"Şəhərə çıxanda deyirlər ki, fotoaparatını da gətir" - MÜSAHİBƏ

24-06-2017, 15:20
Oxunub: 934
"Təkcə pozitiv fotolar yox, tarixi fotolar da çəkilməlidir"


Vüsalə Yunusova istər fotoqrafiya, istərsə də rəssam kimi çox istedadlı, bacarıqlı gənclərdəndir. Vüsalə xanımı "United colors of Azerbaijan" səhifəsi və Milli Fikir Mərkəzinin təşkil etdiyi "Fotoqraf kursu"ndan tanıyıram. Kursdan sonra daimi olaraq onun işlərini izləyirdim. Düşündüm ki, Vüsalə xanımı daha geniş kütlə tanımalıdır. Bunun üçün də onunla danışıb müsahibə aldım.

Mən Vüsalə xanımın fotoqraf və rəssam olduğunu bilirdim. Amma müsahibə zamanı öyrəndim ki, o, həm də musiqiçi, idmançı və tibb işçisidir.

Etatist.com "Gənc - Gələcək" layihəsi çərçivəsində rəssam, fotoqraf Vüsalə Yunusova ilə müsahibəni təqdim edir:

"GƏNC - GƏLƏCƏK" LAYİHƏSİ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

- Biz sizi fotoqraf kimi tanıyırıq, bəs siz özünüzü necə təqdim edərdiniz?
- Rəssam, musiqiçi, fotoqraf, tibb işçisi və idmançı.

- İdmanın hansı növü?
- Futbol. 2007-ci ildə tibb texnikumunda qız futbolçulardan ibarət komandalar arasında mini futbol təşkil olunmuşdu. Bizim təhsil müəssisəmizdən qızlardan ibarət iki komanda iştirak edirdi. Peşəkar futbolda 22 iştirakçı olur. Mini futbolda isə 14 iştirakçı olur – hər komanda da 7 oyunçu. “Şəfa” stadionunda digər təhsil müəssisələri ilə oyunlar keçirdik. Memarlıq və İnşaat, Rabitə Kollecləri ilə oynamışıq. Bir dəfə 2-ci yerə, bir dəfə də 3-cü yerə çıxmışıq. Həmin il Gənclər İli elan edilmişdi. Fəal iştirakımıza görə bizə Yasamal rayon icra başçısı tərəfindən təltifnamə təqdim olunmuşdu.

- Fotoqraflığa hobbi kimi yanaşırsınız, yoxsa sənət kimi?
- Əvvələr hobbi kimi baxırdım. Sonra daha da mükəmməlləşdirdim. İlk dəfə 7-ci sinifdə oxuyarkən telefonla foto çəkmişəm. O vaxtlar şəkillər plyonka ilə çəkilirdi. Mən də plyonka ilə çəkmişəm. Sonra isə rəqəmsal fotoaparatla çəkdim. Zamanla mükəmməlləşdirdim, daha sonra Fotoqraflar Birliyini tanıdım.

- Mütaliə etməyi sevirsiniz?
- Bəli, boş vaxtlarımda romanlar oxuyuram. Bakının tarixi ilə bağlı kitablar maraqlı gəlir. Manaf Süleymanovun Bakının tarixindən bəhs edən “Oxuduqlarım, gördüklərim, eşitdiklərim” adlı kitabı var. Yəni ki, Bakını, tarixini sevirəm. Nəinki Bakının, ümumiyyətlə, Azərbaycanın tarixini sevirəm.

- Hansı sahədə çalışmasından asılı olmayaraq insan zirvəyə çatmaq istəyir. Sizin üçün pik nöqtə varmı? Siz hansı zirvəyə çatmağa can atırsınız?
- İstər rəssamlıqda, istər fotoqraflıqda lider olmaq. Hansı peşəyə sahib olursansa ol, gərək öz işini mükəmməl biləsən.

- Fotoda ən çox nəyə önəm verirsiniz? Nəyi tutmağa çalışırsınız?
- Fotoqraflıqda əsas məsələ anı tutmaqdır. Sizdə təşkil olunan “Fotoqraf kursu”nda biz son dərsdə praktikaya çıxdıq. İçərişəhərdə əcnəbi uşaq somakatla sürüşəndə çəkilən foto anidən olmuşdu. Anidən foto çəkməyi sevirəm. Bu il multikulturalizm ili elan olunmuşdu. Bir avar məbədi var idi. Dağın başında yerləşir. Rayona gəzməyə getmişdik. Həmin vaxt multikulturalizmlə bağlı müsabiqə elan olunmuşdu. Həmin fotonu müsabiqəyə göndərdim. Həmin foto “1969” qalareyasında sərgidə nümayiş olundu.

"Şəhərə çıxanda deyirlər ki, fotoaparatını da gətir" - MÜSAHİBƏ

- Yəqin ki, dostlarınız çoxdur. “Gəl, məni çək” sözlərini çox eşitmisiniz?
- Bəli, çox olub. Adicə şəhərə çıxanda dostlar deyirlər ki, fotoaparatını mütləq gətir.


- Seçdiyiniz peşənin sizin həyatınıza müsbət və mənfi təsirləri olub?
- Ən çox maraqlandığım tibb, rəssamlıqdır. Onlardan da mənfi heç nə görməmişəm. Ancaq müsbət şeylər görmüşəm.

"Şəhərə çıxanda deyirlər ki, fotoaparatını da gətir" - MÜSAHİBƏ

- Mən əsl fotonun mənasının, ruhunun olduğunu düşünürəm. Sizin çəkdiyiniz fotolarda bu varmı?
- Bir dəfə “Tarqovu”da idim. Həm gəzinti, həm də çəkiliş üçün çıxmışdım. Fəvvarələr bağında fontan olan yerdə şəkillər çəkirdim. Sonra evdə şəkillərə baxanda gördüm ki, bir qız arxaya baxır, bir qız da önə doğru gedirdi, həmin anda göyərçinin qanadları qızın qanadıymış kimi görünürdü. Göyərçinin qanad hissəsi qızın kürəyinə düşürdü. Təxminən 20-25 yaşlarında bir qız olardı...


- Müharibəni çəkmək istərdinizmi?
- Müharibəni sevmirəm. Amma mövzu baxımından çəkmək olar. Təkcə pozitiv fotolar yox, tarixi fotolar da çəkilməlidir.

"Şəhərə çıxanda deyirlər ki, fotoaparatını da gətir" - MÜSAHİBƏ

- İstər nü, istərsə də fotolarda daha çox cinsəlliyin qabardılmasına necə baxırsınız?
- Belə baxanda normaldır. Sadəcə bizdə mentalitetə görə yaxşı qəbul edilmir, lakin xaricdə bu normal qəbul edilir.


- Əksər insanlar mənzərə çəkməyi sevir, bəz siz daha çox nə çəkməyi sevirsiniz?
- Həm mənzərə, həm portret, həm uşaqlar, anidən çəkilən fotolar... Bütün mövzuları sevirəm.

- Yəni fərqi yoxdur sizin üçün?
- Xeyr, fərqi yoxdur, sadəcə anı tutmaq mümkün olsun və düşündürücü foto olsun.

- Bəs sizin öz şəklinizi sizdən daha peşəkar çəkən olub?
- Bəli, olub. Məsələn, biz keçən il AFB ilə 8 mart günündə şəhər gəzintisinə çıxmışdıq. Orada güllərin ətrafında çox insan var idi. Həmkarımız Fərqanə Qasımova kənardan fotomu çəkmişdi. Kənardan çəkilən fotolar daha maraqlı alınır. Ümumiyyətlə, biz Fotoqraflar Birliyinin üzvləri ilə şəhər turları təşkil edirik. Məsələn, keçən il Lahıcda Foto Festivalın son günündə fləşmob keçirildi. Yəni canlı sərgi oldu. Sonra İsmayıllıya, ardınca heyvanları çəkmək üçün Şirvan dövlət qoruğuna getdik. Orada heyvanları çəkirdik.

- Yaxından çəkirdiniz? Qorxmadınız ki?
- Mənə elə gəlir ki, fotoqraf üçün fərqi yoxdur. Ekstremal fotolar çəkmək maraqlıdır.

- Elə olur ki, hansısa fotonu çəkəndə həmin fotonu hiss edəsiniz?
- Məsələn, qış peyzajını çəkəndə mənzərəsi soyuqluq yaradır insanda. Gərək o soyuqluğu hiss edəsən. Qış mənzərəsini təsəvvür edərkən, məsələn, “meşəlikdir, heç kim yoxdur, sakitçilikdir” kimi şeylər düşünürsən. Yaydırsa, bu zaman isti rənglər, dəniz, mənzərələr, gəmi, istirahətdir. Payızdırsa, yağış...

- Məsələn, Orxan Pamuk hər səhər qapını süpürən bir qadını yazmaq üçün səhərlər durub qapını süpürürmüş.
- Bəli, belə şeylər var. Yəni ki, həmin situasiyanı hiss etməlisən. İlk növbədə ideya baxımından bu vacibdir. Həmin fotolara baxanda insanda düşündürücü bir hal, yəni ki, fotoqrafın burada nə demək istədiyi barəsində düşüncələr yaranır.

- Çəkdiyiniz şəkillərlə cəmiyyətə çatdırmaq istədiyiniz bir ideya, fikir varmı?
- Bir dəfə İçərişəhərdə olanda Qız Qalası yaxınlığında geyim vitrinlərinin yanında idim. Diqqətimi bir vitrin çəkmişdi. Vitrindəki modellərin üzərində klassik geyimlər vardı. Ancaq modellərin baş hissəsi yox idi. Hava qaralanda işığı modelin baş hissəsindəki yoxluğa tutub foto çəkmişdim. Bu, mənim üçün düşündürücü hadisə idi.

İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti