"Tarkovski mükafat rejissoru deyildi" - MÜSAHİBƏ

16-06-2017, 18:01
Oxunub: 960
"İctimai fəaliyyət ehtiyaclardan biridir"


Faiq Azər facebook sosial şəbəkəsində tanınan "Monitor" səhifəsinin admini və keçirdiyi sorğulardan tanıdığımız bloqerdir. Onun videoları hər zaman insanlar tərəfindən birmənalı qarşılanmayıb. Özünün də dediyi kimi, ictimai fəaliyyətə az yaşından başlayıb artıq rejissorluq ixtisası üzrə özünü təkmilləşdirmək istəyir. Onun video-sorğularını, müsahibələrini izləmişik, istədik həm də özündən müsahibə götürüb şəxsi fikirlərini də oxuculara təqdim edək. 

Etatist.com "Gənc - Gələcək" layihəsi çərçivəsində bloqer Faiq Azər ilə müsahibəni təqdim edir:

"GƏNC - GƏLƏCƏK" LAYİHƏSİ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.



- Əksər ictimai fəaliyyətlə məşğul olan insanları onsuzda çox adam tanıyır. Amma onların özlərini necə təqdim etməsi daha maraqlı və fərqli olur. Siz özünüzü necə təqdim edərdiniz?
- Təbii ki, sizin dediyiniz kimi video blogger, bəzi vaxtlarda foto blogger, müxbir, jurnalist və rejissorluq fakultəsinin tələbəsi, köşə yazarı.

-Nə qədər vaxtdır ictimai fəaliyyətlə məşğulsunuz?
-14-15 yaşımdan, haradasa 7 ildir.

- Xeyli müddətdir, bu illər sizə nə qazandırdı?
- Bu illər mənə Azərbaycan ictimaiyyətini, ələlxüsus, Azərbaycan ictimai çevrəsini, Azərbaycandakı vəziyyəti, ölkədə nə etmək gərəkdiyini, bəzi məsələlərin olmasını və bəzi addımların atılmasına ehtiyac olduğunu göstərdi.

- Sorğularınızı izləyirəm. Hər biri özünəməxsus sualları ilə seçilir. Onlardan biri daha çox diqqətimi çəkmişdi. “Niyə saqqal saxlayırsız?” sualı. Siz saxlamadığınız üçün sizdən əksini soruşmalı olacam. Niyə saqqal saxlamırsız?
- Üzümdə saqqal çıxmadığına görə paxıllıq edib o sualı verirəm, qısqanıram yəqin ki (gülür). Yox, elə bir şey yoxdur, təbii ki. XXI əsrdə, axırıncı bu 2010-2011-ci illərdə dünyanın hər yerində saqqal dalğası başladı, hamı saqqal saxladı. Belə bir klişe də ortaya çıxdı ki, qadınlar saqqallı kişiləri bəyənir və s. Təbii ki, bu, kremlərin reklamlarına görədir. Real olmayan bir şey ortaya çıxdı. Mənə də bu maraqlı gəldi ki, görəsən, niyə saqqal saxlayırlar. Yalnız bu son saqqal dəbinə görə mən bu sorğunu keçirdim.

- İxtisasınız kino rejissordur. Özünüz seçmisiniz bunu?
- Bəli, özüm seçmişəm. İxtisasın adı kino rejissorluq, fakultə kino, televiziya və radiodur. 6-cı sinifdən bəri həm radio, həm televiziya, həm də kino sahəsində işləmək istəmişəm. Səhv ölkədə olduğumun fərqindəyəm, amma uşaqlıq xəyalı olduğu üçün mən bunun arxasınca getmək istəyirəm. Çünki özümü başqa heç bir ixtisasda görmürəm.

- Ən sevdiyiniz rejissor kimdir?
- Tək ad çəkə, tək film deyə bilmərəm. Bu ancaq kinomanların işidir. Kino izləyicisi tək ad deyə və bütün gün ondan danışa bilər. Bizim cəmiyyətdə bu mövcuddur ki, bir rejissordan tuturlar, ancaq ondan danışırlar, bütün mövzu ondan gedir. Elə olmur. Mən kinonun nəzəriyyələrini bildiyim, kinoya başqa tərəfdən baxdığım üçün, referenas aldığım rejissorlar var. Kinoda ustad anlayışı var. Məsələn, mən neçə yaşıma da gəlsəm, onun filmini təkrar izləyəcəm. 16 yaşımda da izləmişəm, indi də izəyirəm, izləyəcəm də. Bu Tarkovskidir. Rus, sovet dramaturqu, kino rejissoru Andrey Tarkovskidir. Təbii ki, bu Tarkovskiylə yekunlaşmır, 80-ci illər film dalğasından təkcə onun adını çəkmək olmaz. Burada başqa rejissorlar da, 2 il əvvəl rəhmətə getmiş iranlı Abbas Kiarostami, İsveç kinorejissoru İnqmar Berqman, hal-hazırda müasir və postmodern janrda bəyəndiyim cənubi kareyalı Kim Ki Duk. O, “art-house” janrına heç bir yenilik gətirməsə belə, öz tərzini ortaya qoyan sənətçilərdən biridir.

- Tarkovskidə daha çox nəyi bəyənirsiniz?
- O, təkcə filmlərindən danışılacaq bir şəxsiyyət deyil. Bunu belə müqayisə edə bilərik. Məsələn, rus ədəbiyyatında nəhəng insanlar var ki, biz həmişə onların adlarını sadalayırıq - Nabokov, Dostoyevski, Çexov, bütün rus ədəbiyyatı oxucuları onları tanıyır və tanımalıdır da. Tarkovski bu xətdə və buna yaxın müzakirə mövzusudur. Biz əgər Dostoyevskinin böyüklüyünü qəbul ediriksə, kino sənətində də Tarkovskinin böyüklüyündən yan keçmək olmaz. Böyük sovet film ənənəsində illərdir ancaq inqilabi filmlər çəkirdilər, amma insan qaynaqlı, insanın problemləri, iç dünyası ilə bağlı filmlər çəkilmirdi. Tarkovski filmdə, “art-house” janrı ilə təkcə SSRİ-də yox, bütün dünyada tanınmağa başladı. Bir dönəm SSRİ-də tanındı, sonra müəyyən yaşdan sonra dünyaya çıxmağa başladı. Onun təkcə tərzi yox, həm də şəxsi keyfiyyətləri, fikirləri fərqli idi. Ən əsası dönməzlik var idi. Bəzi rejissorlar var ki, sırf mükafat almaq üçün yazırlar, Tarkovski mükafat rejissoru deyil, olmayacaq da. Mən burada onu tərifləməklə bir nəticəyə gəlməyəcəm, ehtiyac da yoxdur, onun böyüklüyü məlum məsələdir. Sadəcə film nəzəriyyəsi olaraq sənətin və sənətçinin təkcə filmləri ilə yox, öz şəxsi keyfiyyətləri də var ki, bu, insana toxunur, təsir edir. Tarkovski elə bir adam idi. Daha çox mənəviyyatla, xristian provaslav dini ilə yaxın olan bir şəxsiyyətdir, amma bu bildiyimiz provaslavlıq, dindarlıq deyildi. O, tamam başqa mənəviyyata toxunurdu. Tarkovskinin müzakirəsi hər zaman açılır, universitetdə biz kiçik bir film klubu kimi çevrə var, orada müzakirələr aparırıq. Çox uzun çəkir - 3, 4, hətta 5 saat. Amma yekun nəticəyə gəlmək olmaz. Biz Tarkovskidən heç bir nəticə gözləyə bilmərik. Onun bir filmi var “Zerkala” (Güzgü). Bu film çəkiləndən sonra çox müzakirələrə səbəb oldu, heç kim bunu anlamırdı. Jan Pol Sartr Tarkovskiylə bağlı fikir bildirmişdi ki, onun filmləri çox qarışıqdır, anlamaq olmur. O mənim çox sevdiyim yazarlardan biridir, amma Tarkovskinin filmlərinə fəlsəfi cəhətdən baxdığı üçün anlaya bilmədi. Tarkovski də cavab vermişdi ki, mənim məqsədim Sartrın anlayacağı məqsəd deyil, mən sənətçiyəm, mən intellektual olmaya da bilərəm. Burada məqsəd intellektual ağırlıq deyil, burada dua var ki, mən onu çatdırmaq istəyirəm. Sənətin məqsədi insandır, insanın da məqsədi duadır - Tanrıya dua. Bu tanrının fərqi yoxdur. Ona görə də Tarkovski mənim yeganə ən çox sevdiyim, rəğbət bəslədiyim rejissorlardan biridir. Ondan başqa Kşiştof Kyeslovski var. Lodz Film məktəbindən gəlir. Musa Peyğəmbərin 10 əmri üzərinə çəkdiyi “Dekalog” seriyası var.

- Azərbaycan filmlərində bəyənmədiyiniz xüsusiyyətlər var?
- Bəli, var və çoxdur. Ələlxüsus, 1991-1992-ci il müstəqillik dövründən sonra çəkilən bütün filmlərdə bəyənmədiyim detallar da, filmlər də, aktyorlar da var. Mən heç kimi qınamaq istəmirəm. Özümdən yaşca böyük insanları tənqid etmək istəməzdim, çünki 22 yaşım var. Hal-hazırda müstəqillik dövründə çəkilən, hakimiyyətin pul ayırdığı (pul ayıran şəxslərin də günahı yoxdur, burada çəkənlərin günahı var) filmlərdə kifayət qədər bəsitlik, dərin heç bir predmet olmayan, dərin sənət anlayışı olmayan filmlər çəkilir.

- Misal deyə bilərsiz həmin filmlərə?
- Təbii ki, deyə bilərəm. Bu yaxınlarda baxdığım, Azərbaycan kino teatrlarında göstərilən “Qayıdış” filmi idi. Bilmirəm kimin filmidir. Dram deyirlər, amma dram da deyil. Sadəcə bəsitlik, primitivlik var, sənət adlandıra bilmərik. Kommersiya da deyə bilmərik. Heç ticari uğur da yoxdu onda. Son Azərbaycan filmlərinin (Adil İsgəndərov məktəbindən getmir söhbət, müstəqillik dövründəki filmlər) heç birini bəyənmirəm. “Pərdə” filmini çıxmaq şərtiylə. Səhv etmirəmsə, Emil Quliyevin idi. Bu filmi mən uğurlu hesab edirəm.

- Sizcə, bir insan, bir Azərbaycan vətəndaşı nəyə görə ictimai fəaliyyətlə məşğul olmalıdır?
- İctimai fəaliyyətlə məşğul olmayanda onsuz da ictimai fəaliyyət sizlə məşğul olur. İctimai fəaliyyət ehtiyaclardan biridir. Dünyanın heç bir yerində kiminsə bununla maraqlanmamağı belə mümkün deyil. Hələ məşğul olmağı kənara qoyuram, maraqlanmasın. İctimai fəaliyyət insana özgüvən qazandırır. Sən bir cəmiyyətə üzv olursan, hansısa gənclər təşkilatına, mərkəzə, ya da gənclər partiyasına. Evdə apolitik qalmısan, siyasi ya da ictimai fəaliyyətlə məşğul ola bilmirsən, sənə imkan vermirlər. Sən məcbur ictimai fəaliyyətlə məşğul olursan ki, sosial bir çevrədə olasan, çevrəyə fikirlərini çatdırasan. Çünki sənin evdə sıxıldığın, darıxdığın problemlər səninlə eyni şəhərdə olan başqa insanlar da mövcuddur, sən onlarla eyni fəaliyyətlə məşğul olub nəyisə dəyişməlisən. Dünya tarixində də bunun, gənclər hərəkatının kifayət qədər nümunələri var. Məsələn, Moskvada keçirilən aksiya, orada gənclərin təşvişi, özlərinin ortaya atdığı bir problem var idi - “biz etiraz etməliyik”. Ona görə də ictimai fəaliyyət ehtiyacdır, insanın yemək yeməsi, su içməsi kimi. İctimai fəaliyyətlə məşğul olmayanda cəmiyyətdəki problem sizin qapınızı döyür, içəri girir ki, mən probleməm, gəlmişəm və gəlir səni boğmağa. Ona görə də məcbursan ki, ictimai fəaliyyətlə məşğul olasan.

- Sizin üçün “dəyər” nədir?
- Dəyər, ümumiyyətlə, mücərrəd mənada işləndiyinə görə ona bir prizmadan baxa bilmərəm. Şəxsən mənim şəxsi keyfiyyətlərimdə dəyər sıx dostluq münasibətləridir. Heç vaxt satılmayan, xəyanət olunmayan, bir-birini əzməyən dostluq. Mən dəyəri sırf dostluq münasibətlərində görürəm.

- Filosoflardan ən çox kimi oxuyursuz və fikirləri ilə razısız?
- İkisi bir-birinə yaxın olan fəlsəfə və ədəbiyyatda daha çox Alber Kamyunu bəyənirəm. Müxtəlif romanlar oxusam da, onun “Yad” romanının təsiri mənim üzərimdə kifayət qədər qalıb. Bəlkə də dəyişəcək, amma hal-hazırda ədəbiyyatda və fəlsəfədə Alber Kamyunu deyərdim.

- O romanda sizə nə təsir etmişdi?
- Bir dönəmim var idi ki, krizdəydim. O krizin içinə düşdüyüm vaxtda əlimə o kitab keçdi. Zeki Demir Kubuzun bir müsahibəsində Alber Kamyunun “Yadını” eşitdim. Maraqlandım onunla. Bəlkə də bunu yeniyetməlik krizi adlandıra bilərik. O yaş vaxtı, “adölesan”, yəni ərgənlik dönəmində bu roman mənim üçün önəmli idi. Krizdən çıxmaq üçün mənə yaxın bir obraz tapmalıydım. O da “Yad” romanındakı Merso idi. Bu romandakı Merso mənə çıxış yolu göstərmirdi. Çünki o, sonda edam olunacaqdı. Amma mən o qədər tək qalmışdım ki, bu roman dost kimi mənim masamın üstündə idi. Uşaqlıq və yeniyetməlik vaxtından mənə təsiri olan əsərlərdən biridir. Birdə Tolstoyun “Etiraf”ı.

- Həyatda nə üçün çalışırsız? Nəyə nail olmaq istəyirsiz?
- Kino rejissorluq, kino, televiziya, radio - bu ixtisasda çalışmaq istəyirəm. Bizim ölkəmizdə bu nə qədər mümkündür bilmirəm. Amma mümkün olduğu qədər bu işlə məşğul olmaq istəyərdim. İddialı danışıb kinoda nələr edəcəm demək istəmirəm. Bunları danışmaq üçün tezdir. Bu “küstahlıq” ola bilər. Özümü kinomatoqrafiyaya həsr edəcəm, həmçinin ona yaxın olan ədəbiyyata, ssenari yazarlığına və s.
İlkay Əliyeva
Etatist.com
Şərhlər : 5 Şərh yaz
Abbas789 14 iyul 2017 02:43  

Chox maragla oxudum. Bu ushaq chox maragli adamdir. Geleceyine guvenirem bele genclerin. Boyuk adam olacak

Rovsen 19 iyul 2017 21:11  

Bu yasda bir genc usaqdan bele fikirlerin chixmasi eladir. Chox parlaq fikirlerdir. 

Vasim 6 avqust 2017 18:02  

Sorgularini ve seyfesiniz izleyirem. Bu uwaq Kann alacaq. Bizim olkedende bu uwaq kimiler cixacaq ve gedib Kann alacaq. Ele uzune baxanda bilinirki bu uwaqda nese var. Geleceyi parlaq olsun inwallah. Gorersiz gedib nese mukafat zad alacaq

Zahid 8 avqust 2017 23:23  

Cox istedadli gence oxwayir. Rejissor olacagina inaniram

Ziya 15 avqust 2017 13:26  

 Cox maraqla oxudum. Amma inanmıram ne o jurnalist qiz, ne camaat basa dussun. Cetin meseledi. Ugurlar

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti