Sabahdan müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

30-06-2017, 17:30
Oxunub: 528
Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər


Sabahdan Təhsil Nazirliyisisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılır.

Təhsil NAzirliyindən APA-ya verilən xəbərə görə, bu proses iyulun 14-dək davam edəcək. 

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçə bilər. İşə qəbul üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilər. 
 
Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər.
 
Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan yeniliyə əsasən ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.

Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti