"Biz seçilmək üçün sənətə gəlirik" - REPORTAJ | FOTOLAR

3-07-2017, 14:51
Oxunub: 826
"Bizim teatrı canlı 3D teatrı adlandırıram"


Azərbaycanda Pantomima Teatrı 1994-cü ildə Bəxtiyar Xanızadənin rəhbərliyi ilə yaranmışdır. Hazırda xeyli tamaşaçısı olan teatr artıq 23 ildir ki fəaliyyət göstərir.

Teatrın çox da böyük olmayan binası istənilən insanın diqqətini çəkir. Bizə maraqlı gəldiyi üçün binanın tarixi ilə də maraqlandıq.

İndi Pantomima Teatrının yerləşdiyi bina 1900-cü illərdə tikilən sinaqoq olsa da, SSRİ dövründən teatr kimi istifadə olunur. Pantomima Teatrı isə bu binaya 2006-cı ildə köçürülüb.

"Biz seçilmək üçün sənətə gəlirik" - REPORTAJ | FOTOLAR

İçəri girdiyimiz zaman foyedə əyləşib tamaşanı gözləyən bir nəfər var idi. Ora-bura baxdığımızı görən mehriban, yaşlı bir qadın bizə yaxınlaşdı. Həmin vaxt rəhbərlikdən heç kəs olmadığı üçün oradan çıxıb bir az keçəndən sonra bir də qayıtdım. 


Elə bir neçə dəqiqə gözləmişdik ki, teatrın direktoru Elman Rəfiyev içəri daxil oldu. İş otağına keçdi. Bir müddət sonra isə həmin yaşlı qadın bizi çağırdı. Elman müəllimin kiçik iş otağına daxil olanda öz-özümdən “bu qədər əşyanı bu otağa necə yerləşdiriblər” – deyə soruşdum. Otağın içindən səhnəyə keçən qapı olduğu üçün buradan arabir sakit, bizə mane olmamaq üçün barmaqlarının ucunda gəzən aktyorlar keçirdi.

Elə sual verməyə hazırlaşırdım ki, Elman müəllim özü məni sual atəşinə tutdu. Bir az da qınayıcı tərzdə əvvəllər bu teatra gəlib-gəlmədiyimi soruşdu... Cavabım isə... “yox” idi.

Daha sonra Elman Rəfiyevin qınayıcı baxışlarının fonunda mən suallarımı verməyə başladım. Elman müəllim dedi ki, bu teatr 23 ildir var və bu, cəmiyyətdə Pantomima Teatrına maraq olduğunun göstəricisidir:

"Həm də burada dil məhdudiyyətinin olmaması da onun üstünlüyüdür. Azərbaycan dilini bilməyən insanlar da tamaşaya baxanda bilir ki, söhbət nədən gedir".

"Biz seçilmək üçün sənətə gəlirik" - REPORTAJ | FOTOLAR

Elman müəllim teatrın kiçik binası haqqında verdiyimiz suala isə özünəməxsus şəkildə cavab verdi: 


“Bizim teatrı canlı 3D teatrı adlandırıram. İnsan hər şeyi yaxından görür, hətta 5D də deyərdim. Çünki sən onun küləyini də hiss edə bilərsən”.

"İnsanların məni küçədə tanıması mənim üçün xoş olur"

Daha sonra isə sənətin missiyası haqqında bir sual ünvanladıq və geniş cavab aldıq. Elman müəllim bütün standart cavablardan kənara çıxaraq, bir az da səmimi şəkildə sənətə seçilmək üçün gəldiyini dedi: “Mən həmişə demişəm ki, bu sənətə seçilmək üçün gəlmişəm. Sənətimi sevmişəm, amma bu istəyin içində sevgi ilə yanaşı şöhrət də var. Yalandan danmayaq ki, “yox, mən şöhrətə görə gəlməmişəm”. Sənət öz yerində, amma danmayaq ki, biz sənətə seçilmək üçün gəlirik. Adi tamaşaçıdan, insandan, kütlədən. İnsanların məni küçədə tanıması mənim üçün xoş olur”.

Həmsöhbətimin gözlərinin bir qədər qızardığı nəzərdimdən yayınmadı. Sonra isə bu teatrın direktoru, aktyoru, adminstratoru, mətbuat katibi, həm də musiqi tərtibatçısı olduğunu öyrəndiyim zaman bu qızartıların da səbəbini başa düşdüm. Hər halda Elman müəllim nə qədər də sənətə seçilmək üçün gəldiyini desə də bu qədər işin məsuliyyətini götürmək üçün öz sənətini çox sevməlisən. Ən azından bu sevgi seçilmək ehtirasından qat-qat çox olmalıdır. Elman müəllim sonda işlədiyi teatrın onun üçün çox önəmli olduğunu qeyd edir və bildirir ki, “məni respublikaya tanıdan bu teatrdır”.

Bununla da Elman müəllimlə söhbətimizi yekunlaşdırıb aktyorların yanına getdik.

Daha sərin, amma qaranlıq olan otağa keçdik. Burada tamaşa vaxtı olacaq musiqilər seçilirdi. Teatrın aktyorlarından olan Nurlan Rüstəmov bizim gəlişimizi gözləmədiyi üçün bir anlıq duruxdu. Amma sonra vəziyyəti anladı və səmimiyyətlə suallarımızı cavablandırdı.

Teatrda 10 ildən çoxdur işləyən aktyor Nurlan Rüstəmov pantomimada danışıq olmasa da, aktyorun diksiyasının da mükəmməl olmalı olduğunu bildirdi. Onun fikrincə bədən dilimizi yaxşı qavramasaq, əsəri tamaşaçıya çatdıra bilmərik.

Digər bir həmsöhbətimiz isə aktyor Bəhruz Vaqifoğlu oldu. O, burada hər şeyin - sözün də, hərəkətin də olduğunu dedi. Başqa teatrlardan fərqi bütün hislərin, sözlərin çatdırılmasında pantomim hərəkətlərdən istifadə olunmasıdır.

"Biz seçilmək üçün sənətə gəlirik" - REPORTAJ | FOTOLAR

Teatra gəldiyimiz vaxtdan hər kəsin (Elman müəllimdən başqa) çox astadan danışması diqqətimi çəkmişdi. “Bəlkə də bunun səbəbi vərdişdir” – deyə düşünürdüm. Maraq güc gəldi və bu sualı Bəhruz Vaqifoğluna da ünvanladım. O, sualı eşidən kimi təəccübünü gizlədə bilmədi, gülümsədi. Əvvəlcə bunun cavabını bilmədiyini desə də, bir az sonra kulis mədəniyyətindən irəli gələn vərdiş olduğunu dedi.


Teatra gəlmişiksə tamaşaçılarla da söhbətləşməliyik deyib foyedə gözləyən bir tamaşaçıya yaxınlaşdıq. Pərvin Əşari adlı xanım tamaşaçı bu teatra uşaq vaxtı gəldiyini, indi isə çox həyəcanlı olduğunu dedi:

“İnanıram ki, tamaşa uşaq vaxtı olduğu kimi indi də maraqlı olacaq”.

"Biz seçilmək üçün sənətə gəlirik" - REPORTAJ | FOTOLAR

Gəlişimiz elə vaxta təsadüf etmişdi ki, aktyorlar təxminən bir neçə dəqiqə sonra başlayacaq tamaşaya hazırlaşırdılar. Söhbətimizi yekunlaşdırıb tamaşaya baxmağa hazırlaşdıq. Digər tamaşaçılar da yerlərində əyləşdilər. Əksəriyyəti yaşlı nəsil olan tamaşaçılar daha çox rus dilində danışırdılar. Öz aralarında söhbət edə-edə tamaşanın başlamasını gözləyirdilər. Tamaşanın başladığını bildirən səsi eşitdik və hər yer bir anda qaranlığa qərq oldu. Bir neçə yerdən gələn telefon işığından başqa heç nə görünmürdü. Çəkiliş aparan dostum və mən bir neçə şəkil çəkib gedəcəyimizi desək də, ilk səhnəcikdən sonra ikimiz də qalmağa qərar verdik. Səhnədə iki xanım çox göəl rəqs etdilər. Bəzən sinxron pozulsa da, qeyri-adi harmoniya içində idilər.

"Biz seçilmək üçün sənətə gəlirik" - REPORTAJ | FOTOLAR

Ümumiyyətlə, bütün səhnəciklərdə aktyorların ifaları zamanı üzlərində olan sevinc aydın görünürdü. Bu da onların sənətlərini həqiqətən sevdiklərinin sübutu idi.


Tamaşa bitəndə hər kəsin üzündə xoşbəxt gülümsəmə var idi. Onlar da buradan bizim kimi xoş təəsüratlarla gedirdilər. Həminki yaşlı qadın yenə bizimlə maraqlandı, işimizi bitirib-bitirmədiyimizi soruşdu. Ona təşəkkür edib redaksiyaya qayıtdıq. Amma yolda bir də Pantomima Teatrına getmək üçün plan qururduq. Bu dəfə jurnalist kimi yox, tamaşaçı kimi.

"Biz seçilmək üçün sənətə gəlirik" - REPORTAJ | FOTOLAR

İlkay Əliyeva
Faiq Azər
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti