"Azərbaycan turizmin inkişafının başlanğıcındadır" - "MFM-lə öyrən"

18-06-2017, 16:41
Oxunub: 1979
"Azərbaycanın turizm üçün çox ciddi potensialı var"


Bu gün (18.06.2017) məşhur "Pullman" hotellər şəbəkəsinin Azərbaycandakı baş meneceri Denis Nohaik Milli Fikir Mərkəzinin ofisində gənclərlə görüşüb. "MFM-lə öyrən" layihəsi çərçivəsində keçirilən seminarın mövzusu "Biznes, turizm, hotelçilik" olub.

Etatist.com xəbər verir ki, D.Nohaik gənclərə turizm, hotellərin işləmə prinsipləri, departamentlər haqqında geniş məlumat verib:

"Mən turizm eksperti deyiləm, amma çalışacam ki, bu məsələdə təcrübəmi sizinlə bölüşüm. Fransada hotel və restoran önəmli rol oynayır. Bildiyimiz kimi Fransaya xeyli turist axını olur və buna görə də ölkədə kiçik kafelərə və hotellərə çox rast gəlinir. Biz də hotel sənayesinə belə başlamışıq. Fransızlar restoran və hotellərdə daha çox yeməyə üstünlük verirlər, yəni yeməklər mükəmməl olmalıdır".

Hotel işçilərində davranışın və gülümsəmənin vacib olduğunu bildirən qonaq qeyd edib ki, bu, hotelə gələn insanların özlərini rahat hiss etmələri üçün vacibdir:

"Hoteldə işləmək üçün xüsusi bacarıqlarınız olmalıdır. Birinci tələb edilən şey digər insanları sevməkdir; insanlara sevgi göstərməlisiniz. İkincisi müştərilərə bələdçilikdir. Əgər sizin kiçik hoteliniz varsa, bələdçiliyi özünüz etməlisiniz.

Hoteldə işləyən insanlar dəqiq olmalıdır. Çünki hər şey vaxtla olur və qonaqların rahatlığı üçün biz də dəqiq insanlara üstünlük veririk".

"Azərbaycan turizmin inkişafının başlanğıcındadır" - "MFM-lə öyrən"

"Amma insanlarla çalışmaq adama rahatlıq verir".


D.Nohaik qeyd edib ki, hotel sənayesində çalışan insanların əsas problemləri ailələrinə vaxt ayıra bilməmələridir:

"Bayram günləri bizim üçün də önəmlidir. Buna baxmayaraq biz bayram günlərində öz ailəmizlə birlikdə ola bilmirik, hoteldəki insanların rahatlığı üçün çalışırıq. Amma insanlarla çalışmaq adama rahatlıq verir".

"Onu da deyim ki, hotelə gələn müştərilərin hamısı xoşniyyətli olmur. Bəzi insanlar var ki, şikayət etmək üçün nəsə axtarırlar. Bu da ödəniş etməmək üçündür. Amma işçilər səbirli olmalıdırlar. Şikayət edən hər insanı səbirlə dinləmək lazımdır. Yalnız müştərilərlə yox, həm də işçilərlə də səbirli davranmaq çox vacibdir. Ortaya səmərəli iş qoymaq üçün işçiləri də dinləmək və onlarla ortaq məxrəcə gəlmək lazımdır. Müəyyən insanlar olur ki, onlarla ünsiyyət sizin dünyabaxışınızı dəyişir. Uşaq vaxtı öz ölkənizdə öyrənmədiklərinizi o insanlarla ünsiyyət zamanı öyrənirsiniz" - deyə D.Nohaik əlavə edib.

Daha sonra məruzəçi hotel departamentləri, bu departamentlərin iş prinsipləri barədə gənclərə məlumat verib:

"Hoteldə baş menecer vəzifəsində çalışmaq üçün belə sizin diploma ehtiyacınız yoxdur. Ən aşağı vəzifədən də başlayıb buraya yüksələ bilərsiniz".

"Azərbaycan turizmin inkişafının başlanğıcındadır" - "MFM-lə öyrən"

"Azərbaycanın turizm üçün çox ciddi potensialı var".


Azərbaycan turizmi haqqında danışan Denis Nohaik bildirib ki, Azərbaycan turizmin inkişafının başlanğıcındadır: 

"Mən Əbu-Dabidə olanda oralar ancaq səhralıq idi. Mən dostlarıma burada hotel açmağın yaxşı olacağından danışdım. Dostlarım mənə güldülər və dedilər ki, səhrada heç nə etmək olmaz. Amma bu gün ora çox inkişaf edib.

İndi Azərbaycan da o inkişafa çata bilər. Çünki Azərbaycanın çox geniş imkanları mövcuddur. Ora səhra idi, amma sizin meşələriniz, dağlarınız, gölləriniz var.

Çox insan turlara böyük məbləğlər sərf etmək istəmir. Turist kütləsi yaratmaq üçün onların büdcəsinə uyğun təkliflər vermək lazımdır ki, həm onlar səyahət etsinlər, həm biz pul qazanaq.

Mən Azərbaycanda bir şeyə diqqət etmişəm ki, ailələr tərəfindən yaradılan və xidmət göstərilən hotellər var. Bir də 5 ulduzlu hotellər var ki, burada ərəblər, xarici vətəndaşlar qalırlar. Mənə elə gəlir ki, onlar yalnız 5 ulduzlu hoteldə qalmaq üçün bura gəlirlər. Onların çox pulu var və mən inanmıram ki, Azərbaycanın mədəniyyətini öyrənmək istəyirlər.

Azərbaycan turizmini genişləndirmək üçün Cənubi Afrika, Kanada ilə viza şərtlərinə yenidən baxa bilər. Bununla yanaşı, 4 və ya 5 ulduzlu hotellər inşa edə bilərlər. Yalnız Bakıda yox, Bakı ətrafında da 3 ulduzlu hotellər tikmək olar. Məsələn, Azərbaycanın müxtəlif regionlarına 15 günlük turlar təşkil oluna bilər. Bu da insanların büdcəsinə uyğun olmalıdır. Əmin olun ki, Azərbaycanın turizm üçün çox ciddi potensialı var".
 
Məruzəçi sonda gənclərin suallarını davablandırıb.

"Azərbaycan turizmin inkişafının başlanğıcındadır" - "MFM-lə öyrən"

"İşçi seçəndə, adətən, təcrübəyə yox, bacarığa üstünlük verirəm".


Səid Əlizadə:
- İşçilərinizi seçərkən hansı kriteriyalara üstünlük verirsiniz?

- Birincisi ingilis dilini bilmələrinə. Çünki xaricdən zəng gəlir və bu zənglərə ingilis dilində cavab vermək lazımdır. Namizədlər, adətən, diplomları ilə gəlirlər, amma mən heç vaxt onlara baxmıram. Vəzifəsindən asılı olmayaraq, bütün müsahibələrdə birbaşa özüm iştirak edirəm. İşçi seçəndə, adətən, təcrübəyə yox, bacarığa üstünlük verirəm. Sual verməklə öyrənirəm ki, o, özünü inkişaf etdirmək istəyən adamdırmı? Əgər elədirsə, həmin adamı seçirəm. Bayaq da qeyd etdiyim kimi bizim üçün gülümsəmə, davranış, danışıq tərzi çox önəmlidir. Mən 8 aydır Azərbaycandayam və bura gələndən artıq hotellə əlaqəsi olmayan 5 adamı işə seçmişəm, onlarla çalışıram.

"Azərbaycan turizmin inkişafının başlanğıcındadır" - "MFM-lə öyrən"

Ləman Həşimli:

- Baş menecer kimi burada əyləşən gənc menecerlərə nə kimi məsləhətlər verərdiniz?

- Misal üçün bizim şöbədə 25-26 yaşlarında 3 qız işləyir ki, onların hotellə heç bir əlaqəsi yoxdur. Amma biz işdə hər zaman onların yanındayıq, onları öyrədirik və dəstək oluruq. Əgər hansısa səhv etsələr, onlarla oturub söhbət edirik. Niyə səhv etdiklərini soruşuruq və nəyə görə səhv etməməli olduqlarını başa salırıq. Özlərini doğruldan işçiləri təcrübə keçmək üçün baş ofisə göndəririk. Əvvəl də qeyd etdiyim kimi 3 qızdan biri özünü doğrultduğundan onu təcrübə keçmək üçün Parisə göndərəcəyik. O, Parisdə bütün departamentlərdə təcrübə keçəcək və gəlib burada işinə davam edəcək.

Düşünməyin ki, hoteldə işləmək üçün menecment, iqtisadiyyat ixtisaslarını bitirməlisiniz. Neft Sənayesi Universitetini bitirən 3 nəfər iş üçün müraciət edib, təəssüf ki, onlardan birini seçməliyəm. O da təhlükəsizlik şöbəsində çalışacaq. İnkişaf etmək üçün siz işinizi sevməlisiniz. Əgər bu işi pul üçün görürsünüzsə, istədiyiniz yerə gedib çatmayacaqsınız.

Daha sonra Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə söz alıb və gənclərlə görüşə gəldiyi üçün qonağa təşəkkürlərini bildirib:

"Öncəliklə gəldiyiniz üçün sizə təşəkkür edirəm. Biz təşkilat olaraq müxtəlif ölkələr üzrə təcrübələri öyrənirik. Həmçinin Fransanı da. Sizin gəlib gənclərlə görüşməyiniz, öz təcrübələrinizi bölüşməyiniz gənclərin inkişafı üçün böyük addımdır. 

Siz bir məsələni qeyd etdiniz ki, işçi seçərkən diploma yox, bacarığa, əməyə üstünlük verirsiniz. Mən də belə düşünürəm və indi bir daha öz fikrimin dəqiqliyindən əmin oldum. Bu mənim üçün maraqlı təcrübə idi".

Sonda Milli Fikir Mərkəzinin adından məruzəçiyə hədiyyə verilib və o, MFM ofisindəki işin gedişatı ilə tanış olub.

"Azərbaycan turizmin inkişafının başlanğıcındadır" - "MFM-lə öyrən"

"Azərbaycan turizmin inkişafının başlanğıcındadır" - "MFM-lə öyrən"

"Azərbaycan turizmin inkişafının başlanğıcındadır" - "MFM-lə öyrən"

"Azərbaycan turizmin inkişafının başlanğıcındadır" - "MFM-lə öyrən"

"Azərbaycan turizmin inkişafının başlanğıcındadır" - "MFM-lə öyrən"

"Azərbaycan turizmin inkişafının başlanğıcındadır" - "MFM-lə öyrən"

"Azərbaycan turizmin inkişafının başlanğıcındadır" - "MFM-lə öyrən"

Elvin Mahmudov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti