"Yaponiyada adminstrator yer silə, qab yuya bilər" - MÜSAHİBƏ

12-06-2017, 12:59
Oxunub: 2076
"İmperator çıxıb “Mən Allahın övladı deyiləm” dedikdən sonra artıq o müqəddəsliyini itirir"


Yaponiya bizim üçün çox az kəşf edilən bir yer olaraq qalmaqdadır. Onların mədəniyyəti, ənənələri haqqında kitablardan, internetdən oxusaq da, bu çox kasad məlumat sayılır. Onların mədəniyyətinin vacibliyini nəzərə alıb bu sahədə çalışan yaponşünas Pərvin Kərimovadan müsahibə götürüb sizə təqdim etmək istədik. Yaponiya ilə bağlı suallarımıza cavab tapmağa çalışdıq. 

Etatist.com "Gənc - Gələcək" layihəsi çərçivəsində yaponşünas Pərvin Kərimova ilə müsahibəni təqdim edir:

"GƏNC - GƏLƏCƏK" LAYİHƏSİ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.



- Bildiyimiz kimi, Azərbaycan cəmiyyəti üçün Uzaq Şərq mədəniyyəti həmişə maraqlı olub. Siz oradan gələn bir insan kimi özünüzü necə təqdim edərdiniz?
- Mən öz təhsilimlə bağlı getmişdim Yaponiyaya. Burada da ixtisasım Yaponiya ilə bağlıdır. Hal-hazırda da turizm sahəsində çalışıram. O da yenə Yaponiya üzrədir. Və turizm sahəsində çalışdığım üçün hər gün Yaponiyanı təbliğ etməli oluram. Bu da məni çox sevindirir.

- Bəs nəyə görə Yaponiyanı seçdiniz, Yaponiyaya getmək qərarı verdiniz?
- Yaponiyanı seçməyim mənim tamamilə ixtisas seçimim zaman baş verdi. İxtisas seçimi zamanı mən baxdım artıq bizim universitetdə müəyyən ingilis dili üzrə fakültələr və s. var idi. İstədim ki, bir az fərqli olsun. Yəni ilk dəfə idi ki, bizim universitetdə yapon dili tədris olunacaqdı və biz ilk buraxılış idik. Və seçdim hərkəsdən fərqli bir dili. Düzdü, çətin olacağını düşünürdüm. Çətin oldu amma dəydi. Sonradan Yaponiyaya getməyim bu ixtisasdan gələn sevgiylə bağlı idi ki, artıq biz dərs keçdikcə öyrəşmişdik. Yaponiya mədəniyyətini Yaponiya tarixini öyrənirdik. Dedim ki, gedim daha yaxından tanış olum.

- Bildirdiniz ki, turizm şirkətində işləyirsiniz. Necə düşünürsünüz, yapon iş adamları ilə Azərbaycan iş adamları arasında nə fərq var?
- Düzünü desəm, mənim müdirimlə aramda olan münasibət xoşdur mənə. Bizim müdir olduqca nəzakətli bir insandır. Ümumiyyətlə yaponlarda belədir. Hansısa bir işi görən zaman müdir və ya işçi kimi bölgülər, sanki, hiss olunmur. Hər hansısa işi görürsən, orada müdir də işçidir, işçi də bəzən müdirdir. Yəni arada bu hörmət, bu səviyyə daimi qorunur. Bizim iş sistemimizdə belədir ki, müdir daima xahiş eləmir, əmr verir ki, filan işləri görün və heyyət də bu işləri görməlidir. Bu baxımdan deyərdim ki, yaponlar öz nəzakəti və iş qurmasıyla fərqlənirlər. Yəni o bizə daima xahiş edir, daima xoş üz göstərir və bizə öz işimizi görmək daha maraqlı olur, daha sevərək işləyirik.

- Bəs necə oldu ki, bura gəlib yaponlarla işləməyi qərar verdiniz? Yoxsa bunu əvvəlcədən elə Yaponiyada olanda fikirləşirdiniz?
- Mən Yaponiyada olanda mənə bir tanışım yazdı ki, Yaponiyadan Azərbaycana gəlib iş açmaq istəyən bir biznesmen Azərbaycan dili öyrənmək istəyir. Mən Yaponiyada olanda ona artıq Azərbaycan dili öyrənirdim. Beləcə tanış oldum. Gəldikdən sonra da düşündüm ki, Yaponiya üzrə işləmək əla olar, yenidən danışdıq və başladıq.

- Yapon dili çox çətin bir dildir, onu öyrənmək çətin bir prosesdir. Yapon dili öyrənmək istəyənlərə nə kimi məsləhətlər verərdiniz ki, onlar da getsinlər?
- Məsələn, mən özüm dil məktəbinə gedib dil məktəbindən təhsil almışam. Mən Dillər Universitetini bitirmişəm, orada yaxşı dərs keçirilir. Amma istər-istəməz gedib orada yapon dilində məşğul olanda bu daha sürətli öyrənirsən. Çünki bizdə yapon dili hər gün 5 saat keçirilirdi. Yapon müəllimlər tərəfindən keçirilirdi və orada bizə heç bir sözü ingiliscə başa salmırdılar. Hətta sıfırdan getsən belə. Tutaq ki, kitab göstərilir, onu yaponca deyir, əllə-qolla birtəhər başa salır. Üç ay yapon dilini eşidənda daha sürətli öyrənə bilərsən. Tövsiyə edə bilərəm ki dil məktəblərinə getsinlər. Biz özümüz də dil məktəbləri tövsiyyə edirik, bir illik gedə bilərlər. Və ya magistr düşünürlərsə (düzdür, magistr baxımdan bizim şirkət köməklik göstərmir), onu səfirliklə maraqlana bilərlər. Müəyyən proqramlar var, yapon dilində də, ingilis dilində də imtahan verə bilərlər. Müəyyən bir mövzu seçirlər, o mövzu üzərində işləyirlər və onu səfirliyə təqdim edirlər, sonra yazılı imtahan verirlər. Prosedur bir az uzundur.

- Yaponiyada təhsil haqqında nə danışa bilərsiniz? Oradakı məktəblərdə təhsil sistemi necə idi?
- Bu sual çox geniş sualdır. Sırf məktəbi soruşursunuzsa, orada təhsil 12 illikdir, bizdə 11. Fərq birinci bundadır. Onlarda 6 yaşlı uşağı çox yükləmirlər, müəyyən bir yaşa kimi icazə verilir ki, onlar yavaş-yavaş öyrənsinlər. Amma yuxarı kurslarda onlara çox intensiv dərs keçirilir. Hər halda düşünürəm ki, bizim dərslərdən daha ağır dərs keçirilir. Universitetlərdə bizdəki kimi stipendiya almaq məsələsi çox ağır məsələdir. Ola bilər, universitetdə cəmi 10 nəfər stipendiya alsın. Yəni say məhdudiyyəti var. Qiymət baxımından əlbəttə ki, bizdən daha yüksəkdir.

- Yaponiyada qaldığınız müddətdə sizə bir azərbaycanlı kimi ən qəribə gələn nə oldu?
- Düzünü desəm, çox da mənə qəribə gəlmirdi. Çünki biz ixtisas ölkəsi olaraq Yaponiyanı seçəndə artıq bütün qəribəlikləri öyrənib sonra Yaponiyaya getmişdik. Amma ilk düşdüyümdə mənə o qəribə gəlmişdi ki, orada hamı maska ilə gəzirdi. Oktaybr ayının biri gedib çatmışdıq. Adamda belə bir təəsürat yaranır ki, onlar xəstə olduqları üçün bağlayıblar ağızlarını, əslində isə xəstələnməmək üçün bağlamışdılar. Çünki onlar xəstələnməkdən çox qorxurlar, sonra işləri qalır, işə gedə bilmirlər və s. Müəyyən bir müddət görürsən ki, hər kəsin ağzında maska var, bu adama bir az qəribə gəlir. Sonra telefon məsələsi var, onlar əgər qatarda əyləşiblərsə, daima öz telefonları ilə oynayırlar, ya da yatırlar. Ayaq üstə belə yatan bir insan görə bilərsiniz. Amma onlar öz stansiyalarını ötürmürlər. Çünki metroda oturan zaman göz-gözə təmas qurmamağa çalışırlar.

- Yapon mədəniyyətində bir tanrı yoxdur, tanrılar var. Onlar şintoizm dininə inanırlar. Siz orada bu dinlə tanış oldunuz?
- Orada şintoizm məbədləri var. O məbədlərə getmişəm, görmüşəm. Siz dediyiniz kimi, bir yox, bir neçə tanrı var. Bir neçə deyəndə, bəlkə də yüzlərlə. Çünki onlar təbiət ruhlarına inanırlar və hətta 1946-cı ilə qədər onlar imperatoru müqəddəs hesab edirdilər. İmperator çıxıb “Mən Allahın övladı deyiləm” dedikdən sonra artıq o müqəddəsliyini itirir. Başqa göy tanrısı var, külək tanrısı var. Təbiətdə mövcud olan, onların yaşamasına kömək edə bilən bütün təbiət hadisələri onlar üçün müqəddəs hesab olunur. 

- Uzaq Şərqdə təkcə Yaponiya ilə maraqlanırsınız?
- Yox, deməzdim. Düzdür, mən tamamilə Yaponiya ilə maraqlanıram. Amma Koreyanı, Çini olduqca sevirəm. Müəyyən mənada adət-ənənələri oxşayır.

- Bəs necə düşünürsünüz, Yaponiyanın bu qədər sürətli inkişaf etməsində nə dura bilər?
- Sürətli inkişaf etməsinin tarixini biz keçmişik. Səbəblərini belə öyrənmişik. Yəni sırf burada öyrəndiyim məlumatlara əsasən, mən deyə bilərəm ki, orada Amerikanın dəstəyi olduqca böyük olub. Çünki Amerika investisiya baxımından çox böyük bir yatırım qoyub. Hal-hazırda da Yaponiyanın özü heç bir müharibədə iştirak etməsə də, qoşunları olmasa da, Amerikanın qoşunları hal-hazırda Yaponiyanın ərazisindədir. Amerikanların dəstəyi ilə, həmçinin yaponların da çox işləyən, çalışqan xalq olması ilə əlaqədar onlar müəyyən texnologiyaları mənimsəyiblər, daha da yaxşı formada ortaya çıxarıblar.

- Yaponiyada olan hansı xüsusiyətlərdən istəyərdiniz ki, Azərbaycanda da olsun?
- Mənim oradan bura gəlib ən çox axtardığım, yəqin ki, nəzakətli davranış oldu. Bizdə xidmət sahəsində problemlər olur, bəzən kobudluq edirlər, amma yaponlarda belə deyil. Yaponlarda bankda dəfələrlə sənə baş da əyə bilərlər, hətta qabağında diz çöküb nəsə də soruşa da bilərlər. Bunu artıq onlar özlərinə əskiklik kimi bilmirlər. Hansısa restorandasansa, orada müəyyən bir adminstrator yeri də silə bilər, qabları da yuya bilər. Yəni mən özüm də çalışdığım müddətdə bunu görürdüm. Onlar heç utanmırlar iş görməkdən. İstənilən işi rahatlıqla görürlər və bunu özlərinə pis bilmirlər. Bunun da bir səbəbi var, çünki onlar məktəbdə uşaqlar ws-ləri (tualet) özləri yuyurlar, öyrəşirlər artıq. Yəni onlarda o eqo basdırılır. Bizdə kollektivçilik bir o qədər yoxdur, hamı individual düşünür, amma onlarda kollektivçilik qalmaqdadır.

- Yaponiyada təhsil aldığınız müddətdə işləyirdiniz?
- Bəli, 2 sahədə işləmişəm. Bir şirkətdə işləyirdim. Həm ingilis dilində məlumatlar verirdim xaricilər üçün. Bu Asiya qrupu idi. Asiya xalqlarının Yaponiyada yaşamağıyla bağlı məlumatlar yazırdım, facebook-da və özlərinin səhifəsində. Bir də yataqxanalar tapmaqda, iş tapmaqda köməklik göstərirdim. Bir də restoranda işləmişəm.

- Bəs Azərbaycanda ya da Yaponiyada qalmaq kimi bir şans verilsəydi, siz hansını seçərdiniz?
- Məni tanıyanlar bu sualın cavabını çox gözəl bilir ki, mən hələ də Yaponiya yadıma düşəndə çox darıxıram. Yaponiyanı seçərdim.

Günay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti