"Fərdi inkişaf mövzusunda yazan yazıçıları sevmirəm" - Oxucudan müsahibə

27-06-2017, 12:55
Oxunub: 3749
""Yazıçı məni düşünüb bu kitabı yazıb" deməliyəm"


Kitabıstan oxuculardan müsahibə almağa davam edir. Bu dəfəki müsahibimiz Dilbər Qədiməliyevadır.

Qeyd: "Kitabıstan"ın məqalələr müsabiqəsi davam edir. Müsabiqədə iştirak etmək üçün BU LİNKƏ daxil ola bilərsiniz.

Etatist.com oxucu Dilbər Qədiməliyeva ilə müsahibəni təqdim edir:

- Dilbər xanım, Kitabıstan layihəsi lə tanışsınız?
- Maraqlı layihədir. Maraqlı olduğu qədər maarifləndiricidir. Bütün kitabseverləri bir araya toplamaq, onların fikirlərini öyrənmək böyük və müsbət addımdır.

- Oxuduğunuz ilk kitab yadınıza gəlir?
- Kiçik yaşlarımdan kitab oxumağa başladığım üçün yaşıma uyğun olaraq ilk oxuduğum kitab Azərbaycan nağılları olub. Amma təəssüf ki, nağıllarda baş verən bütün hadisələri unutmuşam. Çünki kitablarda sadəcə əfsanələr yer almışdı, uşaqların maariflənməsinə kömək edəcək heç bir hadisə yox idi.

- Bəs hansı kitablar sizi maarifləndirib?
- Təbii ki, maariflənməyimə kömək edən kitablar olub. Dostoyevskinin “Cinayət və Cəza” əsərinin adını çəkə bilərəm. Bu kitab özümü şəxsiyyət kimi dərk etməyimə kömək edib. Fikirlərimi təkmilləşdirən kitablardan biri Vaslev Havelin "Gücsüzlərin gücü" kitabı olub. Ümümiyyətlə oxuduğum kitablarda maariflənməklə yanaşı, mütləq o kitabda öz şəxsiyyətimi, fikirlərimi tapmalıyam. “Yazıçı məni düşünüb bu kitabı yazıb” deməliyəm.

- Sizcə Raskolnikov müsbət obrazdır?
- Raskolnikov dəyişkən obrazdır. Hətta bəzən kimilərinə görə nifrət ediləsi biridir. Amma mənim fikrimcə Raskolnikov müsbət obrazdır. Çünki o düşünməyi bacara bilirdi, tənha qalanda özünə sual verə bilirdi, şəxsiyyətini, kimliyini tapmağa çalışırdı, vicdan əzabı çəkə bilirdi. Əgər o əsərdə cinayət işlədibsə, buna səbəb Raskolnikov yox, cəmiyyət və cəmiyyətdəki qanunlardır.

- Bəs hansı yazıçıları sevmirsiniz? Hansı yazarları oxumağa peşman olmusunuz?
- Fərdi inkişaf və şəxsi artım mövzusunda yazan yazıçıları sevmirəm. Ümümiyyətlə, kitab seçməyə çox vaxt sərf edirəm, sonda oxuduğuma peşman olacağım kitablar seçmirəm. Buna görə kitab, onu yazan yazıçı haqqında çox maraqlanıram, vikipediyadan onun haqqında məlumat oxuyuram. F.Kafka deyir ki; "Əgər oxuduğumuz kitab bizi beynimizin ortasından vurulan zərbə kimi sarsıtmırsa, onda onu niyə oxuyasan..." Kafka bu sözü kitablara əsasən deyibsə, mən bunu yazıçılara da aid edirəm. Çünki kitabı ərsəyə gətirən onu yazandır. Kitab seçərkən məhz Kafkanın fikrinə əsasən seçirəm. Ona görə oxuduğuma peşman olduğum yazıçı yoxdur.

- Özünüzü hansı ədəbi obrazın yerində görürsünüz?
- Oqtay Eloğlu. Düşünürəm ki, xarakter baxımından Azərbaycan ədəbiyyatında güclü obrazdır. Ən əsası millətini düşünür, milləti üçün hər şey etməyə hazırdır. Mərddir. 

- Kitablar sizi xilas etməyi bacarıb?
- Fikrimcə heç bir kitab məni xilas etməyi bacarmayıb.

- Nə vaxtsa düşünmüsünüz ki, rədd olsun kitablar, daha onlara ehtiyacım yoxdur?
- Xeyr elə bir fikrim olmayıb. Düzdür kitab oxumadığım vaxtlar çox olub, amma heç vaxt "Rədd olsun kitablar" fikrində olmamışam.

- Sizcə Azərbaycan tarixində hansı qadınları müdrik hesab etmək olar?
- Ədəbiyyat və tarixdən oxuduğum qədəri ilə Nigarı, Sara Xatunu, Həcəri müdrik qadın hesab etmək olar. At belində, kişilərlə birlikdə vuruşan, düşmən qarşısında əyilməyən mərd qadınlar olublar.

- Kitabıstan səhifəsində ən çox bəyəndiyiniz paylaşım hansı olub?
- Kitab onluqlarını sevirəm. Xüsusi diqqətlə izləyirəm.

- Özünüzü Kitabıstan vətəndaşı hesab edirsiniz?
- Bəli hesab edirəm. Kitab oxuyan gənclərlə bir arada olmaq xoşdur.
Nicat Həşimzadə
Kitabıstan
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti