"Hamı narazıdır, amma çıxış yolunu göstərə bilmirlər" - MÜSAHİBƏ

15-05-2017, 11:39
Oxunub: 480
"Cəmiyyətə ziyan vuran insanları kəpənək adından tənqid eləmişəm."


Azərbaycanda son vaxtlar gənc yazıçıların çoxaldığını müşahidə etsək də, onlar çox hallarda sosial şəbəkədən başqa yerlərdə görünə bilmirlər. Bu, sırf yazıçılıqda deyil, ölkəmizdə gənclərə yer verilməməsi ilə bağlıdır. Biz onların istedadlarını cəmiyyətə tanıtmalı, layiqi yerə gəlməyinə də dəstək olmalıyıq. Növbəti müsahibimizi də bu sahədən seçməyim heç təsadüfi deyil. Hikmət Paşanın "Kəpənək" adlı bir kitabı işıq üzü görüb. Onun haqda məlumat alandan sonra müsahibə almaq qərarına gəldim.

Etatist.com "Gənc - Gələcək" layihəsi çərçivəsində gənc yazıçı Hikmət Paşa ilə müsahibəni təqdim edir:

"GƏNC - GƏLƏCƏK" LAYİHƏSİ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.


- Salam. Xoş gəlmisiz Hikmət bəy. Necəsiniz?
- Sağ olun, siz necəsiniz?

- Yaxşıyam. İlk sualımız belədir. İnsan bir neçə sahədə fəaliyyət göstərə bilər, amma bunlardan hansısa biri daha əsas olur.  Siz özününü yazıçı, jurnalist, yoxsa menecer kimi görürsünüz?
- Mən özümü daha çox ədəbiyyatda. Yəni, menecerlik mənim ixtisasımdır. Amma oxuyub gələcəkdə onunla bağlı işləyəcəm. Amma ədəbiyyatın məndə olan həvəsi daha çoxdur.

- Yəni əsas yazıçı kimi görürüsünüz özünüzü?
- Bəli.

- Sizi tanımayan birinə özünüzü necə təqdim edərdiniz?
- Hikmət Süleymanlı - elə adımı deyərdim, oxuduğum ixtisası, gördüyüm fəaliyyəti, sonra siyasi ideologiya. Özümü bu cür tanıdardım.

- Bəs müasir Azərbaycan ədəbiyyatında ən çox kimlərin yaradıcılğını bəyənirsiniz, oxuyursunuz?
- Ən çox bəyəndiyim Seymur Baycandır, bir də Aqşin Yenisey. Bir də onun satirik hekayələri məsələn, “Məbədin sülhdür” kitabında olan hekayələri bəyənirəm.

- Onlarda bəyəndiyiniz xüsusiyyətlər nələrdir ?
- Onlar ədəbiyyata mənə görə yeni nəfəs gətirdilər. İndiyə qədər gördüyümüz 60-cı illərin bayağı ədəbiyyatından çıxdıq, Sovetin bizə yeritdiyi pafoslu ədəbiyyatdan bizi çıxartdılar.

- Bəs ən sevdiyiniz əsər hansıdır? Hansı ki, istərdiniz cəmiyyətdə hamı onu oxusun?
- Mənim ən sevdiyim əsər Corc Oruellin “1984” romanıdır. Cəmiyyətdə oxunmağını istədiyim üç əsər var. Onlardan birincisi  Corc Oruell “1984”, ikincisi Rişard Kapuçinskinin “Şahənşah” əsəri və “Bəyaz Zanbaqlar ölkəsində”.

- Nəyə görə onlar?
- Fikirləşirəm ki, onlar cəmiyyətə daha yararlı olacaq. Yəni, o kitablarda Azərbaycan üçün daha yararlı olan bəzi məlumatlar var. Corc Oruellin “1984” əsərini oxuyanda, Rişa Kapşuniskinin “Şahənşah” əsərini oxuyanda görürsən ki, o kitabda olan bəzi problemlərə bənzər problemlər ölkəmizdə də var. O problemin həll yolunu biz məncə o kitablarda tapa bilərik.

- Tarixdə barəsində ikili fikirlər olan şəxslər olub. Məsələn, Səməd Vurğun kimi. Həm çox sevənlər, tərifləyənlər olub, həm də belə deyək, mənfi fikirdə olanlar və pis münasibət göstərənlər.  Siz bu metoddan istifadə edərdinizmi?
- Ümumiyyətlə, istəmərəm mənim haqqımda çox danışılsın. Mənə görə, nə qədər az danışılsa yaxşıdır, amma mənim mənfi tənqidlərə dözümüm var. İndiyə qədər çox tənqid olunmuşam.

- Daha çox onlara qarşı mənfi sözlər olurdu. Yəni, o mənada deyirəm.
- Təhqir?

- Aha, Səməd Vurğunu nümunə gətirdiyim kimi sevənlər də var, amma başqa fikirdə olanlar da var. Hansı ki, hamı tanıyır onları. Bu müasir Azərbaycan ədəbiyyatında da var. Buna münasibətiniz necədir?
- Ümumiyyətlə, Səməd Vurğun Azərbaycan ədəbiyyatına çox xeyir vermiş adamdır, amma lap düzdü, onun fəaliyyətini mən çox da bəyənmirəm. Yəni, danos yazmasına görə. Mənə görə onu tənqid eləyənlərin də haqqı var, tərifləyənlərin də haqqı var.  Səməd Vurğun məsələsi bir az həqiqətən qəliz məsələdir. Bir neçə cümlə ilə fikrimi ifadə eləyə bilmərəm. Əgər məni də gələcəkdə kimsə təhqir eləsə, tənqid eləsə ilk günahı özümdə axtararam. Tərifləsə də yenə də, öz eqomu qaldırmaram. Hamı məni tərifləyir, amma o da saxtadı. Zaman keçdikcə bizim millət birini tərifləyir, beş ildən sonra onu pisləyə də bilər.

- Əsasən, nəsr yazdığınız bizə məlumdur. Nə vaxtsa şeir də yazmısınız?
- Şeirlər yazmışam, amma öz şeirlərimi bəyənmirəm.

- Nəyə görə?
-Şeirlərimdə bir az bayağılıq, bir az yaşıma görə daha sadə fikirlər var, amma şeir oxumağı sevirəm.

- Kitabınızın adı "Kəpənək" idi. Nəyə görə bu ad? Bu ad sizin üçün hansı mənanı daşıyır?
- “Kəpənək” mənim yazdığım ilk hekayə olub. O hekayəmin adını yaşatmaq üçün istədim. Həm də “Kəpənək”də öz sözümü daha çox çatdıra bilmişəm.

- Hekayənizin adı nəyə görə “Kəpənək” idi bəs?
- Orada hadisələrin gedişatı bir kəpənəyə bağlı idi və kəpənək orda sadəcə bir simvoldur. Yəni, orda insan sadəcə bir kəpənəyə zərər vurur. Amma orda söhbət sırf kəpənəkdən getmir. Ümumiyyətlə, cəmiyyətə ziyan vuran insanları kəpənək adından tənqid eləmişəm.

- Sizi əvvəl miliyyətçi, sonra sosial-demokrat, sonra isə sosialist kimi tanıdım. Buna səbəb olan sizin statuslarınızdır. İdeologiyanızı belə tez-tez dəyişməyinizin səbəbi nədir?
- Mən əslində ideologiyamı dəyişmirəm, sadəcə məsələn, kommunist kəsim fikirləşir ki, sən əgər milliyyətçisənsə, kapitalizmi bəyənirsən, milliyyətçisənsə, sən irqçisən. Amma milliyyətçilik mənə görə sadəcə içimdə olan bir emosiyadır. Azərbaycanın gələcəyini mən cümhuriyyətçilikdə görürəm. Bu o demək deyil ki, mən kapitalizmi sevirəm. Kapitalizmə qarşı solidarizm cəmiyyətini sevirəm. Məsələn, Corc Oruell götürək, adam özü də solçu olub, amma kommunizmi öz yazılarında neçə dəfələrlə tənqid edib. “1984” və “Heyvanıstan” əsərində. Mənim 15 yaşım olanda “D18” hərəkatına qoşulmuşdum. Bu cumhuriyyətçi bir hərəkat idi. Mən siyasi ideologiyamı dəyişmişəm demərəm. Sadəcə mənə elə gəlir ki, məni başa düşmürlər bu məsələdə. Solun hamısını birdən vurub çıxartmaq olmaz axı. Sosializm, elmi-sosializm, iqtisadi sosializm var, onlardan da bəhrələnmək lazımdır. Kapitalizmə baxanda bizim alternativ olaraq bir çıxış yolumuz qalır, o da sol. Amma mən sol deyəndə təkcə marksist, kommunizmdən danışmıram. Məsələn, deyək solidarizmi. Sosial demokratiya ilə bir vaxtlar maraqlanmışdım, o da Trotskinin kitabını oxuyandan sonra. Amma görürdüm ki, orda mənə yapışmayan bəzi fikirlər oldu. Özümü tam olaraq cümhuriyyətçi kimi hiss edirəm.

- Sizdə yəni həmçinin solçuluq da var?
- Solçu kimi Sultan Qalıyevi nümunə gətirə bilərəm. Yeri gələndə Kamalizmin özündə də sol var. Amma keç kim Kamal Paşaya kommunist deyə bilməz.

- Həyatda da belə qərarsızsınız?
- Həyatda qərarsız... bəlkə də. Mən özüm fikirləşmirəm ki, həyatda qərarsızam. Sadəcə mən bir gün özümə solçu dedim, sosializmin bir növünü bəyəndim tutaq ki, amma bu o demək deyil ki, mən solun bütün növlərini qəbul edirəm. Solun hamısını birdən inkar da etmirəm.

- Həmçinin, sizin facebook hesabınızda gördüm ki, Seymur Baycanın bəzi fikirlərini özünüzün heç bir şərhiniz olmadan paylaşırsınız. Seymur Baycanın bütün fikirləri ilə razısınız?
- Yox, Seymur Baycanın bütün fikirləri ilə razı deyiləm. Bir məqaləsində yazmışdı ki, mən istərdim ki, Azərbaycan sivil millətlər, yəni, ingilislər, almanlar idarə eləsin. Mən onun bu fikri ilə razı deyiləm. Hindistanı da 200 il ingilislər idarə elədi, amma bu gün də onlarda mədəniyyət aşağıdır, Afrikanın şimal hissəsini elə tarixi vərəqləyəndən bəri Avropa idarə edib, amma hələ də mədəniyyətləri yüksək kəsimdə deyil. İrqçilik də eləmək istəmirəm, amma göz önündədir hər şey. 

- Nəyisə tənqid etmək daha asandır yoxsa tərifləmək?
- Məncə tənqid eləmək asandır. Amma baxır nə mənada. Azərbaycanda çoxlu tənqidçi var. Hamı oturur tənqid edir, amma çox az qisim oturub bu tənqidin həll yolunu göstərir. Mən onlara deyingənlik kimi baxıram. Hamı narazıdır, amma alternativ bir çıxış yolunu göstərə bilmirlər.

- Siz göstərə bilirsiniz?
- Baxır o məsələyə. Bəzən göstərə bilirəm, bəzən yox.

- Necə oldu ki, yazmaq qərarına gəldiniz. Sizi buna vadar edən nə oldu?
- Məndə bir dəfə başıma bir hadisə gəlmişdi. İki dənə balaca bir uşaq gəldi, mənə salfetka satmaq istədilər. Mən onlara baxdım və ruh düşkünlüyü yaşadım, bir ay bu hadisəyə görə özümə gələ bilmədim. Fikirləşdim ki, mən bu gördüklərimi bəlkə yazım? Bununla bəlkə nəsə edə bilərəm?

- Bəzən gənclər irəli getmək üçün kiməsə ehtiyacları olduqlarını fikirləşirlər. Belə desək, başqalarına sığınırlar. Siz nə fikirləşirsiz bu haqda? Əgər varsa, gənclərin öz iradəsinə inanmaqları düzgün deyil? Onların başqalarına ehtiyacları var?
- Əslində hamımızın bir nəfərə ehtiyacı olur. Məsələn, mən kimdənsə məsləhət ala bilərəm, kiminsə öz fikirlərini tədqiq edə bilərəm, amma o demək deyil ki, mən ondan zəli kimi yapışıb qalmalıyam. Hər kəsin öz yolu olmalıdır. Mən bu gün gedib başqasının fikrini dinləyə bilərəm, sabah gedib başqasının verdiyi məsləhətləri özüm analiz edib, özüm qərar çıxartmalıyam. Yoxsa mən onda öz şəxsiyyətimi itirib, başqasının şəxsiyyətinin bir parçası oluram.

- Yəni, bunu düzgün hesab etmirsiniz?
- Xeyr. Amma bu o demək deyil ki, heç kimin fikrindən istifadə etmirəm, kiminsə köməyini geri qaytarmaq lazımdır.

- Təşəkkür edirik sizə.
- Xoşdur. 

İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti