"Elçibəy Kələkidə 4 il yarım sürgün həyatı yaşadı" - Köməkçisi

19-06-2017, 17:28
Oxunub: 1578
"O, bütün bu məsələləri götür-qoy etmişdi"


24 il öncə, 18 iyun 1993-cü ildə Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin heç kəsə xəbər vermədən paytaxtı tərk edərək təyyarə ilə naməlum istiqamətə uçması məlumatı ölkəyə yayıldı. Hamı təşviş içində idi. Kimiləri sevinir, kimiləri də nə edəcəyini bilmirdi. Hadisədən 24 il keçməsinə, bu haqda Əbülfəz Elçibəyin özünün də danışmasına baxmayaraq hələ də hər il bu haqda danışılır. 

Cəbhə hakimiyyəti dövründə Elçibəyin köməkçisi olan Oqtay Qasımov Etatist.com-a öz xatirələrini bölüşdü:

"Elçibəy Kələkidə 4 il yarım sürgün həyatı yaşadı" - Köməkçisi

"Bilirsiniz ki, 1993-cü il iyunun 4-də Rusiya və digər xarici qüvvələrin dəstəklədiyi qiyam başladı. Bu qiyam nəticəsində ölkədə vətəndaş müharibəsi təhlükəsi artdı. Güc strukturlarında, xüsusilə Müdafiə Nazirliyində Rusiyanın təsiri altında olan hərbçilərin bu məsələdə dövlətin yanında olmadığını görən Elçibəy bütün gərginlikləri və bunun nəticələrini nəzərə alaraq Bakı şəhərini tərk etmək məcburiyyətində qaldı. Ölkə xaricinə deyil, özünün doğulub böyüdüyü Kələki kəndinə getdi və əgər belə demək mümkündürsə, orda 4 il yarım sürgün həyatı yaşadı.

Əbülfəz bəy gecə 1.30-da şəhəri tərk etdi, səhər 9-da Prezident Aparatından prezidentin möhürünü, blankları və digər sənədləri götürüb mən də Kələkiyə getdim. Əbülfəz bəy dönənə qədər də bir yerdə olduq."

Oqtay Qasımov əlavə etdi ki, Əbülfəz bəy bütün bu məsələləri götür-qoy etmişdi:

"O, qiyamın arxasında duran qüvvələri, onların niyyətlərini bildiyi üçün bu addımı atmışdı. O zaman Azərbaycanı daha ciddi faciələrdən xilas etmək üçün özünün siyasi iddialarını, hakimiyyətini, siyasi gələcəyini qurban verib Azərbaycan dövlətini qorudu."
Elvin Mahmudov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti