SOCAR: "Mərhum Bahar Qasımovanın halı evdə pisləşib"

18-05-2017, 17:30
Oxunub: 179
"Mayın 18-də gecə saat 01:30-da B.Qasımova xəstəxanada dünyasını dəyişib”


“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin mərhum əməkdaşı Bahar Qasımovanın halı evdə pisləşib. B. Qasımovanın vəzifə dərəcəsinin aşağı salınması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir”.

Bu barədə B. Qasımovanın vəzifə dərəcəsinin aşağı salınması, daha sonra onun vəfat etməsi iddialarına SOCAR-dan aydınlıq gətirilərkən qeyd olunub.

Bildirilib ki, Bahar Marif qızı Qasımova “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin İdarəetmə aparatınının Kadrlar şöbəsində 13-cü dərəcəli kadrların hazırlığı üzrə mühəndis vəzifəsində çalışıb: “B. Qasımovanın vəzifə dərəcəsinin aşağı salınması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Mərhumun vəzifə dərəcəsinin dəyişməsi ilə bağlı hər hansı qərar verilməyib. Onun halının pisləşməsi iş prosesində yox, evdə baş verib. Həmkarımızın ölümündən sui-istifadə edərək, SOCAR və Azərbaycanın neftçi ailəsinə nifaq salmaq, böhtan atmaq, imicinə xələl gətirmək cəhdlərini yolverilməz təxribat kimi qiymətləndiririk. Əlbəttə, həmkarlarımızın itkisi bizim üçün acıdır. B. Qasımovanın vəfatına üzülən bütün neftçilər adından ona Allahdan rəhmət, əzizlərinə səbr diləyirik”.

B. Qasımovanın hansı şəraitdə vəfat etməsinə gəlincə isə SOCAR-dan bildirilib ki, o, mayın 17-də, iş gününün başlanmasından əvvəl, səhər saat 05:30-da özünü pis hiss edib və Çilov adasında yerləşən 12 saylı Tibbi Sanitar məntəqəsinə müraciət edib: “Vəziyyəti ağır olduğuna görə o, Az.Medikom MMC ”Neft Daşları” tibb sanitar hissəsinin Çilov adası stasionar şöbəsində yerləşdirilib. “28 May” NQÇİ tərəfindən Zabrat Hava Limanıdan sanitar helekopter çağırılıb, Çilov adasından Zabrat Hava Limanına, oradan da Təcili Tibbi yardım maşını ilə Mərkəzi Neftçilər xəstəxanasına aparılıb. Mayın 18-də gecə saat 01:30-da B.Qasımova xəstəxanada dünyasını dəyişib”. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti