Bəxtiyar Sadıqov: ÜAK-ın ləğvi Azərbaycan-Rusiya münasibətlərinə kölgə salır

18-05-2017, 16:20
Oxunub: 73
"Bu təşkilat uzun müddət çox səmərəli fəaliyyət göstərən bir qurumdur"


Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi təəssüf doğuran bir haldır.

Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.

Millət vəkili bildirib ki, bu qərar Azərbaycanla Rusiya münasibətlərinə kölgə salır: "Bu təşkilat uzun müddət çox səmərəli fəaliyyət göstərən bir qurumdur. Bu qurumun bütövlükdə fəaliyyəti Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə yardım edib. Təəssüf ki, Rusiyadakı bir sıra məmurlar orada yaşayan erməni əsilli imkanlı şəxslərin təsiri altına düşərək belə bir addım atılmağa təhrik olunublar. Rusiyanın Ədliyyə Nazirliyi Azərbaycan-Rusiya əlaqələrinin tarixinə, çoxcəhətliliyinə, strateji əməkdaşlığına baxmayaraq bürokratik məsələləri bəhanə gətirərək qərar qəbul edib. Bu qərar bütövlükdə Azərbaycan-Rusiya münasibətlərinə, bu münasibətlərin sağlam inkişafına kölgə salan bir qərardır".

B.Sadıqovun sözlərinə görə, Azərbaycan həmişə Rusiyaya dost münasibəti bəsləyib, Azərbaycanda fəaliyyət göstərən rus icmasına, ruslara yardım edib: "Amma, Rusiya Ümumrusiya Azərbaycanlıları Konqresi barədə qərarda bu adekvatlığı göstərmədi. Bu, kifayət qədər düşünülməmiş addımdır. Bu qərarın dəyişdirilməsinə hələ imkan var. Əgər Rusiya Azərbaycanı özünə strateji tərəfdaş hesab edirsə və istəyirsə ki, Cənubi Qafqazın söz sahibi olan Azərbaycanla münasibətləri inkişaf etsin, bu qərar tezliklə düzəldilməlidir".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti