Gəncədə peşə təhsilinin inkişafına dair ümumrespublika müşavirəsi keçirilib

30-06-2017, 14:43
Oxunub: 435
“Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi”


Bu gün Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi: görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda ümumrespublika müşavirəsi keçirilib.

Təhsil Nazirliyindən verilən xəbərə görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin müxtəlif regionlarında yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri çıxış edərək müəssisələrin mövcud vəziyyəti, tədrisin təşkili və keyfiyyətinin yüksəldilməsi imkanları, müəssisələrin infrastrukturunun təkmilləşdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, regionlardakı peşə təhsili müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması imkanlarından danışıblar.

“Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin rəhbəri Herman Sonneveld Avropa İttifaqı və Azərbaycan arasında peşə təhsili və təlimi sahəsində əməkdaşlıq nəticəsində layihənin komponentlərinin uğurlu icrasına ümid etdiyini bildirib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkənin davamlı inkişafının təmin edilməsi məqsədilə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlarda təhsil sahəsinin və onun tərkib hissəsi olan peşə təhsilinin mühüm yer tutduğunu bildirib. O qeyd edib ki, ölkə prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir.

Tədbirdə peşə təhsilində idarəetmənin təkmilləşdirilməsi, monitorinq, işəgötürənlərin peşə təhsilinə inteqrasiyası, peşəyönümü işi, yeni tədris resurslarının, kurikulumların hazırlanması və tətbiqi, habelə digər məsələlər müzakirə olunub, müəssisə rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti