"Ədəbiyyat insanlığa xidmət üçün yaranıb" - Oxucudan müsahibə

10-06-2017, 13:14
Oxunub: 2830
"Ətrafında çox kitab oxuyan varsa sən də oxumağa məcbur olursan"


"Kitabıstan" səhifəsi yarandığı gündən etibarən yazarlardan, ictimai simalardan, kitab satışı ilə məşğul olan gənclərdən müsahibələr alıb, şəhərdə müxtəlif mövzularda sorğular, "book party"lər keçirib. Bütün bunlar gənclər arasında kitab təbliğatını gücləndirmək və bir növ onları kitab oxumağa həvəsləndirmək üçün edilir.

"Kitabıstan"ın növbəti addımı isə daha maraqlıdır. Belə ki, səhifə izləyicilərindən, fəal oxuculardan müsahibələrə start verilib. Bu məsələdə biz də Etatist.com olaraq "Kitabıstan"a dəstək veririk və oxucularla müsahibələr də saytımızda yayımlanacaq. İlk müsahib oxucu Günəş Bağırovadır.

Etatist.com sözügedən müsahibəni təqdim edir:

- Kitab oxumağa nə vaxtdan başlamısınız və mütaliəyə marağınız necə yarandı?
- Kitab oxumağı bacarandan (gülür). Amma, mən özümü “kitab qurdu” saymıram. Düzünü desəm, lap az, yalnız zəruri bildiyim şeyləri oxuyuram.

- Sizcə mütaliə fərdi mədəniyyətdir, yoxsa bunu cəmiyyət formalaşdırır?
- Məncə, cəmiyyətin rolu daha böyükdür. İnsan istənilən mövzuda tez təsirə düşür. Sürü psixologiyası yəni... Ətrafında çox kitab oxuyan varsa sən də oxumağa məcbur olursan (gülür).

- Deməli, oxuduqlarımızı tətbiq etmək üçün yox, sadəcə görünüş xatirinə oxuyuruq?
- Hər ikisini edən kifayət qədər insan var. Məncə, kitablar iki yerə bölünür: “bunu mən də oxumuşam” demək üçün oxuduqlarımız və siz dediyiniz kimi, nə vaxtsa işimizə yarayacaq, haradasa tətbiq edə biləcəyimiz kitablar.

- Hansı yazıçını daha çox sevirsiniz?
- İndiyə qədər çox az yazıçı oxumuşam. Yəni, mənə görə hələ oxunası çox yazıçı var. Oxuduqlarımdan mənə ən çox təsir edən, yaddaşımda iz qoyan Ernest Seton Tompson olub.

- Onu oxumağa nə vadar edib? Sizə necə təsir göstərib?
- Təsirli yazıçıdır. Həddindən artıq təsirli... Canlandırdığı səhnələr elə-belə üzdən toxunmur adama, dediyim kimi, səhnələri illərlə yaddaşda qalacaq şəkildə təsvir edir. Bir də heyvanlarla bağlı sosial mesajlar çoxdur. Bəlkə də mən heyvansevər olduğum üçün mənə bu qədər təsir edə bilib. Çingiz Aytmatov da təsirli yazıçıdır.

- Ədəbiyyat hadisələrin müşahidəsi nəticəsində formalaşır. Bəs ədəbiyyatın özü  həyata nə dərəcədə təsir edir?
- Məsələn, bir yazıçı gördüyü hadisədən, kiminsə səhvindən, sonrakı peşmançılığından təsirlənib bunu yazır, əsərə çevirir. Əgər bu işi yaxşı bacarırsa, o zaman oxucu da oxuyanda təxminən eyni hisləri keçirəcək, bəlkə də oxuduqlarından təsirlənib hansısa qərarını bir də düşünəcək, hətta dəyişəcək.

- Bəs ümumiyyətlə, sizə görə ədəbiyyatın əsas funksiyası nədir?
- Ədəbiyyat insan üçün, insanlığa xidmət üçün yaranıb. Məncə əsas funksiyası cəmiyyəti inkişaf etdirməkdir. Çünki güclü ədəbiyyat xəstə cəmiyyəti sağaltmaq gücünə qadirdir.

- Hal-hazırda cəmiyyətimizdə hansı mövzuda kitablar daha çox oxunmalıdır?
- Mən milliyyətçiyəm. Məncə, artıq bu informasiyayla cavabı verdim (gülür).

- Azərbaycanlı yazarlardan kimi oxuyub bəyənirsiniz?
- İsa Hüseynov, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Hüseyn Cavid... Bir də Cəlil Məmmədquluzadə.

- Kitabıstan üçün konstitusiya olacaq bir kitab axtarsalar hansı kitabı deyərdiniz?
- Kitab oxuyanlar yolu onsuz da özləri bilir (gülür). Amma kitab oxumayanlar üçün nağıl kitablarını məsləhət görə bilərəm. Alman antologiyası uyğunudur, məncə. Ancaq konkret kitab adı çəkə bilmirəm.
Rəvan Cavid
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti