Bu il qeyri-neft sektorunda fəaliyyət göstərən 1021 şirkət ixracda iştirak edib

19-06-2017, 15:41
Oxunub: 58
"İxrac icmalı"nın müntəzəm olaraq yayımı nəzərdə tutulub"


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun ayı üçün sayı təqdim olunub.

Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, icmalın bu sayında 2017-ci ilin may ayında qeyri-neft sektoru üzrə 445 şirkət tərəfindən 149 mln. dollar həcmində ixrac əməliyyatları həyata keçirilib. May ayı üzrə ixrac olunan əsas mallar pomidor, kartof, ağ şəkər, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar, qızıl, emal olunmamış aşqarlanmamış alüminium, qabığı təmizlənmiş meşə fındığı, pambıq lifi, üzüm çaxırı, mis filizləri və konsentratları, günəbaxan və ya saflor yağı, alma, soğan və sairdir.

2017-ci ilin 5 ayı ərzində isə qeyri-neft sektoru üzrə ixrac 557 mln. dollar olub. Bu ixrac əməliyyatlarında 1021 şirkət iştirak edib. 2017-ci ilin 5 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan var.

"Azexport" portalının qeyri-neft sektoru üzrə ixraca töhfə verməsinə gəlincə isə "İxrac icmalı"nda qeyd edilir ki, 2017-ci ilin may ayında daxil olan sifarişlərin ümumi dəyəri isə 19 mln. dollar olub. May ayında ilk dəfə portala Slovakiya, Tayvan və Surinamdan sifarişlər daxil olub. May ayında sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullar - quru süd, meyvə tamlı süd, qırmızı yumurta, günəbaxan yağı, toyuq əti, armatur, yer kökü, şərab, kərə yağı, pambıq toxumu, alma, kosmetik vasitə, makaron, kərpic, nar, qaya duzu, avtomobil diaqnostika aparatı, çay, yataq dəsti, ipək xalça, mebel dəsti, mühərrik yağı, qənnadı məhsulları, boya, nar şirəsi sifariş olunanlar arasındadır.

Maraqlı nüanslardan biri isə ondan ibarətdir ki, may ayı ərzində Səudiyyə Ərəbistanı, ABŞ və Hindistandan "Azexport" portalına daxil olan ixrac sifarişlərinin sayı artıb. Səudiyyə Ərəbistanından sifarişlər çaya, qənnadı məmulatlarına, avtomobil diaqnostika aparatına və sair, ABŞ-dan sifarişçilər təbii bala, fındıq ləpəsinə, nar şirəsinə, bəzəkli şüşə qablara və sair, Hindistandan nar şirəsinə, konyaka və sair daxil olub.

Ümumilikdə isə "Azexport" portalına 2017-ci ilin yanvar ayında 48 mln. dollar, fevral ayında 6,5 mln. dollar, mart ayında 27 mln. dollar, aprel ayında 29,9 mln. dollar, may ayında 19 mln. dollar dəyərində ixrac sifarişləri daxil olub. Ümumilikdə 2017-ci ilin 5 ayı ərzində "Azexport" portalına 45 ölkədən 130 mln. dollar məbləğində ixrac sifarişləri daxil olub.

"İxrac icmalı"nın müntəzəm olaraq yayımı nəzərdə tutulub. İcmalın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti