"Potensiallı gənclər təzyiqlərə görə üzə çıxa bilmirlər" - "Liderlik Məktəbi"

23-06-2017, 15:31
Oxunub: 3317
"Lider olmaq hansısa ofisin rəhbəri olmaq deyil"


Jurnalistikaya çoxdan həvəsimiz olsa da Etatist.com bu həvəsimizi işə çevirməyə şərait yaratdı. Bir neçə müddətdir ki, burada praktika keçirik. Qərar verdik ki, öyrəndiklərimizi tətbiq edək. İlk müsahibəmizi "Milli Fikir Mərkəzi Liderlik Məktəbi"nin layihə rəhbəri, "Tələb edirəm" komandasının rəhbəri Qəmər Mustafayevadan aldıq.

Düzdür, "Tələb edirəm" haqqında da geniş müsahibə almaq olardı, amma qərar verdik ki, "Milli Fikir Mərkəzi Liderlik Məktəbi" haqqında suallar verək, məktəbin məqsədi, seçimlərin aparılma qaydası ilə maraqlanaq. Çünki bu, MFM-in təşkil etdiyi digər məktəblərdən daha geniş layihədir və mövzular da olduqca maraqlıdır. Odur ki, suallarımızı hazırladıq və Qəmər xanımla danışıb suallarımızı ona ünvanladıq.

Etatist.com sözügedən müsahibəni təqdim edir:

- Bu kursu keçirməkdə məqsədiniz nədir?
- Düşünürük ki, cəmiyyətdə liderlik potensialı olan bir çox gənc var. Potensiallı gənclər adətən müəyyən təzyiqlərə görə üzə çıxa bilmirlər. Biz də onların bacarıqlarını üzə çıxarmaq üçün bu məktəbi yaratmışıq.

- Bildiyim qədərilə bu məktəbə də seçimlər müsahibə yolu ilə aparılacaq. Hansı tələblərə cavab verən şəxslər seçiləcək bu məktəbə?
- Sizin də qeyd etdiyiniz kimi iştirakçılar fərdi söhbətlə seçiləcək. Hal-hazırda 150-ə yaxın qeydiyyatdan keçən şəxs var. İnkişafa meyilli, məqsədli, liderlik potensialı olan, ölkəsi üçün nə isə etmək istəyən gənclər seçiləcək.

"Lider necə olur, lider olmaq üçün necə danışmalı, insanlarla necə davranmalıdır..."

- Liderlik məktəbi 20 gün davam edəcək. Sizcə bu müddət lider olmaq üçün kifayət edir?
- Burada yalnız siyasi liderlik nəzərdə tutulmur. Gənclərə bütün sahələrdə liderlik öyrədirik. Yəni, lider necə olur, lider olmaq üçün necə danışmalı, insanlarla necə davranmalıdır. Bunun bəzi strukturları var və biz gənclərə həmin strukturları, elmi əsasları verəcəyik. Bundan sonra iştirakçılar özləri-özlərini həmin strukturların üstündə inkişaf etdirə biləcəklər.

- Liderlik hansı məqamlarda onlara yardımçı ola bilər?
- Həyatlarının hər sahəsində. Həm dostlarının ətrafında, həm cəmiyyət içində və yaxud da hər hansısa tanımadığı şəxslərin əhatəsində.

- Bu dərslər arasında nəyə görə bədən dili təlimi də seçilib?
- Çünki bir liderin əsas göstəricisi onun bədən dilidir. Qarşısındakı insanı razısalma qabiliyyəti həm də onun bədən dilindən asılıdır.

- Sizə görə liderlik nədir? Yəni liderlə müdir arasındakı fərq nədir?
- Müdir bir imtiyaz sahibi şəxsdir, müəyyən vəzifəsi var. Liderlik isə şəxsi keyfiyyətdir. Liderlik qabiliyyəti insanın şəxsi keyfiyyətlərinə aiddir. Lider olmaq hansısa ofisin rəhbəri olmaq deyil. Həmin insan əhatəsində olanlara başçılıq, liderlik edə biləcək şəxsdir.

- Dərslər arasında kütlə psixologiyası da var. Lider olmaq üçün kütlə psixologiyasını bilmək nə qədər mütləqdir?
- Lider əvvəlcə qarşısındakı şəxsi anlamalıdır. Onun psixologiyasını, verəcəyi reaksiyanı əvvəlcədən bilməlidir. Ona görə də kütlə psixologiyasını bilmək mütləqdir. Bədən dili də onun düşüncələrinin dəstəkləyici qüvvəsidir. Qarşısındakı insanı təşkilatlanmağa sövq etmək, onu razısalma qabiliyyəti üçün bədən dili və psixologiyanı bilmək vacibdir. Bayaq da dediyim kimi, biz bu məktəbdə gənclərə strukturları öyrədəcəyik, mənbələr verəcəyik. Lider araşdırıb öz sahəsini daha dərindən öyrənəcək, ətrafındakı insanları da doğru yola çəkmək üçün çalışacaq. Liderliyin birinci göstəricisi dayanmamaq, araşdırmaq, oxumaq və oxuduqlarını tətbiq etməkdir.

"Milli Fikir Mərkəzi Liderlik Məktəbi"ndə qeydiyyatdan keçmək üçün BU LİNKƏ daxil ola bilərsiniz.
Nigar Həsənova, Fidan Nadir, Hüseyn Kərimov
Etatist.com üçün
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti