"Kitab heç vaxt təbii ehtiyaca çevrilə bilməz" - Oxucudan müsahibə

15-06-2017, 12:22
Oxunub: 1637
"Kitabla içə-içə yaşayan, kitabı sevən hər kəs "Kitabıstan" vətəndaşıdır"


“Kitabıstan” oxucularla müsahibəni davam edir. Bu dəfəki müsahibimiz Azərbaycan Texniki Universitetinin tələbəsi Elçin Quluzadədir.

Etatist.com həmin müsahibəni təqdim edir:

- Kitab oxumaq nə zaman təbii ehtiyaca çevrilə bilər?
- Kitab heç vaxt təbii ehtiyaca çevrilə bilməz. Daha çox mənəviyyatla bağlı məsələdir. Çoxu vaxtının olmadığını deyir. Ancaq məişət problemlərindən qurtulduqdan sonra mənəviyyatı, ruhu qidalandırmaq haqqında düşünə bilər. 

- Mənəviyyatı qidalandırmaq ... maraqlıdır. Sizin ən sevdiyiniz “qida” hansı kitabdır?
- Real həyatlardan həqiqətləri əks etdirən kitabları daha çox sevirəm. Bioqrafik, klassik, ya da realizm üslubunda yazılmış romanlar da ola bilər.

- Kitablar cəmiyyətə yol göstərə bilərmi?
- Kitablar körpü rolunu oynayır, insanı bilgiləndirir. Daşlıqlarla, çayın arasıyla dağın o biri tərəfinə keçə bilərsən. Ancaq kitab insana bilgi verir, düşdüyü çətinliklərdə necə davranmalı olduğunu öyrədir. Körpü yoxdursa, anlayırsan ki, o körpünü biri tikməlidir, yoxsa digər gələnlər də keçə bilməyəcək.

- “Körpü olmağın” məsuliyyətini necə dərk edirsiniz?
- Dərk edirəm. Həmin anda həyati duyğulardan imtina etmək lazım gəlir... Digərləri daha yaxşı yaşasın deyə.

- Ən çox sevdiyiniz yazıçı kimdir?
- Cek London.

- Nəyə görə?

- Martin İdenin məqsədləri üçün apardığı mübarizə xoşuma gəlmişdi. O romandan çox şey öyrənmək olar. “Martin İden” həyatı dəyişən 10 kitabdan biridir. Hamıya oxumağı məsləhət görürəm. Hekayələrində isə təsvirləri o qədər gözəl yazıb ki, insan özünü hekayənin içində hiss edir. 

- Həmin yazıçının “Dəmir daban” romanındakı anti-utopik təsvirlər bizim cəmiyyətimiz üçün də keçərli ola bilərmi?
- Mən hesab etməzdim. Digər anti-utopik əsərlər daha çox yaxındı.

- Azərbaycan yazıçılarından kimləri oxuyursunuz?
- Öz yazıçılarımıza qərəzli yanaşmıram. Demək olar, əlimə fürsət düşdükcə əksəriyyətini oxuyuram.

- Bizim ədəbiyyat cəmiyyətimizə mənəvi qida kimi bəs edirmi?
- Hər kəsin mənəviyyatı eyni deyil axı. Ola bilsin ki, bəziləri üçün mənəvi qida olsun.

- Kitab oğurlamısınız?
- Vaxtilə oğurlamışam (gülür).

- Hansı kitabları?
- Nitşenin külliyatından 4 kitab olub. Albert Kamüdən bir kitab. Adlarını deyib deşifrə olmaq istəmirəm (gülür).

- Özünüzü “Kitabıstan” vətəndaşı hesab edirsiniz?
- Kitabla içə-içə yaşayan, kitabı sevən hər kəs “Kitabıstan” vətəndaşıdır.
Rəvan Cavid
Kitabıstan
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti