youtube" kanalında kifayət qədər izləyicisi var. O da dayanmadan çalışır və öz izləyicilərinə yeni videolar təqdim edir.

İnanırıq ki, Hüseynin "HuseynHD" adlanan youtube kanalında maarifləndirici sosial çarxlar və videolar da görəcəyik.

Etatist.com Həsənov Hüseynin "Gənc-Gələcək" layihəsi çərçivəsində verdiyi müsahibəni təqdim edir:

- Özünüzü təqdim edin.
- Mən Həsənov Hüseyn, 16 yaşım var və “youtuber”əm.

- “Youtuber” olmağa necə qərar verdiniz?
- Demək olar ki, 2015-ci ildən bu işlərə həvəsim var. “Youtube”da bəzi türk kanallarını izlədim və bundan sonra məndə də həvəs yarandı. Düşündüm ki, niyə Azərbaycanda belə fəaliyyət olmasın?..

- “Youtube” kanalınızda hansı tərzdə videolar paylaşırsınız?
- Kanalımda insanların marağını cəlb edəcək və əyləncəli videolar paylaşmağa çalışıram.

- Hazırkı dövrdə “youtuber” olmağın nə kimi çətinlikləri var?
- Digər ölkələrə nisbətən Azərbaycanda “youtuber”lik az inkişaf etdiyi üçün çətinliklərlə üzləşirəm. Demək olar ki, insanlar “Youtube”a üstünlük vermir, abunə olmur və ya az dəstək olurlar.

- Sevdiyiniz və ya kumir hesab etdiyiniz “youtuber”lər var?
- Təbii ki var. Türk “youtuber”lərdən Orkun Işıtmakın videolarını və “Kafalar” kanalının hazırladıqları videoları bəyənərək izləyirəm.

- Videolarınızın ideaları hardan qaynaqlanır?
- Əksəriyyəti öz beynimin məhsuludur. Bəzən bəyəndiyim maraqlı videoları çalışıram Azərbaycana uyğunlaşdırıb çəkim və kanalımda paylaşım.

- “Youtube” kanalınız üçün etdiyiniz və ya edəcəyiniz nə kimi çılğınlıqlar var?
- Aprel ayında dənizə girməyim və kanalımda paylaşdığım videoya 100 bəyəni gələcəyi təqdirdə saçımı keçəl edəcəyimi bildirmişdim. Nəticə olaraq, hazırda keçələm.

- Azərbaycanda “youtuber”liyin daha da inkişaf etməsi üçün nələr edilməlidir?
- Kanallara abunə olmaq, rəy yazmaq, paylaşmaq və bununla dəstək olmaq lazımdır ki, kanal sahibləri daha da həvəslənsinlər. İzləyici kütləsi önəmlidir.

- Gələcəkdə bu işlə bağlı planlarınız nədir?
- Bu işi hobbi kimi edənlər də var, pul qazandıqdan sonra əsas iş kimi görənlər də. Mənim gələcəkdə əsas işim olacaq, lakin “Youtube” ikinci iş olaraq qalacaq. Hədəfim çox abunə sayına malik olmaqdır və bunun üçün ağlımda xeyli ideya var.

- “Youtuber” olmaq istəyənlərə nə demək istəyərsiniz?
- Əsas olaraq çəkilməyən videolar hazırlamaq lazımdır. İlhamlandığınız “youtuber”lər olsun, lakin onu özünüzküləşdirməyə çalışın. Bu yolda irəliləmək üçün mübarizə aparsalar hədəflərinə çatacaqlar.
Nigar Həsənova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti