Fəlsəfə haqqında daha dərindən: "Antik fəlsəfə ictimai fikir tarixinin təməlidir"

21-06-2017, 15:10
Oxunub: 635
"Sofistlərdən olan Sokrat isə absolyut nəsnənin mövcud olduğu fikrini irəli sürüb"


Müasir dövrdə antik yunan fəlsəfəsinə maraq azalıb və öz aktuallığını itirib. Halbuki biz bilirik ki, müasir elmin və fəlsəfənin bu həddə gəlib çatmasında antik filosofların, xüsusilə Fales, Pifaqor, Platon, Aristotel və başqalarının rolu olub.

Məsələnin mahiyyətini daha dərindən öyrənmək üçün yunanşünas Səid Riadın fikirlərini öyrəndik. Etatist.com-a danışan Səid Riad bildirib ki, yeni tarixdən üzü bu yana mövcud olan bütün fəlsəfi cərəyanların primitiv şəkildə də olsa əsası antik dövrdə qoyulub:

“Ona görə də antik fəlsəfə düşüncə tarixinin əlifbası sayılır. Antik fəlsəfə ictimai fikir tarixinin təməlidir, bünövrəsidir. Bir çox terminlərin, tezislərin hətta “fəlsəfə” və “filosof” ifadələrini qədim yunan filosofları yaradıblar. Pifaqorun özünü ilk dəfə filosof adlandırması, yaxud sofistlər hərəkatının adı bunu göstərir. Antik filosoflar ilk dəfə mifoloji düşüncələrdən fərqli olaraq kainatın, təbiətin əsasının nədən təşkil olunduğunu, sonrakı mərhələdə varlıq, insanmərkəzçilik, ideya haqqında düşüncələr formalaşdırıblar. Əgər fəlsəfə yaranana qədər insanlar bütün suallara mifoloji idrakla cavab verirdilərsə, yunan filosofları “hər şeyin nə olduğunu” tam fərqli metodlarla, elm və məntiqin köməkliyi ilə tapmağa çalışıblar. Buna görə də antik fəlsəfə yaranarkən paralel şəkildə elm də yaranıb. Milet, Eleya, Pifaqor məktəblərinin baniləri və onların tələbələrinin hamısı elmlə məşğul olublar. Onlar ilkin substansiya haqqında fərqli fikirlər söyləyiblər. Belə ki, Fales ilk dəfə hər şeyin sudan yarandığını, tələbəsi olduğu ehtimal edilən Anaksimandr “apeyron”dan, onun tələbəsi Anaksimen isə havadan, heç bir məktəbə aid olmayan, nə müəllimi nə də tələbəsi olan Heraklit hər şeyin oddan, Anaksaqor isə dörd ünsürdən (od, su, hava, torpaq) yarandığını iddia etmişlər. Eleya məktəbinin görkəmli nümayəndəsi Parmenid “hər şeyin” əsasının nədən ibarət olduğu və nədən yarandığı düşünərkən bütün şeylər üçün ümumi sayılan “var” ifadəsinin aid olduğunu bildirərək hər şeyi “varlıq” adlandırmışdır. Sonradan Hegelin, daha sonra isə Marksın inkişaf etdirdiyi “dialektika”nın əsasını “hər şey axır, hər şey dəyişir” söyləyən Heraklit qoymuşdur və dialektika postmodernizm dövründə Teodor Adorno tərəfindən də “mənfi dialektika” adı altında inkişaf etdirilmişdir. Sofistlərin dövründə insanmərkəzçilik, “hər şey”in ölçüsünün insan olduğu üçün relyativizm inkişaf etmiş, onlar absolyut nəsnənin, mütləq həqiqətin olmadığını söyləməklə Parmenidi inkar etmişlər. Sofistlərdən olan Sokrat isə absolyut nəsnənin mövcud olduğu fikrini irəli sürmüşdür.

Biz antik filosofların mühakimələri nəticəsində insanların fundamental suallara necə cavab axtarması ilə,  elmin necə inkişaf etməsi ilə  yaxından tanış ola bilərik. Əslində həmin dövrün filosofları qarşılarına qoyduqları sual və həmin suala verdikləri cavab müasir düşüncə baxımından primitiv sayılsa da, onların texnologiyanın, elmin olmadığı dövrdə ortaya bu cür suallar qoyulması heyrət doğurur.

Həmin filosoflar ilkin substansiyanın nədən ibarət olduğunu məntiqi dəlilllərə söykənərək əsaslandırmış, dialektikanın, antalogiyanın əsası qoyulmuş, fərqli düşüncə sistemi və hətta çağdaş dövrdə fəaliyyət göstərən filosoflara güclü təsir göstərə biləcək düşüncə sistemi yaradıblar.”

Günay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti