Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

1-05-2017, 17:02
Oxunub: 216
Həmin bakalavrlar 3 – 6 may tarixlərində qabiliyyət imtahanı verməlidirlər.


Dövlət İmtahan Mərkəzi jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlara müraciət edib.

DİM-dən APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlara bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət etmək imkanı verilib. Həmin bakalavrlar aprelin 21-dən 30-dək Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçməli idilər. Bu müddət ərzində 46 nəfər bakalavr qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib ki, onlardan 42 nəfəri Azərbaycan bölməsinin, 4 nəfəri isə rus bölməsinin bakalavrlarıdır.

Həmin bakalavrlar 3 – 6 may tarixlərində qabiliyyət imtahanı verməlidirlər. Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər. Qeydiyyatdan keçmiş bakalavrlar 2 may tarixində "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 3-6 may tarixlərində vərəqədə göstərilən vaxtda Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi-28 ünvanında (Asiya Universitetinin binasında) qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanı haqqında ətraflı məlumat “Magistr” jurnalının 2017-ci il tarixli 3-cü nömrəsində dərc olunub.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 1 saat (30 dəqiqə imtahan biletinə hazırlaşmaq və 30 dəqiqə biletin suallarını cavablandırmaq üçün) vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Bakalavrın biletin hər bir bəndi üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (4 bənd üzrə maksimum bal: 20). Biletin hər bir bəndi üzrə ən azı 3, bilet üzrə ümumilikdə isə 12 və daha çox bal toplamış bakalavrlar imtahandan “məqbul” qiymət almış hesab edilirlər və proqram seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanırlar. Onlar imtahanın ikinci mərhələsində həmin proqram üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan ikinci mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti