Böyük Britaniyanın "bakirə kraliça"sı: İngiltərənin "Qızıl dövrü"...

19-06-2017, 11:30
Oxunub: 64
Elizabetin hakimiyyəti dövründə təxminən 200 keşiş və sadə vətəndaş edam edildi


İngiltərə deyəndə bu gün də bir çox insanın ağlına kraliça Elizabet gəlir. Elizabet 44 il taxtda qalmaqla İngiltərənin ən uzunmüddətli kraliçası və tarixin ən önəmli şəxsiyyətlərindən biri olub. Bu period onun adı ilə “Elizabet erası” adlanır. Onun taxta çıxma mərasimi üçün bugünkü pulla 3 milyon yarım fund xərclənib. Şahzadə olmasına baxmayaraq siyasi güclər tərəfindən qəbul olunmurdu. Lakin 25 yaşında nəhayət taxta iddia edən Elizabet hakimiyyətə gəldi və 44 il ərzində İngiltərəni artan dini, siyasi qarışıqlıqlar içində idarə etdi.

Həyatı

I Elizabet İngiltərəni mürəkkəb və çətin vəziyyətdə idarə etməyi bacaran ən məşhur monarx olub. VIII Henri və onun ikinci arvadı Ann Boleynin qızı olan Elizabet 2 yaşında anasını itirir. Doğulduğu zaman dərisinin rəngi həddindən artıq ağ olduğu üçün onu öldürmək istəsələr də, anasının səyləri nəticəsində sağ qalıb. Ann Boleyn zina və sui-qəsdə təşəbbüslə ittiham olunaraq ərinin göstərişi ilə edam olunur və bu edamla Elizabetin taxta gəlmək imkanı da əlindən alınır. Lakin uzun illər sonra, 1558-ci ildə İngiltərə və İrlandiyanın kraliçası kimi taxta çıxır, İngiltərənin tarixinə önəmli dərəcədə yön verəcək dövr başladır.

Elizabet digər kral uşaqları kimi böyüdülmüşdü. Musiqi və xarici dillərdən dərslər alırdı. 1547-ci ildə atasının ölümündən sonra ögey anası Katerinanın himayəsində qaldı. Daha sonra Elizabetin ögey atası Tomas Seymur ilə münasibəti olması ilə bağlı söz-söhbət yayılır və bundan sonra Elizabet buranı tərk edərək kral mülkiyyətinə qayıdır.

Böyük Britaniyanın "bakirə kraliça"sı: İngiltərənin "Qızıl dövrü"...

"Bakirə kraliça" döyüş meydanında...


Elizabetin dövründə İngiltərə ticarət sahəsində yüksək səviyyəyə çatdı. Dünyanın hər bir yerində müstəmləkəsi olan İngiltərə dünyanın mərkəzinə çevrildi. Ticarətdə inkişaf edən İngiltərədə eyni zamanda Şekspir və Spencer kimi dahilər də ədəbiyyatda xariqələr yaradırdı. Ölkə öz renessans dövrünü yaşayırdı. Bununla yanaşı, katoliklər kraliçanı devirmək üçün yollar axtarırdılar və bunun üçün İsveçrə kraliçasının qohumu Mariyadan istifadə edirdilər. Elizabet isə həm özünü, həm də İngiltərəni düşünərək 20 il ərzində Mariyanı həbsdə saxladı və ən axırda edam etdirdi. Onun edamı İspaniya kralı Filippin İngiltərəyə müharibə elan etməsinə səbəb oldu. Bu döyüşdə Elizabet özü birbaşa cəbhədə oldu və əsgərlərin dağılmasının qarşısını aldı.

Kraliça Elizabet İngiltərə və İrlandiya kraliçası Tüdor xanədanının beşinci və son təmsilçisiydi. XVI əsr İngiltərəsinə hökm etmiş, həm xalqın yaddaşında, həm də ölkənin tarixində önəmli iz buraxmışdı. Heç vaxt evlənmədiyi üçün “bakirə kraliçə” adlandırılır. Elizabet İngiltərə xalqını iki yerə bölən, minlərlə insanın ölümünə səbəb olan protestant-katolik mübarizəsini sonlandırmaq üçün çalışmış, atasından qalan Anglikan kilsəsinin güclənməsini və təsirinin artmasını təmin etmişdi.

O, həmin dövrdə dünyanın ən böyük dəniz gücü olan İspaniya dəniz donanmasını 1558-ci ildə məğlub etdi. İngilis milli kimliyi onun dövründə formalaşdı; ingilis teatrı Xristofor Marlov və Şekspirin yazdığı əsərlərlə onun dövründə quruldu.

Elizabetin yaşadığı dövrdə Avropa ölkələrində qadın fiziki və mənəvi olaraq zəif və kişiyə möhtac varlıq kimi təqdim edilirdi. Qadınlar cəmiyyətdə ikinci dərəcəli mövqeyə sahib olduğu üçün onların təhsil alması da vacib sayılmırdı. Lakin Elizabet 10-11 yaşlarında olarkən zadəgan ailələrin içində qız uşaqlarının da təhsil alması yayılmışdı. Elizabetə də digər zadəgan ailələri kimi dərslər verilirdi. İngiltərənin məşhur alimlərindən aldığı dərslər sayəsində Elizabet 13 yaşında artıq ingilis dilindən başqa latın, italyan, fransız və yunan dillərini bilirdi. O, başını kitabdan qaldırmayan, sakit uşaq kimi tanınırdı. 1547-ci ildə, atası öldükdən sonra qardaşı 9 yaşında taxta çıxdı. Yaşı az olduğu üçün dayısı Edvard Seymur onun vəkili olaraq iqtidara keçdi.

Böyük Britaniyanın "bakirə kraliça"sı: İngiltərənin "Qızıl dövrü"...

"Qanlı Mariya"


VI Edvard 14 yaşında ölümcül xəstəliyə tutuldu. Ölümündən sonra atasının vəsiyyət etdiyi taxta çıxma sırasına əməl etmədən taxtı bacısı Mariyaya deyil, uzaq qohumu Ledi Ceyn Qreyə vermək istədi. Lakin saray məclisi onun bu istəyinə razı olmadı və 1530-cü ildə Henrinin böyük qızı Mariya Tüdor hakimiyyətə gəldi. Mariya Roma katolik kilsəsinə və Papaya bütün qəlbiylə bağlı katolik olduğuna görə protestantlığı İngiltərədən tamamilə silmək istəyirdi. O, özü ilə eyni fikirləri daşıyan İspaniya şahzadəsi II Filipplə evləndi. Lakin bu evlilik İngiltərə xalqı üçün heç də yaxşı nəticələr vermədi. Xeyli protestanta “kafir” damğası vuruldu və onlar yandırıldı. Xalq kraliçanın bu qəddarlığına görə ona “Qanlı Mariya” deyirdi.

Böyük Britaniyanın "bakirə kraliça"sı: İngiltərənin "Qızıl dövrü"...

1554-cü ildə protestantların üsyana qalxması protestant Elizabeti üsyançılara dəstək verməsi bəhanəsi ilə günahlandırmağa imkan yaratdı. Bu ittihamdan sonra Elizabet 2 ay London qülləsində zindanda saxlanıldı. Onu bu vəziyyətdən xilas edən isə Mariyanın əri II Filipp oldu. O, həyat yoldaşını Elizabeti bağışlamağa razı saldı. Bundan sonra Mariya Elizabeti Vudstoka göndərdi və 1 il burada ev həbsində saxladı.


1558-ci ildə bacısının ölümcül xəstəliyə yoluxduğunu öyrənən Elizabet öz hökumətini qurmaq üçün işə başladı. Öləcəyini başa düşən Mariya bacısını hüquqi varis olaraq qəbul etdi və Elizabet onun ölümündən sonra, 17 noyabr 1558-ci ildə taxta çıxdı. Taxta çıxanda onun 25 yaşı vardı.

Elizabet: İngiltərənin yüksəlişi

Elizabet əfsanə kimi tanınıb. Haqqında əsərlər yazılıb, bir çox film çəkilib. Beynəlxalq səviyyədə keçirilmiş sorğuya görə ən böyük 10 britaniyalıdan biri hesab olunur.

Elizabet taxta çıxdıqdan sonra ətrafına bacarıqlı məsləhətçilər topladı. İlk olaraq fikrini din məsələsinə yönəltdi. Ölkədə yenidən islahat keçirdi və nə tam katolik, nə də protestant İngiltərə kilsəsi qurmağı seçdi. Sonra parlament İngiltərə kilsəsinin inanc və ayinlərini müəyyən edən qanun qəbul etdi. Lakin bu “orta yol” katoliklərin də, protestant olan puritanların da xoşuna gəlmədi.

Elizabetin qarşılaşdığı başqa problem isə bacısı Mariyanın qəddar hakimiyyət illərindən sonra xalqın sevgisini yenidən qazanmaq idi. Lakin o, tezliklə bunu da bacardı. Həm xalq, həm də zadəganlar arasında böyük nüfuz və sevgi qazandı.

Parlament Elizabetin evlənməsini və dünyaya varis gətirməsini istəyirdi. Lakin Elizabet ona gələn bütün evlilik təkliflərini müxtəlif bəhanələrlə rədd etdi.

Kraliça Elizabetin mötədil din siyasəti əksər katolikləri narahat edirdi. Xüsusilə də katolik Avropası Mariya Stüartı taxtın qanuni varisi olaraq görürdü.

İngiltərədə ev həbsində saxlanılmasına baxmayaraq Mariya katoliklərin Elizabetə qarşı planlarında iştirak edirdi. 1570-ci ildə Papa V Pius bir fərmanla Elizabeti dindən çıxartdı və İngiltərə xalqını ona itaət etməməkdə sərbəst buraxdı. Ondan sonrakı Papa XIII Qriqori İngiltərəni işğal edib kraliçanı zorla taxtdan endirməyin günah olmayacağını açıqladı. Entoni Babinqtonun Elizabeti öldürmə planının ortaya çıxması və Mariya Stüartın da bu işdə ortaq olması bu hadisələrdə dönüş nöqtəsi oldu. Elizabet Mariya haqqında qərar verməyə məcbur oldu. Parlament 1587-ci ildə Mariya Stüartın edam qərarını təsdiqlədi. Bu hadisə katolik Avropasını, xüsusilə də İspaniya kralı II Filippi çox əsəbiləşdirdi.

"Məğlubedilməz Armada" necə məhv edildi

Bu dövrdə Avropanın ən güclü hökmdarlarından biri olan Filipp Elizabetə evlilik təklif edərək İngiltərənin katolik qalmasına çalışmışdı. Lakin Elizabet onun təklifini rədd etmişdi. Neçə il idi ki, İngilis gəmiləri İspaniya gəmilərini və limanlarını talan edirdilər. Bundan başqa Elizabet ispan hakimiyyətinə qarşı çıxan felemenklərə də dəstək verirdi. Bu hadisələrdən sonra Papanın da təşviqi ilə Filipp ispan armadasından İngiltərəyə qarşı istifadə etmək qərarına gəldi. Lakin ingilislər bundan xəbər tutdular və Frensis Dreyk 30 gəmi ilə İspaniyanın Kadis limanına getdi. O armadanın aparıcı gəmilərindən bir neçəsini məhv etdi və bununla da armadanın hücumunu 1 il ləngitməyə nail oldu. Nəhayət 1588-ci ildə armada ingilis donanması ilə üz-üzə gəldi. Uzun və çətin döyüşlərdən sonra müharibə ingilislərin qələbəsi ilə nəticələndi.

Böyük Britaniyanın "bakirə kraliça"sı: İngiltərənin "Qızıl dövrü"...

Elizabet taxta gələndə İngiltərənin adadan kənarda torpağı yox idi. İspaniyanın isə Şimali, Orta və Cənubi Amerikada geniş torpaqları vardı və bu torpaqlardan xeyli gəlir əldə edirdi. Buna görə də Elizabetin dövründən başlayaraq ingilis səyyahlar yeni torpaqlar və ticarət yolları ələ keçirmək üçün Çinə, Uzaq Şərqə səyahətlər etməyə başladılar. Bu dövrdə Frensis Dreyk Yer kürəsini dövr edən ilk insan oldu. “Məğlubedilməz Armada” ingilislər tərəfindən məğlub edildikdən sonra ingilislərin dəniz sahəsində özlərinə inamları da artdı. İngilis gəmiləri Şimali və Cənubi Amerika sahillərində ispan gəmilərini talan edir və xeyli qənimət ələ keçirirdilər. 


Bununla da İngiltərənin ilk koloniya qurma təşəbbüsləri başladı. İlk vaxtlar uğurlu olmasalar da bu sahəyə maraq getdikcə artdı və həm Amerika, həm də Uzaq Şərqdə torpaqlar əldə etmək kraliça tərəfindən üçün maliyə dəstəyi ayrıldı.

İngiltərə artıq “bakirə kraliça”sını sevmirdi...

Bu dövrdə İngiltərədə təhsil, ədəbiyyat, musiqi, teatr sahələri xüsusilə inkişaf edirdi. Bacarıqlı rəssamlar kraliçanın möhtəşəm miniatürlərini çəkirdilər, kilsələrdə və evlərdə müqəddəs kitabın tərcümələri başda saxlanılırdı. İngiltərənin bu dövrü “Qızıl Dövr” adlanır. Amma bu dövr də uzun çəkmir. Elizabetin ilk illəri nə qədər uğurlu idisə, son illəri bir o qədər uğursuz olmuşdu demək yerinə düşər. Onun bəzi adamlara xüsusi imtiyazlar verməsi sarayda rəqabətə yol açmışdı və bu, üsyanla nəticələndi. Elizabetin krallığı bir daha dinə görə bölündü. Katoliklər protestant ayinlərinə qoşulmaq istəmirdilər. Elizabetin hakimiyyəti dövründə təxminən 200 keşiş və sadə vətəndaş edam edildi, puritanlar həbsə atıldı. İrlandiyada ingilis hakimiyyətinə qarşı üsyan baş verdi. Ölkədə işsizlik hökm sürür, evsizlərin sayı artırdı. Elizabet isə artıq nüfuzunu itirmişdi, İngiltərə “bakirə kraliça”sını sevmirdi. Bütün bunlar Elizabet üçün çox ağır oldu və 1603-cü ildə Elizabet Tüdorların sonuncu nümayəndəsi olaraq həyata gözlərini yumdu.

Köhnə tarixçilər Elizabetin uğurlu kraliça və güclü lider olduğu barəsində həmfikir idilər. Lakin bəzi müasir tarixçilər Elizabet haqqında bu qədər müsbət fikirdə deyil. Tarixçilərdən biri qeyd edirdi ki, kraliçanın populyarlığının əsas səbəbi öz propagandası olub.

Bütün bu fikirlərə baxmayaraq bu da danılmaz həqiqətdir ki, qadınların arxa planda olduğu bir dövrdə Elizabet öz zəkası və idarəetməsi ilə tarixdə önəmli yer tutmuş və xalqı tərəfindən də çox sevilmişdi. Elizabet İngiltərənin ağır dövründə hakimiyyətə gəlib böyük çətinliklərlə üzləşsə də İngiltərəyə “Qızıl dövr” yaşatdı. Onun dövründə İngiltərə təhsil, mədəniyyət kimi sahələrdə xeyli irəlilədi: Bölücü din faktorları aradan qaldırıldı və əsas diqqət anglikan kilsəsinin gücləndirilməsinə yönləndildi. Xalqı ilə necə ünsiyyət quracağını yaxşı bilən Elizabet geyimini, bədən dilini və nitqini inkişaf etdirmiş, kütləyə necə nüfuz edəcəyini çox yaxşı öyrənmişdi. Elə buna görədir ki, o, ölümündən sonra əfsanəyə çevrildi və unudulmaz qadın lider olaraq xalqının yaddaşında qaldı. Heç vaxt evlənməyən və özündən sonra varis qoymayan bu qadın İngiltərə tarixində çox önəmli yer tutur. Təkcə İngiltərə tarixində deyil eyni zamanda dünya tarixi üçün belə bir uğurlu qadın simanın formalaşması müstəsna hadisədir.

İlahə İbrahimova
ACSIS Araşdırmalar Mərkəzi
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti