İtaət olunmağa layiq tanrı - Fridrix Nitsşe

3-06-2017, 12:51
Oxunub: 933
"Təəssüf ki, uçub gedən ləyaqət çox olub!"


Nitsşe Dostoyevski üçün "hər nə qədər ən dərin instinklərimə zidd olsa da ona çox minnətdaram" deyərkən bu "instinklərin" nə olduğunu təxmin etmək elə də çətin deyil. Nitsşe "Dəccal"ın başında ehtimallarını belə sıralayır: Yaxşı olan nədir? İnsanda güc hissini, gücə çatma iradəsini və gücün elə özünü artıran hər şey. Pis olan nədir? Zəiflikdən yaranan hər şey. Xoşbəxtlik nədir? Artan hakimiyyət hissi, çətinliyin öhdəsindən gəlmək. Bütün pisliklərdən daha zərərverici olan nədir? Xəstəlikli olanlar və zəiflərə rəğbət bəsləmək.

Xristianlıq... Yaxşı, pis, xoşbəxtlik həqiqətən budursa, onda Məsih belə bir meyar qarşısında əskik qalır. O, öz qüvvəsini istifadə etməməyə üstünlük verib atasının istəyinə boyun əyməyi və kasıb, zəif, xəstə və ehtiyacı olanların xilası üçün özünü alçaltmağı seçən tevazökar xidmətçidir.

Nitsşe tanrıya qarşı bu "səhv" baxışa nifrət edib. Belə bir tanrı ilahi deyildir, itaətə layiq deyildir.

"Biz tanrı olaraq yüksəldiləni "ilahiləşdirilmiş" hesab edib çox acınacaqlı dərəcədə mənasız, zərərli, sadəcə bir səhv deyil, eyni zamanda həyatın özünə qarşı bir günah olaraq görürük. Biz tanrını tanrı olaraq inkar edirik (...) xristianların bu tanrısının mövcudluğu sübut edilsə, ona necə inana biləcəyimizi daha da az biləcəyik. Belə bir tanrının yolunun ardınca getməyin sonu çürüməkdir. Tanrının sahib olmağımızı istədiyi xüsusiyyətlərin hamısı-mərhəmət, təvazökarlıq, boyun əymək "Ubermenş"in (fövqəlinsan) ideallarının əksidir. İnsanlığın ehtiyacı olan fövqəlinsan obrazı Nitsşenin tanrı "xəstəliyinə" qarşı təqdim etdiyi bir çarədir. Fövqəlinsan birbaşa tək bir insanı ifadə etmir.

Fövqəlinsan bir mövqedir: İnsanların tanrının ölümü ilə üzləşib həyatı bütünlüyü ilə və qaranlığıyla mənimsəyəcəkləri, yaxşı və pisdən kənarda, iradələri üstündə hakimiyyət quracaqları və nə qədər çətin olursa olsun, özlərinin yaradıcısı olacaqları bir gələcəkdir. Bu səbəbdən "xristianlıq və alkoqol" tarixdəki əlamətdar mədəniyyətlər arasında yer alma fürsətini Almaniyadan oğurladığı üçün "korlanmağa gedən iki böyük yoldur". Çünki xristian dininin özü bunlara qarşıdır, düz və səhv iradəyə sərhəd gətirməkdir. İnsan yaradıcı deyil, yaradılmış olandır və hüdudsuzluğundan kənarda xilas edilməsi lazım olan acizliyi ilə hüdudludur. Ən önəmlisi də xristian dininin ləyaqət saydığı şeylər Almaniyanın irəli getməsinin qarşısını alır. İnsanlar ləyaqətlərinin gücü vasitəsilə "torpağa sadiq qalmalı" və ləyaqətlərinin "dünyadan uçub getməsinə icazə verməməlidirlər, qanadlarını sonsuz divarlara çırpmamalıdırlar! Təəssüf ki, uçub gedən ləyaqət çox olub!"

Tәrcümә: Leviathan klubu - Günay Mirzəyeva
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar