"Bizdə qətiyyət çatışmır" - Oxucudan müsahibə

12-06-2017, 11:45
Oxunub: 887
"Əsas odur ki, ovçuya şikarı gətirən tula olmayasan"


"Kitabıstan" səhifəsinin oxuculardan müsahibə layihəsi haqqında məlumat vermişdik. Komanda müsahibələrini davam etdirir. Bu dəfəki müsahib aktiv kitab təbliğatçısı Nemət Hacıəliyevdir. Bu məsələdə biz də Etatist.com olaraq "Kitabıstan"a dəstək veririk və oxucularla müsahibələr də saytımızda yayımlanır. 

Onu da qeyd edək ki, "Kitabıstan" yeni məqalələr müsabiqəsinə start verib. Əlavə məlumat üçün BU LİNKƏ daxil ola bilərsiniz.

Sözügedən müsahibəni oxucularımıza təqdim edirik:
- Nemət bəy, Kitabıstan layihəsi ilə tanışsınız?
- Bəli, tanışam. Fəaliyyətinizlə müntəzəm olaraq maraqlanıram. Ümid edirəm ki, hər kəs Kitabıstan vətəndaşı olacaq. Axı, kitablar insan və insanlıq üçün vacibdir.
- Oxuduğunuz ilk kitab yadınıza gəlir?
- Yadıma gəlmir. Ancaq atamın kitabxanasındakı kitablara baxmağım, onları qoxulamağım, vərəqləməyim yaxşı yadımdadır.
 
- Sizcə kitab oxuyan adamlar kitab oxumayan adamlara niyə uduzurlar?
- Maraqlı sualdır. Məncə bizdə qətiyyət çatışmır. Hər şeydən şübhələnirik, daha dəqiq araşdırmağa çalışırıq. Bir tanışım var. Bu insan ömründə kitab üzü görməyib. Ancaq iki dükan açıb, fəaliyyət göstərir. Ağzında cəmi üç dişi var. Mən olsaydım birinci dişlərimi düşünərdim və düzəltdirərdim (gülür).
 
- Hansı kitabı oxuyanda bezmisiniz, yorulmusunuz, peşman olmusunuz?
- Çox olub. Ancaq sonra səhv etdiyimi anlamışam. Çünki hazır oxucu üçün nəzərdə tutulmuş kitabı yeni kitab oxumağa başlayan insan oxuyanda tez bezir, yazıçını zəif hesab edir. Bir neçə müddətdən sonra yenidən oxuyanda onun üçün hər şey başqa cür görünür. "Bencamin Battonun qəribə əhvalatı" əsərində Bencamin var gücü ilə müəlliməsini və dostlarını anlamaq istəyir. Lakin heç nə alınmır. Beyni yavaş-yavaş ağ vərəqə çevrilir.
 
- Cəmiyyətdə yaşanan problemlərə görə özünüzü günahkar sayırsınız?
- B. Rassel deyir ki, həyat kimin ovçu, kimin şikar olacağını müəyyənləşdirən yarışdan başqa bir şey deyil. Bunu heyvanların həyatına baxanda da görürük. Problemlər hər zaman olacaq. Əsas odur daim mübarizə əzmində olasan. Qismən günahkaram...
 
- Siz hansı roldasınız? Ovçu, yoxsa şikar?
- Bir məsəldə deyildiyi kimi əsas odur ki, ovçuya şikarı gətirən tula olmayasan (gülür).
 
- Əksər kitab oxuyanlar kimi siz də çox sitat gətirirsiniz? Sizə elə gəlmir ki, kitablar sizin əsl fikrinizi oğurlayıb yerinə aforizmləri doldurublar?
- Bəzən aforizmlər fikrimin dəyişməyinə yardımçı olur. Ümumiyyətlə kitabı anlamadan oxuyan kəslər də şəfa tapır. Bir dəfə atası onu tez-tez döydüyü üçün qorxudan kəkələyən bir gənc bizə gəlmişdi. Anam müəllimədir. Bu səbəbdən bizə şagirdlər müntəzəm olaraq gəlirlər. Anam riyaziyyat müəlliməsi olsa da ona ədəbiyyatdan dərs deməyə razı oldu. Şagird Daniel Defonun bir kitabını oxumağa başladı. Bir saata 5-10 cümlə oxuyurdu. Bir aydan sonra kəkələməyi heç hiss olunmayan şagird 30 dəqiqəyə bir neçə səhifə oxuyurdu...
- Aqşin Yenisey deyir ki, kitabla dəyişən həyat bəsit həyatdır. Nə düşünürsünüz bu haqda?
- Hər şeyə vaxt ayırmağı bacarmaq lazımdır. Mən məsələn həftəni günlərə bölmüşəm. İki gün velosiped sürürəm, iki gün futbol oynayıram, iki gün gəzirəm, bir gün dincəlirəm. Eyni zamanda hər gün oxumağa, işləməyə, kitab təqdimatlarında iştirak etməyə vaxt tapıram.
 
- Məncə suala cavab vermədiniz. Sizcə kitabla dəyişən həyat bəsit həyatdır? Aqşin Yenisey düz deyir?
- Tam razı ola bilmirəm. Kitabsız həyat daha da bəsit olur.
 
- Nemət bəy, özünüzü Kitabıstan vətəndaşı hesab edirsiniz?
- Oxu ki, tab gətirəsən. Kitabıstan məni qəbul edirsə deməli vətəndaş ola biləcəyimə şübhə etmir.
 
- Təşəkkür edirəm səmimi müsahibə üçün.
- Buyurun, siz var olun ki, gənclərə dəstək olursuuz. Fəaliyyətinizdə uğurlar arzulayıram.
Nicat Həşimzadə
Kitabıstan
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti