Sosial işçi: "İnsanların zehniyyəti dəyişməlidir" (MÜSAHİBƏ)

2-05-2017, 10:00
Oxunub: 2439
"Biz hal-hazırda sosial iş təhsilinin keyfiyyətinin artırılmasına fokuslanmışıq"


"Sosial işçi" deyəndə ağıla çox az adam gəlir. Bu, həm də belə bir sahə haqqında insanların məlumatı olmaması ilə əlaqəlidir. Ancaq biz insanların problemlərinin həll olunmasını istəyiriksə, bu sahəni digər böyük ölkələrdə olduğu kimi inkişaf etdirmək, layihələrə dəstək verməliyik. Lamiyə xanımı facebook-da izləyəndə gördüm ki, həqiqətən də bu sahənin vacibliyini cəmiyyətə çatdırmaq istəyir. Bundan öncə sırf bu sahədə müstəqil və insanlar üçün çalışan az adam gördüyümə görə marağımı cəlb etdi. Onu həm özüm tanımaq, həm də sizlərə tanıtmaq istədim...

Etatist.com "Gənc - Gələcək" layihəsi çərçivəsində sosial işçi Lamiyə Rzayevanın müsahibəsini təqdim edir:

"GƏNC - GƏLƏCƏK" LAYİHƏSİ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

- İstərdim ki, əvvəlcə cəmiyyətə özünüzü tanıdasınız.
- Adətən özümü təqdim edəndə deyirəm ki, mən Lamiyə Rzayeva, sosial işçiyəm. Hal-hazırda mənim fəaliyyətim birbaşa insanlarla iş üzrə qurulmayıb. Təşkilatlarla lobbiçilik səviyyəsində işləyirəm. Sosial İş İctimai Birliyinin icraçı direktoruyam. Təşkilat 2009-cu ildə yaranıb. Belə deyək, ölkədəki peşəkar sosial işçilərin asossasiyasıdır. Biz həm də Beynəlxalq Sosial İşçilər Federassiyasının üzvüyük. Azərbaycanı orada təmsil edirik. Birliyin əsas məqsədi ölkədəki sosial iş təhsilinin inkişaf etdirilməsi, dövlətin sosial müdafiə ilə bağlı siyasətinə dəstək vərməkdir. Və bütün fəaliyyətə də cəlb olunmuşam. Çətindir, amma öhtəsindən gəlirik.

- Çox adam sosial işçi kimdir bilmir. İstərdim öz praktikanız əsasında deyəsiniz, sosial işçi olmaq nədir?
- Tərifə əsasən sosial işçi çətin həyat şəraitində olan insanların problemlərini həll etmək, onlara dəstək verən şəxsdir. Amma təəssüf ki bütün post-sovet ölkələrində, həmçinin bizdə sosial işçiləri sosial xidmət assistentləri ilə səhv salırlar. Yəni düşünürlər ki, tənha yaşayan ahıl bir şəxsin evinə gedəcək, onun üçün yemək bişirəcək, evini təmizləyəcək, bazarlıq edəcək. Amma məntiqlə fikirləşəndə heç kimin kiminsə evini yığışdırmaq üçün 4 il bakalavr, magistr, doktorantura təhsilini almağa ehtiyacı yoxdur. Sosial işçi insanlara balıq tutub verən yox, balıq tutmağı öyrədəndir. Yəni, biz deyirik ki, sən nəyisə "klient" ilə birlikdə həll edirsən, "klient" üçün etmirsən. Onu səlahiyyətləndirirsən, həvəsləndirirsən ki öz problemlərini özü həll etsin.  

- Yəni, insanın bilmədiyi şeyi öyrədirsən?
- Bu, çox iddialı ifadədir (gülür). Məsələn, ailədə münaqişəsi olan bir kişi sizə müraciət edib deyir ki, mən həyat yoldaşımla hər gün dalaşıram, bu da uşaqlarımıza pis təsir edir. Sosial işçinin vəzifəsi ona təkcə məsləhət verməkdən ibarət deyil, bunu psixoloq da edə bilər.  Vəziyyəti dəyərləndirməlidir, adamın həqiqətən psixoloqa ehtiyacı varsa, yönləndirə bilər. Sosial işçi təkcə "klient"in özüylə yox, onun bütün ətrafı ilə işləyir. Ailə üzvləri, yoldaşı, uşaqlar, onlarla yaşayan ata, anası varsa, onlarla. Bəlkə problem qonşudan, icmadan gəlir? İcmayla işləyir. Ola bilər ki, əlilliyi olan şəxsdir, təhsil ala bilmir, infrostruktur imkan vermir o məktəbə getsin. Sosial işçi onun üçün lobbiçilik aparır. İcra hakimiyyətinə gedir, kimə müraciət etmək lazımdırsa, müraciət edir ki, uşaq üçün şərait yaradılsın.

Sosial işçi: "İnsanların zehniyyəti dəyişməlidir" (MÜSAHİBƏ)

- Onda sosial işçi həm psixoloqdur, həm istintaqçıdır. Çünki araşdırmalıdır...
- Bunu demək mənim xoşuma gəlmir. Çünki mən psixoloq olsaydım, mənim xətrimə dəyərdi. Amma sosial işçi həm hüququ, həm psixologiyanı, həm sosiologiyanı, həm antropologiyanı, hətta fövqəladə hallarla bağlı olan ilkin tibbi yardımı, bu kimi şeylərin hamısını bilir. Yəni, kompleks biliyə sahib olmalıdır. Əsasən sosial xidmətlər təşkil olunanda multidisiolinar yanaşma istifadə olunur. Bu bir çox peşə sahiblərini birləşdirir, orada hüquqşünas da, psixoloq da, sosial işçi də olur. Onlar komanda şəklində işləyirlər. Amma sözsüz ki mənim danışdığım konteksdə ən çox yük sosial işçinin üzərinə düşür.

- Niyə məhz bu işi seçdiniz?
- Mən 2011-ci ildə bakalavra qəbul olmuşam. Universitetə hazırlaşan vaxt sosial iş nədir bilmirdim belə.  Düzünü deyim ki, aktrisa olmaq istəyirdim. Nənəm aktrisa idi, mən də elə hiss edirdim ki, aktrisa olacam, ən az nənəm qədər uğurlar əldə edəcəm. Tipik Azərbaycan ailəsindən fərqli olaraq bizdə heç bir məhdudiyyət yox idi, imkan yaradırdılar. Tamamilə təsadüf olaraq mən sınaq imtahanlarından çox bal yığdım. Özümü o qədər savadlı hiss etmirdim. Onda da dedilər ki, bu qədər bal heyifdir, başqa ixtisasa yiyələnməklə də aktrisa ola bilərsən, bunun üçün 4 il oxumağa ehtiyac yoxdur. Anamın seçimi ilə sosial işi yazdım. Cəmi 7 yer yazmışdım, 6 cı sosial iş idi. Ora düşməsəydim, teatra düşəcəkdim. İndi heç də peşman deyiləm. Amma ilk gedəndə ağlaya-ağlaya getmişdim. Bizim ilk dərsimiz mərkəzi sinir sisteminin fiziologiyası idi. 3-cü qrupa hazırlaşan biri gəlib universitetə və ilk dərsi hüceyrə, neyron, bu cür şeylər. Sonrakı dərsə girməyib qaçmışdım evə. Valideynlərimi günahlandırırdım. Ertəsi gün valideynlərinmin təkidi ilə dərsə getdim, amma heç bir şeyi dinləmirdim. Qırmızı köynək geyinmişdim. Müəllimə mənim adımı soruşub qırmızı köynəyin mənə çox yaraşdığını dedi, əlbəttə, bu mənim çox xoşuma gəldi. Dərsi dinləməyə başladım. 90 dəqiqənin sonunda başa düşdüm ki, mən düz yerdəyəm.

 

- Burda sizi nə cəlb etdi?
- Məni əsas əvvəldə də dediyim, balıq tutub vermək yox, tutmağı öyrətmək cəlb etdi. Sosial işçinin cəmiyyətə çox vacib olduğunu anladım. Müəllim danışırdı ki, Azərbaycanda bu çox yeni sahədir, 3-4 il tarixi var idi həmin vaxt. İdarələrdə, təşkilatlarda sosial işçi yox idi. Amma bir neçə uğurlu keys danışdı, hansı ki sosial iş insanların həyatını necə dəyişdirib. Növbəti gündən mən həvəslə getməyə başladım. Yenə universitetə getsəydim, yenə sosial işçi olardım.

Sosial işçi: "İnsanların zehniyyəti dəyişməlidir" (MÜSAHİBƏ)

- Bəs aktrisa olmaq necə, yenə də istəyirsiniz?
- Düzü, artıq istəmirəm. Amma heç bu haqda fikirləşməmişəm. Məşhur bir sosial işçi var, Mark Doyl. Onun bir layihəsi var. Layihənin adı “Sosial işin 41 obyekti”. O, müxtəlif ölkələri gəzib, sosial işçilərlə söhbət edib. Onlara deyib ki, elə bir obyekt desin ki, o sosial işi izah edir. Gürcü bir sosial işçi deyib ki, sosial işçi tamadadır (Masabəyi).  O, necə məclisi yönləndirir, sosial işçi də icmanı yönləndirir. Mən onla söhbət edəndə demişdim ki, əslində aktrisa olmaq istəyirəm. Mənə dedi ki, bilmədən sosial işin obyektini ona demişəm. Sosial işçi həm də aktyordu. İnsanların qarşısında nəyisə ifa edir. Aktyor da əslində səni nəyəsə inandırır, təsirləndirə bilir.

- Bəs düşünmüsüz ki, sizdə aktrisalıq istedadı var, bu işdə uğur qazanardınız?
- Mən onu istəyəndə KVN-də oynayırdım, o vaxtlar çox yaxşı alınırdı. İndi bilmirəm, bəlkə də var.

- Azərbaycanda sosial iş o qədər də inkişaf etmiş bir sahə deyil. Amma sizin profilinizdə bir çox təşkilatların olduğunu qeyd etmişdiniz. Vəziyyət necədir bu sahədə?
- Ölkədə sosial inkişafa nail olmaq üçün sosial işçilər kifayət deyil. Düzdü, professional sosial işçilərin olması lazımdır. Məsələn, De-institutlaşdırma və alternativ qayğı Dövlət Proqramı 2006-2015-ci illərdə həyata keçirilib. Milyonlarla pul xərcləndi, layihənin məqsədi buydu ki, ölkədə uşaq evləri, internatlar bağlansın. Uşaqlar alternativ xidmətlərə, ya da yeni ailələrə yönləndirilsin. Yəni, uşaq müəssisədə böyüməsin. Proqram bitdi, cəmi bir alternativ Qayğı Mərkəzi açıldı, ora da sadəcə 10 uşaq üçündür. Digər bütün uşaq evləri, internatlar olduğu kimi qalıb. Niyə bu qədər milyonu biz çölə atdıq? Çünki sosial işçilər yox idi. Ailələrlə işləmək lazım idi. Ailə uşağı boş yerə ora atmayıb. Onlarla razılığa gəlmək lazım idi. Ailənin uşağı atma səbəbini bilmək, ailəni inkişaf etdirmək lazım idi. Bunu ancaq sosial işçi görə bilir kənardan baxanda. Hansısa pedaqoqa qiymətləndirmə ilə bağlı 2 həftəlik dərs keçilsə, onu edəcək. Lakin düzgün edə bilməyəcək. Bütöv şəkli görmək lazımdır. Bundan əlavə siyasi cəhətdən də dəyişmək lazımdır. Ölkədə sosial sahədə dəyişim üçün 2 tərəfdən başlamaq lazımdı. Bir ən yuxarı, bir də ən aşağı. Paralel getməlidir. Bizdə sosial xidmət haqqında qanun var. Amma orada yazılıb ki, sosial işçinin ən az bakalavr dərəcəsi olmalıdır. Siz fəlsəfə üzrə bakalavr dərəcəsinə sahib ola bilərsiniz, o demək deyil ki, sosial işçi kimi işləyə bilərsiniz. Ölkədə təhsil var və dövlət onu maliyyələşdirir. Amma dövlət pul verib oxutduğu sosial işçini istifadə etmir. Görürsünüz, nə qədər resursu boş-boşuna xərcləyirik. Sosial xidmətlər professional səviyyədə ancaq bir neçə QHT tərəfindən həyata keçirilir. QHT-ləri də bilirsiniz, davamlılıq məsələsi problemdir. Qrant yoxdursa, fəaliyyət yoxdur. Məsələn, bizim Ailə Məsləhət Mərkəzimiz var idi. Şüvəlanda yerləşir, çox həssas icmadır. Ailədaxili problemləri, münaqişələri olan icmadır. Uşaqların internata düşmə riski çox yüksəkdir orada. Yaxın kəndlərdən də nə qədər ailə ora müraciət edirdi və bizim nə qədər uğurlu keysimiz var idi. İnsanların həyatını dəyişirdi o mərkəz. Qrant bitdi, biz yeni qrant gətirə bilmədik. İşçilər bir neçə ay pulsuz işlədilər. Onların maaşları çox yüksək idi, həm də ehtiyac məsələsi vardı. Biz özümüz bağladıq oranı. Nə qədər pulsuz işlədə bilərdik onları?

Sosial işçi: "İnsanların zehniyyəti dəyişməlidir" (MÜSAHİBƏ)

- Qrantların hamısı xaricdən gəlirdi?
- Əksəriyyəti hə. Bizdə QHT-lərin sayı da çoxdur, görülməli olan işlər də. Yerli qrantlar nə qədər çox olur olsun, kifayət deyil. Məsələn, Sosial Müdafiə Nazirliyinin QHT Şurası, Gənclər və İdman Nazirliyinin Gənclər Fondu var. Amma bu, kifayət deyil.

 

- Bu qrantların kəsilməsi yeni qanunla bağlıdır?
- Məncə, hə, yeni qaydalarla bağlıdır. Çünki bir müddət durğunluq, çaşqınlıq yarandı. Heç kəs bilmirdi ki, bu qaydalardan necə istifadə etmək lazımdır. Həm də başqa məsələ də var. Azərbaycan xaricdə yaxşı gəlir səviyyəsi olan ölkə hesab olunur. Mən donor şirkətdə işləmişəm daha öncə. İqtisadi vəziyyət çox önəmlidir. Bir ingilis ölkədən kənardan sizi qiymətləndirirsə, siz neft ölkəsindən gəlmisiniz.

- Ümumiyyətlə, mənə elə gəlir ki, xaricdən gələn qrantlar daha çox siyasi yöndə gəlir. Sosial işçilər yönündə çox azdır...
- Nə vaxtsa hansısa beynəlxalq təşkilatın partiyaları maliyyələşdirmək məsələsi olub, ondan sonra elə görünür ki, xaricdən gələn qrantlar ancaq dövlət çevrilişinə xərclənir. Düzünü deyək, Azərbaycanda qrant pullarıyla dövlət çevrilişi etmək heç kəsin yadına düşən deyil. Bizim o qədər böyük problemlərimiz var ki. Mənim üçün vacib olan odur ki, kəndlərdə uşaqlar 11-ci sinifə qədər məktəbə getsinlər, 13 yaşında evlənməsinlər. Siyasi gücə sahib olmaq nəyimə lazımdır ki.

Həm də qrant götürənlərin də hamısı qrantı sonuna qədər etmək istədiyi işə xərcləmir. Bizim insanlar qrantı dövlət çevrilişinə xərcləmirlər, onunla ev, maşın alırlar. 

Biz iqtisadi cəhətdən kifayət qədər ayaqda dura bilən ölkəyik. Bu, inkar edilməzdir. Düzdür, yoxsulluq var, kimdən soruşsan, deyəcək bütün ölkələrdə var. Biz neft ölkəsiyik, nə qədər desək də acından ölürük, bu kənardan başqa görünür. Məncə, bizdə hökumət kifayət qədər güclüdür ki, xaricdən gələn pulların öz əleyhinə istifadə olunmasının qarşısını alsın. Bu mərhələni çoxdan keçmişik. Yəni, Saakaşvilinin gəldiyi vaxta Gürcüstan nə vəziyyətdə idi. Qrant kimi aldıqları pulla dəyişdilər hər şeyi.

Sosial işçi: "İnsanların zehniyyəti dəyişməlidir" (MÜSAHİBƏ)

- Siz beynəlxalq tədbirlərdə çox iştirak etmisiniz, təşkilatınız Beynəlxalq Sosial İşçilər təşkilatının üzvüdür. Beynəlxalq aləmdə Azərbaycanla müqayisə etdikdə nə ortaya çıxır? Nə çatışmazlıqlar var sosial iş sahəsində?
- Sosial müdafiə sistemi çox inkişaf edən ölkələrdə sosial xidmət göstərən dövlət orqanlarını professional sosial işçilər idarə edir və individual səviyyədə də onlar işləyir. Sosial iş 3 səviyyədən ibarətdir. Bir mikrosəviyyədir; siz birbaşa insanlarla, ailələrlə, qruplarla işləyirsiniz. Sonra mezo səviyyə; təşkilat səviyyəsində, insanlar üçün yeni xidmətlərin hazırlanmasıdır. Bir də, makrosəviyyə; siyasət səviyyəsidir. Yəni, siyasətlərin qəbul olunması üzərində işləyirsiniz, lobbiçilik edirsiniz. Məsələn, sizin mikrosəviyyədə işləyən bir həmkarınız sizə deyir ki, hansısa kənddə erkən nikah problemi var. Necə həll etmək olar, bu problem niyə var. Çünki orda məktəb yoxdur, uşaqların başqa seçimi yoxdur. Və sizin yuxarı səviyyədə lobiççilik etməyiniz o kənd üçün məktəb tikilməsindən keçir. Lobbiçilik budur, siz sadəcə onun üçün danışıqlar aparırsınız, qərar verənləri inandırmalısınız. İnkişaf etmiş ölkələrdə hansıların ki çox güclü sosial siyasətləri, sosial müdafiə sistemləri var, orada sosial işçilər hər 3 səviyyədə var. Onlar qərar verirlər, onlar icra edirlər. Məncə, bizim regionda eyni problemlər var. Gürcüstan qabaqdadır, Ermənistanda da vəziyyət heç də yaxşı deyil, baxmayaraq ki onlarda çoxlu xarici təşkilatlar, qrantlar var. Amma o qədər də irəli gedə bilməyiblər. Gürcüstanda təhsil çox yaxşı səviyyədədir, onlar indi lisenziya proqramı üzərində işləyirlər. Ancaq sosial iş təhsili olanlar işləyə biləcək. Azərbaycandan da xaricə gedib sosial iş oxuyub gələn çoxlu adamlar var. Hansı ki gəlib burda həm xidmətlərin təminatında, həm də sosial iş təhsilinin keyfiyyətinin artırmasında iştirak edə bilərlər. Amma bizdə məzunlar gəlib başqa-başqa yerlərə səpələnirlər, heç kəs heç nə etmək istəmir. Gürcüstanda hamısı bir yerə yığışırlar və ölkə üçün  nəsə edirlər.

- Azərbaycanda sosial işçilər hansı çətinliklərlə qarşılaşırlar? Və bu sosial işçilər özləri-özlərini təmin edə bilirlərmi?
- Ümumiyyətlə, bütün dünyada sosial işçilər o qədər də yüksək gəlirli şəxslər deyillər. Xüsusilə də mikrosəviyyədə işləyənlər. Amma bizdə sosial işçilər hardadır - Sosial Müdafiə Nazirliyində. Orda da maaşlar aşağı səviyyədə deyil. Həmçinin, QHT-lər tərəfindən təşkil olunan sosial işçilərdə də. Biz öz aramızda zarafat edərkən deyirik ki, bizim ömrümüz sosial işlə sosiologiyanın fərqini izah etməklə keçib. Bir də, əvvəl də dediyim yanlış imic məsələsi. Başqa da kifayət qədər iş yeri olmaması. Biz bunu deyəndə nazirlikdə bir az narahat olurlar. Onlar fikirləşirlər ki, bu sahədə olan işçiləri götürmək üçün gərək öz işçilərini işdən çıxarsın. Biz bunu istəmərik, əlbəttə, biz insanların yaxşılığı üçün çalışan adamlarıq. Bunu tədricən necəsə etmək olar. İndi 8 univesitetdə sosial iş təhsili alınır, hər il 200-300-dən çox tələbə məzun olur. Onları yerləşdirməyə yer lazımdır. Amma dövlət pul xərcləyir bunun üçün?

- Bu yaxınlarda hansısa yeni layihəniz varmı sosial işlə bağlı?
- Bizim təşkilatımızın layihələri haqda sizə deyə bilərəm. Biz hal-hazırda sosial iş təhsilinin keyfiyyətinin artırılmasına fokuslanmışıq. İndi bizim “Full bright” adlı proqram çərçivəsində amerikalı alim qonağımız var. O, Çikaqo Universitetində doktorantura dərəcəsi alıb, hansı ki, o universitetdə sosial iş təhsilini yaradıb. İndi o, Mədəniyyət İncəsənət Universitetində sosial işçilər üçün mühazirələr deyir. Dövlət orqanlarında, QHT-lərdə işləyən, dərs deyən sosial işçilərə təlimlər keçir. Bu layihədən əlavə ölkədə sosial iş təhsilinin qiymətləndirilməsi ilə tədqiqat layihəsi keçiririk. Biz bunu 2015-ci ildə Təhsil Nazirliyinin sifarişi ilə etmişdik. Amma indi daha böyük miqyasda, daha çox respondetlə edəcəyik. Həm kəmiyyət, həm də keyfiyyət olacaq. Effektiv nəticə gözləyirik.

Sosial işçi: "İnsanların zehniyyəti dəyişməlidir" (MÜSAHİBƏ)

- İş prosesində elə bir hadisə olubmu ki, onu cəmiyyətlə bölüşmək istəyəsiniz?
- Bu gün bir tələbəm deyirdi ki, niyə boşananda birinci məhkəməyə gedirlər. Bilmirlər ki, bunu sosial işçi həll edə bilər? Adamlar birinci ailə terapistinə və ya sosial işçiyə getsələr, nə ailələr dağılmaz, nə uşaqlar evsiz, ailəsiz qalmaz  Bizim üçün boşanmalar son bir neçə ilin ən aktual problemlərindədir.

Bizim ailə dəyərlərimiz var, hansı ki, çox möhkəm köklərə əsaslanır. Biz ailə mövzusunda çox konservativ xalqıq. Mən demirəm burda pis nəsə var, əgər iki insan bir yerdə xoşbəxt deyilsə, onlar xoşbəxt uşaqlar da böyüdə bilməzlər. Amma mən işlədiyim vaxt gördüyüm boşanmış ailənin və ya rəsmi nikah olmayan valideynlərin, hansı ki ayrılan zaman ikisindən birini itirməyə məcbur qalıb, o uşaqların heç birinin xoşbəxt olduğunu görməmişəm. Nə qədər yaxşı ailə tərəfindən övladlığa götürülsələr də, nə qədər yaxşı xidmət görsələr də, xoşbəxt olmayıblar. Sosial işçi kimi mənə elə gəlir ki, yetişkin insanlar arasında istənilən konflikti həll etmək olar. Danışmadan həll olmayan problem yoxdur. Uşağın mənafeyi valideynin mənafeyindən qabaqdadır.

- Boşanmaların bu qədər artmasının əsas səbəbi nədir?
- Məncə, mediadır. Televiziya, xəbərlər, seriallar. “Müğənnilər bu gün evləndi, sabah boşandı” - bunun xəbər edilməsi. Adi bir xəbərin çatdırılma şəkli olmalıdır. İntihar, məişət zorakılığı haqqında belə. Səhər-səhər qəzeti açıram, yazılıb ki, kişi yoldaşını qısqanclıq zəmnində, xəyanətə görə baltalayıb öldürdü. Bunu oxuyan insanın şüuraltına təsir edir. O da başqa birinə danışacaq. Xəbərləri 2-ci 3-cü əldən eşidəndə daha təsirli olur. Seriallarda problemli bir şeyi elə təqdim edirlər ki, sanki çox yaxşı bir şeydir. Adicə intihar haqqında xəbəri deyək. İşdən gəlmisən, ac, yorğun, darmadağın vəziyyətdə, evdə işlər, uşaq gözləyir və radioda intihar xəbəri eşidirsən. Təsəvvür edirsiniz, bu insana necə təsir edir? Sabah da bir çətinlik olan kimi deyirsən, özümü öldürüm, bitsin getsin.

Sosial işçi: "İnsanların zehniyyəti dəyişməlidir" (MÜSAHİBƏ)

- Önərdiyiniz bir sahə varmı ki, Azərbaycan məhz o sahədə işləməlidir?
- Gənclərin qərarvericilikdə rolu artırılmalıdır. Mən demirəm ki, mütləq gənclər kimisə kreslosundan qaldırıb yerində oturmalıdır. BMT-nin əhali fondunun bütün dünyada apardığı bir kompaniya var: Gənclər üçün gənclərsiz heç nə. Siz mənim haqqımda qərar verirsiniz. Amma məndən soruşmamış necə təyin edə bilərsiniz, ən yaxşısı nədir? Nə ediriksə, gənclər üçün edirik. Fikir verirsinizmi, bu sahədəki bütün təşkilatlar ən aşağıdan yuxarı gedirlər. Onun effekti daha böyük olur. Gənclər özləri nəyisə dəyişdirmək üçün nəsə etməlidirlər. Mən sosial işçilərlə, tələbələrimizlə tez-tez görüşürəm. 1-ci, 2-ci kursda könüllü işləyəndə mənim dostlarım mənə axmaq kimi baxırdılar. Onların gözündə mən pulsuz kimin üçünsə işləyirdim. Mən bilirdim ki, niyə işləyirəm, nə qədər şey öyrənirəm. Pulsuz olsa belə, qiyməti ölçülməyən şeylər öyrənirdim. Sonra deyirdilər ki, orda yer var, biz də könüllü işləyək? Özləri üçün nəsə etməyin fərqinə varmırlar. Sən özün üçün nəsə etməsən, heç kəs sənə nəsə etməyəcək. Məsələn, hansısa icmadan soruşmamış onlar üçün qızıldan pilləkan qoydurun, onlar onun qədrini bilməyəcək. Amma soruşun ki, sizə nə lazımdır? Desələr ki, bulağımız yoxdur, siz də ora bulaq çəkdirin. Görün onu necə qiymətləndirəcəklər.

- Gənclər təşkilatının sizin təşkilatla əməkdaş olması mümkündürmü?
- Əlbəttə ki, mümkündür. Mən bu təşkilata gəlmədən əvvəl bir gənclər təşkilatı ilə əməkdaşlığım olub. Biz əməkdaşlığa, yeni layihələrə açığıq.

- Sizin cəmiyyətə çatdırmaq istədiyiniz bir mesaj varmı?
- Mən günümün yarısını ödənişli, yarısını ödənişsiz işləyirəm, bundan da heç şikayətçi deyiləm, bu mənə zövq verir. Bilirəm ki, işə yarayıram. Özümə sual verəndə ki, niyə işləyirəm, düşünürəm ki, Azərbaycanda insanların daha keyfiyyətli xidmət aldığı, öz müqqəddəratlarını, özləri üçün yaxşı olanı təyin edə bildikləri bir ölkədə yaşamaq istəyirəm. Bunun üçün mütləq deyil siyasi səviyyədə nəsə dəyişsin. Kimdən soruşulsa, deyir, hakimiyyət dəyişməlidir. İnsanların zehniyyəti dəyişməlidir.

Cavid Əliyev
Etatist.com
Şərhlər : 2 Şərh yaz
Emin 4 may 2017 18:08  

Baliq məsələsi xoşuma gəldi balıqı tutub benefsiyara vermek olmaz balıqı tutmağı öyrətmək lazımdır.

Adil 6 may 2017 20:13  

ilk növbədə yazını bəyəndim,əsaslandırmaq çox gözəldir,amma zehniyyətimizi dəyişdirən siyasi ideologiyalar olub,Azərbaycançılıq milli ideologiya ilə Etatizm tandemi ilə cəmiyyəti irəli aparmaq olar.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti