"Mirzə Cəlili bəyənmirəm" - Oxucudan müsahibə

22-06-2017, 11:48
Oxunub: 2956
"Bir çox insan kimi ətrafdakı haqsızlığa vecsiz yanaşmıramsa, deməli xilas olmuşam"


Etatist.com-un "Kitabıstan"la birgə apardığı "Oxucudan müsahibə" layihəsi davam edir. Bu dəfəki müsahibimiz Nizami Əlisoydur.

Etatist.com sözügedən müsahibəni təqdim edir:

- Nizami bəy, Kitabıstan layihəsi ilə tanışsınız?
- Az-çox tanışam, vaxt tapdıqca tədbirlərində iştirak edirəm. Sosial şəbəkədə səhifənizi izləyirəm.

- Oxuduğunuz ilk kitabı xatırlayırsınız?
- Əlbəttə, o kitab olmasaydı, bəlkə də bu qədər kitab oxumazdım. Həyatımı alt-üst eləmişdi. Sözün, qələmin gücünü məhz o kitabla gördüm ilk dəfə. Lermontovun "Zəmanəmizin Qəhrəmanı" idi.

- Bəs sizcə indi zəmanəmizim qəhrəmanı kimdir?
- Zəmanəmizin qəhrəmanı ölüb. Ölməsəydi davamçılarını yetişdirərdi.

- Bəs siz zəmanəmizin qəhrəmanı olmaq haqqında düşünmüsünüz?
- Mən həyatın ikinci dərəcəli qəhrəmanı olmağı tərcih edirəm. Kiminsə qəhrəman olması üçün fəda olanlardan.

- Özünüzdən imtina edəcək qədər cəsarətlisiniz?
- İki dəfə sınayacaq qədər.

- Bəs indi hansı kitabı oxuyursunuz?
- Əziz Alpoudun xatirələri.

- Sizcə kitablar dünyaya daha çox xilas yoxsa daha çox problem gətirib?
- Məncə kitab dünyanın gedişatını göstərir. Xilas və problem oxucunun əlindədir.

- Siz kitab oxuyaraq özünüzü xilas edə bilmisiniz?
- Bəli. Mən bir çox insan kimi ətrafdakı haqsızlığa vecsiz yanaşmıramsa, deməli xilas olmuşam. Bunu da kitablar sayəsində bacarıram.

- Oxuduğunuz ən qeyri-ciddi kitab hansıdır? Hər kəs mütaliəyə nisbətən bəsit kitablarla başlayır. Bəs siz hansı bəsit kitabları oxumusunuz?
- Müasir yerli ədəbiyyatdan bir- iki detektiv əsər. Ümumiyyətlə detektiv janrı ilə ulduzumuz heç cür barışmadı.

- İnsan deyəndə ağlınıza ilk nə gəlir?
- Çətin sualdı. Ağlıma o qədər şey gəlir ki, yazı-pozu qabiliyyətim olsaydı bir romanlıq mövzudur.

- Sizin üçün ən böyük dəyər nədir?
- Düzgünlük.

- Heç yalan danışmamısınız?
- O qədər, amma mənim yalanlarım mənim özümə ziyan vurub. Başqalarına yox. Mənim yalanım kiminsə evini yıxmayıb, kiminsə bir tikə çörəyinə bais olmayıb, kiminsə son qəpiyini əlindən almayıb.

- Mərhəmət və ədalət arasında seçim etməli olsaydınız hansını seçərdiniz?
- Ədalət. Dostlarım bəzən mənə nasist deyirlər. Nə olursa olsun, ədalət yerini tutmalıdır.

- Azərbaycan maarifçilərindən hansını bəyənmirsiniz?
- Bir tək Mirzə Cəlili. Cümhuriyyətə üz döndərdiyi üçün onu bağışlaya bilmirəm.

- Onda "Anamın kitabı" əsərini bəyənmirsiniz?
- Əsər əsərdir. Mən bədii əsərə qarşı deyiləm. Misal üçün Amin Maaloufun "Səmərqənd" əsərini çox bəyənirəm. Böyük əsərdir. Lakin Aminin özünü bəyənmirəm, çünki əsərində farsları qaldırıb qoyur dağ başına, türkləri isə bacardıqca alçaldır. Mirzə Cəlil də həmçinin, onun yaradıcılığı, publisistikası başqadır. Özünü bağışlaya bilmirəm.

- Nizami bəy, özünüzü Kitabıstan vətəndaşı hesab edirsiniz?
- Bilmirəm doğrusu. Hələ oxumadığım o qədər kitab var ki... Bu kitablar ağlıma gələndə düşünürəm ki, belə vətəndaş olmasa daha yaxşıdır. "Səfillər"i oxumayandan da Kitabıstan vətəndaşı olar?

- "Səfillər"i yaşayaraq da Kitabıstan vətəndaşı olmaq olar. Təşəkkür edirik, Nizami bəy.
- Xoş oldu, siz sağolun.


Nicat Həşimzadə
Kitabıstan
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti