"Aktrisalarımız ən iddialı rolları belə ifa edə bilirlər" - (VİDEO-MÜSAHİBƏ)

27-05-2017, 13:18
Oxunub: 3097
"Gördüyümüz işləri tanıdaq istərdim"


Nigar İsa "Əsa" teatrının əməkdaşıdır. Onunla tanışlıqdan sonra müsahibə götürüb həm özüm daha yaxından tanımaq, həm də izləyicilərə tanıtmaq qərarına gəldim. 

Etatist.com "Gənc - Gələcək" layihəsi çərçivəsində aktrisa Nigar İsa ilə müsahibəni təqdim edir:

"GƏNC - GƏLƏCƏK" LAYİHƏSİ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.


- Aktyor və aktrisa olmaq həm də özünü ən yaxşı şəkildə təqdim etmə bacarığıdır. Bəs siz özünüzü necə təqdim edərdiniz?
- Nigar İsa. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin dram teatrı və kino aktyoru ixtisasını bitirmişəm. Hal hazırda da teatr sənətiylə məşğulam. Əliliyi olan insanlardan ibarət “Əsa” teatrı var, hazırda onlarla əməkdaşlıq edirəm.

- İnsan seçimlərini uşaqlıq yaşda etsə də, əslində şüurlu olaraq bunu yeniyetməlik dövründə qavramağa başlayır. Siz öz peşə seçiminizi nə vaxt etmisiniz?
- Əslində uşaqlıq yaşlarından incəsənət ruhlu olduğum rəqsə, nəsə ifa etməyə, özünü göstərmə sənəti olan aktyorluğa marağım olduğunu hiss edirdim. Amma müəyyən yaşdan sonra valideynlərin istəyi ilə başqa sahəyə yönəldildim. Yenə də o sahədə özümü tapa bilmədiyimi gördüm. Ona görə də təhsilimi yarıda qoydum. Bundan sonra öz istəklərimin nə olduğunu, özümü daha yaxşı kəşf etdim, ədəbiyyata, filmlərə yönəldim. Bununla da hal hazırda olduğum ixtisasa gəlib çıxdım.

- Aktrisa olmaq üçün insanın dünyagörüşü daha geniş olmalıdır, yoxsa bacarıq yetərlidir?
- Xeyr. Aktrisa olmaq üçün həm dünyagörüşü, həm savad, həm də bacarıq lazımdır. Bu üçü birlikdə olmalıdır. Müəllimim hər zaman deyirdi ki, siz bacarıqlı ola bilərsiniz, amma bununla ancaq bir yerə qədər gedəcəksiniz. Amma daha böyük işlərdə sizin bu sahə üzrə savadsız kadr olmağınız sizi əngəlləyəcək. Ona görə də mütləq təhsil, savad vacibdir.

- Bacarığınızı şəxsi mənfəətiniz üçün istifadə edibsiz?
- Maraqlı sualdır. Etmişəm, amma mənəvi tətminlik üçün. Düşünürəm ki, hər insan işiylə özünü tətmin edir. Özünü ifadə edir, göstərir. Bu da mənim özümü ifadə etmə, tətmin etmə yolumdur.

- Azərbaycanda film, opera, teatr sahəsi, sizcə, hansı səviyyədədir və inkişaf edibmi?
- Bəli, inkişaf edib və məncə, yaxşı səviyyədədir. Amma bizim özümüzü, yaradıcılığımızı dünyaya göstərmək imkanlarının daha geniş olmasını istəyərdim. Daha çox dünyaya açılaq, gördüyümüz işləri tanıdaq istərdim.

- Bildiyimiz kimi, əvvəl teatrda qadın rollarında da kişilər çıxış edirdilər. Qadınların teatra gəlməsinə imkan vermirdilər. Belə bir baxış var idi. Sizcə, bu indi də varmı? Öz sahənizə görə narahatedici nəsə hiss etmisinizmi?
- Xeyr, demək olar ki, indi elə bir baxış yoxdur. Aktrisalarımız ən iddialı rolları belə rahatlıqla ifa edə bilirlər.

- Mütaliə etməyi sevirsinizmi?
- Bəli, sevirəm.

- Bəs hansı janrda kitabları daha çox oxuyursunuz?
- Daha çıx özünüdərk-ezoterika, fəlsəfi, psixoloji kitabları və təbii ki, dünya ədəbiyyatı, roman oxumağı sevirəm.

- Cəmiyyətə çatdırmaq istədiyiniz bir mesaj varmı?
- Bəli, var. Mənaya, özəyə ensinlər. Səthi yaşamaqdan çəkinsinlər, oradakı fəqlilikləri, gözəllikləri duysunlar. Təbii ki bu hər insanın özünə, fərdiyyətinə görə dəyişir. Onları sərgiləməyə, nümayiş etdirməyə çalışsınlar.
İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti