"Məhəmməd peyğəmbər "Quran"ı yaradır, "Quran" isə milyonlarla müsəlmanı"

19-06-2017, 14:44
Oxunub: 2881
"Bu roman mənim gələcək həyatımı, ədəbiyyat haqqında düşüncələrimi dəyişdi"


"Kitabıstan" oxucularla müsahibələrini davam etdirir. Növbəti müsahibimiz səhifənin aktiv izləyicisi və kitab təbliğatçısı Aytac Quliyevadır. 

Etatist.com Aytac Quliyeva ilə müsahibəni təqdim edir:

- Salam, Aytac xanım. Hansı kitabı oxuyursunuz?
- Hal-hazırda imtahanlarla əlaqədar univerisitet dərsliklərini oxuyuram.

- Dahilərdən birinin dediyi fikirə görə tətbiq olunmayan bilik dəyərsiz bilikdir. Oxuduğunuz kitabları həyatınızda tətbiq edə bilirsinizmi?
- Tətbiq olunmalı bilik deyərkən ilk olaraq ağlımıza fərdi inkişaf kitabları gəlir və mən bu kateqoriyaya daxil olan kitabları oxumuram. Bu cür kitabların bizi robotlaşdırdıqlarını düşünürəm. Daha doğrusu, bu kitablar mənə heç cür səmimi gəlmir. Əsasən romanlar oxuyur və oxuduqlarımın tətbiqində çətinliklərlə qarşılaşıram. Buna səbəb olaraq tətbiq olunmalı kitabları az oxuduğumu və bunun təyin olunmasında natamam olduğumu deyə bilərəm. Ancaq oxuduğum hər kitabdan özüməməxsus nəticələr çıxarmağı bacarıram. Oxuduğum ilk ciddi kitab Cek Londonun “Martin İden” romanıdır. Bu roman mənim gələcək həyatımı, ədəbiyyat haqqında düşüncələrimi dəyişdi və mütaliə yolumu təyin etdi. Mənə əzmi, mübarizəni və dəyanəti öyrədən ilk kitab o idi. Bu, mənim hər hansı kitabı öz həyatımda ilk tətbiqim olmuşdu.

- “Martin İden” romanının sonunda bütün məqsədlərinə çatan qəhrəman intihar edir. Sizcə, doğrudanmı, məqsədlərin son dayanacağı intihardır?
- Bu, çox gözəl sualdır. Ümumiyyətlə intihar anlayışı ilə bağlı çox düşünmüşəm. İntihara iki aspektdən yanaşmağın tərəfdarıyam: Birinci çarəsizlik; ikincisi cəsarət. Bunlar arasında ikinciyə daha çox üstünlük verirəm. İnsan hər zaman həqiqəti tapmağa meyillidir. Yəqin ki, həqiqəti tapdıqdan sonra geriyə maraqlı heç nə qalmır. İntihar ən absurd şeylərdən də ola bilir. Məsələn, İngiltərədə bir adam intihar edib və intihardan əvvəl yazdığı məktubda səbəb olaraq tərəfdarı olduğu komandanın məğlub olmasını qeyd edib. Heç bir məqsədi olmayan, heç nəyə marağı qalmayan insanların güclü olmaq üçün heç bir səbəbləri yoxdur. İntihar üçün ya tamamilə zəif olmaq, ya da ümumiyyətlə fövqəl olmaq lazımdır. O situasiyada olmadığıma görə suala ümumi cavab verə bilməyəcəm.

- Sizcə insanların yaratdığı kitablar daha çoxdur, yoxsa kitabların yaratdığı insanlar?
- Bu suala sadə yanaşmağa çalışacam. Mənə görə kitabların yaratdığı insanlar daha çoxdur. Bir insanın yaratdığı kitablarla bir kitabın yaradığı insanları müqayisə etmək mümkün deyil. Bir kitab bəşəriyyətin xəttini belə dəyişə bilər. Məsələn, Məhəmməd peyğəmbər bir "Quran"ı yaradır, "Quran" isə milyonlarla müsəlmanı.

- Bu kitabların ən çox oxunan kitablar sırasında olmasına baxmayaraq, istər "Quran"ın, istər "İncil"in, istərsə də "Tövrat"ın təbliğ etdiyi mədəni qayda-qanunlar hələ də təmin oluna bilməyib. İnsanlar hələ də bir-brini öldürür, müharibələr, qırğınlar olur. Bu nümunədən sonra, doğrudanmı, kitablar insanlığı dəyişmək iqtidarına malik olur?
- Məncə bu kitabların insanlığı dəyişməməyinin səbəbi insanların bir-birindən fərqli olmasıdır. O kitabları oxuyan hər kəs onlardan müxtəlif anlayışlar çıxarır. Bu kitabların əxlaqi xüsusiyyətlərinin insanlara nüfuz edə blməməsinin səbəbi bundan ibarətdir. Ümumiyyətlə hamı üçün olan bir kitabın varlığına inanmaqda çətinlik çəkirəm. Hətta Füzuli belə kütlə üçün yox, yuxarı sinif üçün yazırdı.

- Kitabıstanın vətəndaşları üçün hansı kitabları məsləhət görərdiniz?
- Kitablarla bağlı ən sevmədiyim sual budur. Düzdür, bu sualın cavablarını sevsəm də, sualın özündən hər zaman qaçmışam. Ancaq əgər bu mütləq olmalıdırsa, o zaman "Kitabıstan"ın vətəndaşlarına Cek Londonun "Martin İden" romanını oxumağı məsləhət görə bilərəm.

- Özünüzü Kitabıstan vətəndaşı hesab edirsiniz?
- Bəli, hesab edirəm.

Orxan Həsəni
Kitabıstan
Etatist.com
Şərhlər : 1 Şərh yaz
Adil Ələmdar 19 iyun 2017 21:27  

Asif Ata deyirdi ki,İsa Həyatıyla öyrətdi,Məhəmməd harayıyla öyrətdi.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti