"Azərbaycanda qraffitinin inkişafı üçün şərait yoxdur" - MÜSAHİBƏ

5-06-2017, 12:23
Oxunub: 578
"Tökülüb dağılmış divardansa, üstündə şəkil olan divar insanlara daha maraqlıdır"


Azər Məmmədli illüstrasiya, qraffiti, qrafik dizaynerliklə məşğuldur. O, ölkəmizdə ən yaxşı qraffiti bacaranlardan biri olaraq görülür desəm, yalan olmaz. Uzun müddətdir onun işlərini izləyir və bəyənirdim. Sonda qərara aldım ki, ondan müsahibə alaraq bu sahənin önəmini özündən eşidib oxuyuculara təqdim edim.

Etatist.com "Gənc - Gələcək" layihəsi çərçivəsində illüstrator Azər Məmmədli ilə müsahibəni təqdim edir:

"GƏNC - GƏLƏCƏK" LAYİHƏSİ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.


- Hər yaradıcı insanın özünü təqdim etmə üsulu var. Siz özünüzü necə təqdim edərdiniz?
- Mən özümü əsərlərimlə, çəkdiyim şəkillərlə təqdim edərdim. Onlar mənim haqqımda daha çox şey deyər, nəinki mən özüm.

- Bir çox vaxtlarda qraffiti, rəssamlıq insanlar tərəfindən hobbi kimi qarşılanır. Amma bu sizin işinizdi. Bəs siz başqa hansı fəaliyyətlərlə məşğul olursunuz? Hobbiləriniz varmı?
- Mən uşaqlıqdan rəssamlıqla məşğulam. Bu da əvvəl hobbi kimiydi, amma zaman keçdikcə işə çevrilməyə başladı. Bununla daha çox məşğul olursan deyə insanın həyat tərzinə çevrilir. Rəssamlıqdan başqa fashion dizaynerliklə, hobbi kimi, həvəskar olaraq elektronik musiqiylə və başqa bir sıra ekstrim idman növləriylə məşğul oluram, amma əsas işim rəssam, illustratordur.

"Azərbaycanda qraffitinin inkişafı üçün şərait yoxdur" - MÜSAHİBƏ

- Bu yaxınlarda çəkdiyiniz rəsmlərdən biri sosial şəbəkədə çox geniş yayıldı. Əlində kəpənək olan qadın şəkli.  Bununla nəyi çatdırmaq istəyirdiniz?
- Əslində bununla bir şey çatdırmaq istəmirdik. Bizə sadəcə üzərində yarpaqlar olan divar təqdim olunmuşdu. Biz onu street art-a (küçə mədəniyyəti) çevirməliydik. Ona uyğun variant kimi bir neçə eskiz hazırladım, ən uyğun olanı seçib işlədik. Bu təbiətlə incəsənətin birləşməyindən yaranan bir şeydir. Təbiətin bizə verdiyi şeylərlə onu başqa cür təqdim etməyə başladıq. Bu şəklin belə məşhurlaşacağını təsəvvür etmirdim.

- Sizcə, nəyə görə Azərbaycanda bu sahədə boşluq var və işləyən yaradıcı insanların da sayı azdır?
- Çünki burada yayılmayıb. Qraffiti Amerikada yaranıb, bir çox subkulturun yarandığı kimi. Amerikadan sonra Avropaya keçib, amma biz sovet daxilində olduğumuz üçün bir çox şeylər gəlib çatmırdı. Məncə, onun nəticəsidir. Azərbaycana müstəqil olduqdan sonra gəldi. Bakıda qraffiti çox bilinməsə də, 1999-cu ildən bəri var. Məşğul olan bir sıra gənclər də var idi, amma çox yayılmadı. Çünki leqal divarlar, qraffiti çəkmək üçün vasitələr yoxdur - bu sahənin inkişafı üçün heç bir şey yoxdur. Uşaqlıqdan məşğul olanlar, ya da internetdən öyrənənlər var. Ona görə də çox yayılmayıb. İnsanlar bu haqda bilmir.

"Azərbaycanda qraffitinin inkişafı üçün şərait yoxdur" - MÜSAHİBƏ

- Nəyə görə məhz qraffiti?
- Əvvəl də dediyim kimi uşaqlıqdan rəssamlıqla məşğulam. Rəssamlar çox vaxt yeni eksperimentlər aparır, öz tərzini inkişaf etdirmək üçün yeni şeylər axtarırlar. Mən də axtarırdım. Təsadüfən qraffiti haqda öyrəndim. Onda hələ məktəbdə, orta sinifdə oxuyurdum. İnternetdə araşdırdım, mənə maraqlı gəldi. Bakıda belə bir şey görməmişdim. Ona görə də dedim ki, niyə mən məşğul olmayım. İnkişaf etdirməyə, öyrənməyə başladım. Əvvəlcə çətin gəldi, ilk çəkdiyim şəkilləri görsələr heç kim bəyənməzdi. Sonra yavaş-yavaş, videolara, qraffiti ilə məşğul olanların işlərinə baxa-baxa bir neçə il ərzində inkişaf etdirdim.

- Bəs, sizcə, bu sahəni necə inkişaf etdirmək olar?
- Ən birinci maarifləndirməklə olar. Qrafiti haqqında çoxlu sənədli filmlər var, onları yayımlamaqla, Bakıda qraffiti mağazaları açmaqla olar. Çünki çox vaxt görürəm, gənclər, azyaşlı uşaqlar maraq göstərir, amma çəkmək üçün heç bir vasitə tapa bilmirlər. Elə həvəs olaraq qalır, ölür gedir. Leqal divarlar olsa, festivallar keçirilsə, sosial şəbəkələrdə eventlər təşkil olunub yayılsa, hamının xəbəri olar. İnanıram ki, maraqlı olanlar da, potensialı olan gənclər də çoxdur.

"Azərbaycanda qraffitinin inkişafı üçün şərait yoxdur" - MÜSAHİBƏ

- İnsanlar çox vaxt həyatındakı seçimləri baş verən hadisələrə görə qərarlaşdırır. Sizin qraffitini seçməyiniz hansı hadisəylə bağlıdır?
- İnternetdə qraffiti haqqında çox görürdüm. Məktəbdə oxuyanda təsadüfən bir uşağın çantasında qraffiti olduğunu gördüm, çapa oxşamırdı, özünün işlədiyi bilinirdi. Həmin oğlanla tanış oldum, o da qraffiti çəkirmiş. O mənə işlərini, həm də necə çəkmək lazım olduğunun yollarını göstərdi. Motivasiya oldu ki, bu işlərlə məşğul olan gənclər var. Bu işləri görəndən sonra həvəsdən daha artığı oldu, bunu eləməliymişəm kimi hiss yarandı.

- Başqa hansı rəsm janrları ilə maraqlanırsınız?
- Mən illüstratoram. Daha çox illüstrasiyalar çəkirəm. İllüstrasiya bir az geniş termindir, ona çox şey aiddir. Bir də qrafika sahəsi ilə maraqlanıram. Ancaq akademik janrlarla çox da maraqlanmıram. Çünki onlar qədimdən bəri var, mən daha çox çalışıram ki, yeni tərzlər kəşf edim.

"Azərbaycanda qraffitinin inkişafı üçün şərait yoxdur" - MÜSAHİBƏ

- Dünyada özünüzə nümunə götürdüyünüz qraffiti çəkən var?
- Bəli var, çoxdur. Bir neçə komanda var ki, onların işlərinə baxıram, sosial şəbəkələrdə də izləyirəm. Məsələn, Ariz, Etam Cru adlı bir qrup var, hansı ki onların işlərini həmişə izləyirəm. Mənim üçün motivasiya mənbəyidir. Onlar da çoxu Avropadandır.

- Qraffitinin öz daxilində yaranma səbəbi bir etiraz forması idi. Siz buna etiraz forması kimi baxırsınız?
- Mən buna etiraz forması kimi yox, özünü izah etmək kimi baxıram. Bəziləri şeir yazmaqla özünü göstərir, qraffiti də onun kimidir. Öz içindəki hisləri divara köçürürsən. Bu etiraz kimi də ola bilər, amma mən bundan elə istifadə eləmirəm. Daha çox içindəki hisləri çölə çıxarmaq kimi.

- Divara çəkdiyiniz hansısa rəsmə görə problem yaşamısınız?
- Hə, problem olur. Çünki qraffiti həmişə birmənalı qarşılanmır. Biz daha çox çalışırıq, tərk edilmiş, tökülüb dağılmış yerlərdə çəkək ki, heç kim mane olmasın. Amma yenə də əksinə olur. Həmin ərazidə yaşayan insanlar öz mənfi rəyini bildirir (burda çəkmək olmaz və s.). Əslində hiss olunur ki, bu, kor-təbii şəkildədir. Sən əlinə sprey alıb nəsə çəkirsənsə, mütləq divarı korlayırsan kimi bir düşüncə var insanlarda. Amma çox vaxt icazə verəndə görürlər ki, nəticə daha yaxşı olur. İnsanlar gəlib orda şəkil çəkdirir, divar daha gözəl görsənir. Tökülüb dağılmış divardansa, üstündə şəkil olan divar insanlara daha maraqlıdır.

İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti