"Müasir Azərbaycan ədəbiyyatına çox da müraciət etmirəm" - Oxucudan müsahibə

13-06-2017, 18:18
Oxunub: 3115
"Hər kəs klassikadan heç olmasa 5 kitab oxumalıdır"


"Kitabıstan" oxucularla müsahibəni davam edir. Bu dəfəki müsahibimiz səhifənin aktiv izləyicilərindən biri Aynur Hacıyevadır. Müsahibələrdə məqsəd kitab təbliğatını gücləndirmək, gənclərə kitab oxumağı təşviq etməkdir.

Etatist.com Aynur Hacıyeva ilə müsahibəni təqdim edir:

- Salam, Aynur xanım, hal-hazırda hansı kitabı oxuyursunuz?
- Hal hazırda “Madam Bovari” və “Qatardakı qız” kitablarını paralel oxuyuram. Fərqli dövrlərə aid iki kitab...

- Bəs, ümumiyyətlə hansı kitabları daha çox oxumalıyıq, ya da əksinə?
- Hər janrda oxumaq lazımdır ki, nə axtardığını tapa biləsən. Məncə oxunmamalı janr yoxdur. Oxunmamalı yazarın kitabları var. Amma məncə hər kəs klassikadan heç olmasa 5 kitab oxumalıdır. Bu “olmasa olmazdır” mənə görə.

- Oxuyacağınız kitabı seçərkən nələrə diqqət edirsiz?
- Sevgidən uzaq olmasına. Düşünürəm ki, sevgini oxumalı deyiləm, onu yaşamalıyam (gülür).

- Kitabların bizi asosiallaşdırdığı fikri ilə razısız?
- Deyəsən bir az asosialam. Kitab oxuyandan bəri içimə qapanmışam. Ancaq bu içə qapanma qaranlığa qərq olma deyil. Əksinə, aydınlandığımı düşünürəm. Ətrafımdakılar isə bəzən mənim soyuq insan olduğumu düşünürlər. Olsun, mən halımdan məmnunam. 

- Müasir Azərbaycan ədəbiyyatı haqqında nə düşünürsünüz?
- Seçimlərim əsasən keçmiş və xarici yazarlardan yanadır. Müasir Azərbaycan ədəbiyyatına çox da müraciət etmirəm. Maraq dairəm nədirsə onu oxuyuram.

- Sizcə indi Azərbaycanda ən çox oxunan yazıçılar kimlərdi?
- Mənə görə Rövşən Abdullaoğlu birinci sıradadır.

- Biz xarici yazarların əsərlərində heç vaxt Sevdalara, Lalələrə, Günaylara rast gələ bilmərik. Bəs, yerli əsərlərdə bu qədər Cesikalar, Jasminlər, Elyanoralar niyə? Sizcə obrazların adlarını,  məkanları fərqli seçmək əsərin keyfiyyətinə təsir edirmi?
- Bu üsuldan sadəcə yazarlarımız deyil həm də kafelər, restoranlar, geyim dükanları və s. istifadə edirlər. Deməli, həqiqətən, psixoliji təsiri var. Hətta mən də bəslədiyim heyvanlarıma hər zaman xarici adlar seçmişəm. Belə daha maraqlı gəlir: Simba, Sofi, Çarli, Sebastian, Liza və s.

- Şöhrəti ilə istedadının tərs mütənasib olduğunu düşündüyünüz yazıçılar varmı?
- Xan Abdullanın çox istedadlı olduğunu düşünürəm, amma qədri bilinmir hələki. Gələcəkdə onun istedadına yaraşan şəkildə məşhur olmasını istəyirəm...

- Bizim yazıçılar həmişə oxucu qıtlığından şikayətlənir. Sizcə doğurdanmı günah oxucudadır?
- Digər oxucuları bilmirəm, amma mənim seçimlərim daha çox illərin sınağından keçmiş kitablar olur.

- Ölmədən oxunulması vacib kitablar hansılardır sizcə?
- Gi de Möpassan. Ağlıma ilk o gəlir bu sualı eşidəndə.

- Təşəkkür edirik, Aynur xanım.
- Mən təşəkkür edirəm. “Kitabıstan”ı uzun müddətdir izləyirəm, fəaliyyətinizdə uğurlar arzu edirəm.
Günəş Bağırova
Kitabıstan
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti