"Mütaliə insanı yetkinləşdirir" - Oxucudan müsahibə

24-06-2017, 12:55
Oxunub: 3048
"Oxuduğumuz kitab yaşadığımız gündəlik hadisələr qədər sadə çərçivələrə malik olmamalıdır"


"Kitabıstan" oxuculardan müsahibə almağa davam edir. Bu dəfəki müsahibimiz ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsinin tələbəsi Ceyran Qasımdır.
_________________

Qeyd: "Kitabıstan" yeni məqalələr müsabiqəsi elan edib. Müsabiqəyə öz məqalənizi göndərə bilərsiniz. Qalib 100 manat mükafat və "Kitabıstan"ın fəxri dostu adına layiq görüləcək. 2-3-cü yerlərə də hədiyyələr olacaq. Əlavə məlumat üçün BU LİNKƏ daxil ola bilərsiniz.
_________________

Etatist.com sözügedən müsahibəni təqdim edir:

- Ceyran xanım, kitab oxumağa nə vaxtdan başlamısınız?
- 5-ci sinifdən.

- Mütaliə cəmiyyət üçün nə dərəcədə önəmlidir?
- Mütaliə insanı yetkinləşdirir. Həyatında önəm daşıyan hər şeyə yenidən başqa çərçivədən yanaşma şansı verir, anlayışını genişləndirir. Ən əsası, mütaliə hər mövzuya dəyərli məsləhətlərinlə rəng qatmağın üçün dünyagörüşü mənbəyidir. Kitabların yaxşısı da var, pisi də. Yaxşısından yararlanmaq dediyim xüsusiyyətlərə sahib edə, pisi isə tamamilə dəyişə, kəşf etdiyimiz "doğrular"a səbəb olmadan da inandıra bilər.

- Hansı yazıçıları oxumaq sizin qarşınızda yeni çərçivələr müəyyən edib?
- Dostoyevski, Hüqo. Onları anlamaq nə qədər çətin olsa da, insanı düşündürməyi bacarır. Əsas olan da budur. Oxuduğumuz kitab yaşadığımız gündəlik hadisələr kimi sadə çərçivələrə malik olmamalıdır.

- Hüqo sizə nə öyrədib?
- Hüqonun "Səfillər" romanını oxumuşam. Təbii ki, adi əsər deyil. Güclü olmağı, yaxşı insan olmağı, cəhd etməkdən qorxmamağı öyrətsə də, bunu hələ adət halına çevirə bilməmişəm. Çünki mükəmməl insan yoxdur.

- Bəs hansı obraz olmaq istəyərdiniz?
- Romantik və xəyalpərəst obraz... Məsələn, Əhməd Batmanın “Bana İkimizi Anlat” romanında Rüzgar obrazı olmaq istərdim. Hadisələrin ortasında qalıb, özümün də şahid olmadığım bütün əzabları əslində heç yoxmuş kimi yaşamaq istərdim. Həqiqətləri öyrənib darmadağın olduqdan sonra, yenidən doğulub əyri yollarla, macəra dolu həyatla xoşbəxtliyə çatmağı özüm üçün maraqlı hesab edirəm.

- Romantik insan olaraq bizim cəmiyyəti necə təsəvvür edərdiniz?
- İdeal cəmiyyəti təsvir etmək üçün öncə mənfi cəhətləri müsbətə doğru dəyişən səbəblər tapmaq lazımdır. Mən bizim cəmiyyətimiz üçün realist yazıçının “yuxudasınız” sətiraltı mənasını vermək əvəzinə, öz doğrularını tapmış, ideal cəmiyyət formalaşdırmağa nail olmuş toplum təsvir edərdim. Məncə, belə təsvirlər oxuculara daha çox stimul verir. Daha doğrusunu desəm, bu haqda əvvəl heç düşünmədiyim üçün dəqiq fikir deyə bilmirəm.

- Ciddi ədəbiyyat anlayışı sizin üçün nədir?
- Toplumu düşündürməyə vadar edəcək mövzuların olduğu əsər ciddi ədəbiyyat saylıla bilər. Adi, əməllərimizdə təzahür etməyən, amma bildiyimiz cəmiyyət, həyat xüsusiyyətlərini hansısa əsərin içində qabarıq şəkildə vermək aşılayıcı olmur. Daha geniş, dünyəvi çalarlar olmalıdır. Bir dəfə düşünməklə kitabın bizə aydın olması xüsusi məna kəsb etmir. Oxumalı, razılaşmaq üçünsə daha çox, daha dərindən düşünməliyik.

- Azərbaycanlı yazarlardan hansını oxuyursunuz?
- İlyas Əfəndiyevin əsərləri mənə daha fərqli gəlir və oxuyuram.

- “Körpüsalanlar” romanındakı Səriyyə obrazına münasibətiniz necədir?
- Xəyanət etsə belə, mən Səriyyəyə haqq qazandırıram. Gözəl olan hər şey mükəmməl deyil. Səriyyə də azad qadın obrazını ifadə edir. O, qınaq demədən, arzularına doğru addımlayan xarakterik qadındır. Güclü biri kimi təsvir olunub deyə düşünürəm ki, taleyi ilə barışmır, taleyinə qarşı vuruşur, özünü, istəklərini yaşadır.

- Özünüzü “Kitabıstan” vətəndaşı hesab edirsiniz?
- Qəlbimin bir küncü sözün əsl mənasında ədəbiyyatla döyündüyü üçün özümü Azərbaycan vətəndaşı saydığım qədər, ruhən “Kitabıstan” vətəndaşı da hesab edirəm.

Rəvan Cavid
Kitabıstan
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti