"Azərbaycan Dəmir Yolları" QSC Çinlə əlaqələri genişləndirir

19-06-2017, 15:53
Oxunub: 27
"Yükdaşımalarının səmərəliliyinin artırılması və təşkili məsələsi müzakirə olunub"


“Azərbaycan Dəmir Yolları” QSC-də Çinin Ninqxia Kommersiya Departamentinin baş direktor müavini, Ninqxia Liman Ofisinin direktoru Konq Quohuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Şirkətdən "Report"a daxil olan məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, o cümlədən inşası bu il başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər - bir yol” strategiyasının iki istiqamətindən biri olan və Qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər. Azərbaycan ərazisindən keçən marşrutlar daha çox iqtisadi potensiala malikdir.

Sonra beynəlxalq yükdaşımalarının səmərəliliyinin artırılması və təşkili məsələsi müzakirə olunub.

K.Quohua Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməkdə maraqlı olduqlarını bildirib.

Görüş zamanı Ələtin coğrafi cəhətdən əlverişli mövqedə yerləşdiyi nəzərə alınaraq buranın Azərbaycan ərazisindən keçərək Çindən Avropaya, İrana və Rusiyaya, eləcə də əks istiqamətdə dövr edən yüklərin daşınmasında mərkəz kimi istifadə olunması istiqamətində gələcək perspektivlər müzakirə olunub.

Tədbirin sonunda “Azərbaycan Dəmir Yolları” QSC ilə Çinin Ninqxia Kommersiya Departamenti arasında gələcək əməkdaşlıq haqqında protokol imzalanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti