"Koreya cəmiyyəti bizim cəmiyyətimizdən 40 il öndədir" - Müsahibə

21-04-2017, 15:05
Oxunub: 2300
"Koreyasevərlər qrupunun rəhbəri olaraq da fəaliyyətlərimi dayandırmaq fikrim yoxdur"


Bir ölkəni daim yenilikdə saxlayan fərqli-fərqli sahələrdə olan gənclərdir. Budəfəki müsahibimiz rəssam, təşkilatçı, ictimai fəal, koreyasevər Nuray Kərimovadır. Onun əl işlərinə baxanda həm Uzaq Şərqin incəliyini, həm də Qərb dəqiqliyini sezmək olar. Azərbaycanda Uzaq Şərq mədəniyyəti ilə maraqlanan, onların rəsmlərini çəkən rəssamlar çox azdır. Ona görə də qərar verdik ki, bu istedadlı gəncimizi Azərbaycan cəmiyyəti ilə tanış edək.

Etatist.com "Gənc - Gələcək" layihəsi çərçivəsində rəssam, təşkilatçı Nuray Kərimovanın müsahibəsini təqdim edir: 

"GƏNC - GƏLƏCƏK" LAYİHƏSİ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

- Uzaq Şərq Azərbaycan cəmiyyəti üçün həqiqətən uzaq gəlir. Biz Avropaya yönəldikcə, dünyanın böyük və fərqli olduğunu unuduruq. Ümumiyyətlə inglis dilinin hər kəs üçün daha böyük maraq doğurduğu və istifadə olunduğu bir dövrdə niyə Koreya dilini öyrənməyi və sonradan öyrətməyi seçdiniz? Bir sözlə niyə Koreya?
- Doğrudur, ingilis dili günümüzdə insanlar üçün böyük maraq doğuran, hər zaman ehtiyac duyulan bir dildir. Amma günümüzdə neçə nəfər bu dili sevdiyi üçün öyrənir? Böyük əksəriyyət bu dili ehtiyac duyduğu üçün öyrənir əlbəttə. Mən Koreya dilini sadəcə sevdiyim üçün öyrənməyə başladım. Koreya filmlərinə, seriallarına baxdıqca dilə qarşı marağım yarandı. Koreya dilində bizə yad olan ifadə vasitələri, intonasiyaların çox olmasına baxmayaraq, bu dildə bizim dilimizdə yaxın sözlər, ifadələr də çoxdur. Təsəvvür edin ki, bir dildə hər bir hissi, hər bir hərəkəti ifadə edən söz var. Məsələn, maşının ön işıqlarının yanıb-sönməsi bu dildə bir sözlə ifadə olunur. Bir anlıq hər hansısa bir şey yaddan çıxarsa, bu hərəkəti də eyni sözlə ifadə edirlər. Bir də mənə görə Koreya dili poeziya dilidir. Hislər sözlərlə rahat ifadə olunduğuna görə, bu dildə yazılan şeirlərdə bir o qədər mənalı olur. “Niyə Koreya” sualına mənim ilk cavabım elə Koreya dilidir.

"Koreya cəmiyyəti bizim cəmiyyətimizdən 40 il öndədir" - Müsahibə

- Koreya cəmiyyəti ilə Azərbaycan cəmiyyəti arasında müqayisə aparsaq hansı fərqliliklər və ya oxşar tərəflər görə bilərik? 

- Çox fərq sadalaya bilmərəm. Mənə görə iki cəmiyyət arasında ən əsas fərq Koreya cəmiyyətinin daha qabaqcıl cəmiyyət olmasıdır. İndiki Koreya cəmiyyəti bizim cəmiyyətdən hardasa 40 il öndədir deyə bilərəm. İstər elm, istər texnika, istərsə də film sahəsi olsun. Hər bir sahədə çox inkişaf etmiş və daim inkişafa meyilli cəmiyyətdir Koreya cəmiyyəti.

- Sizin yaradıcılıq fəaliyyətinizi Koreya sevginiz alovlandırdı, yoxsa yaradıcılığınız Koreyanı sevməyə şərait yaratdı?
- Belə deyim, mən koreyasevər olmazdan əvvəl rəssamlıqla məşğul idim. Nə Koreya sevgim yaradıcılığımda çevriliş etdi, nə də yaradıcılığımın Koreya sevgimə təsiri oldu.

- Bildiyimə görə siz həm də rəssamlıq akademiyasında oxuyursunuz. Sahəniz isə bədii metal, zərgərlikdir. Bu işlər səbr və diqqət tələb edir. Necə oldu ki, belə fərqli bir yaradıcılıq sahəsini seçdiniz? Bu sahədə uğurlarınız olub?
- Əslində bədii metal sahəsi ölkəmizdə elə də tanınmır. Amma buna baxmayaraq, çox geniş bir sahədir. Müxtəlif metallardan heykəllər, fiqurlar, zərgərlik məmulatları hazırlanmaq üçün bu sahədən istifadə edilir. Həm səbir və diqqət, həm də zəhmət tələb edən işlərdir. Mən müasirliyi sevdiyim üçün bədii metal sahəsi mənim gözümdə möhtəşəm monumental fiqurlar deməkdir. İnsan bütün təxəyyülünü, bütün hiss və emosiyalarını metal fiqurlar üzərinə köçürür və bu təxəyyülün metalla birləşməsindən möhtəşəm işlər ərsəyə gəlir. Mən hələ 1 ildir ki, bu sahəni öyrənirəm. Ona görə də uğurlarım olmayıb.

"Koreya cəmiyyəti bizim cəmiyyətimizdən 40 il öndədir" - Müsahibə

- Koreyada olmusunuz?

- Xeyr.

- Koreyaya getsəniz ilk olaraq nə etmək istəyərsiniz? Bu istəyiniz yaradıcılığınızı da əhatə edirmi?
- İlk öncə gəzmək istəyərəm sadəcə. Tək şəhərləri yox. Koreyanın adalarını gəzməyi daha çox istəyirəm.

- Əgər bir müddət Koreyada yaşamaq və fəaliyyət göstərmək şansınız olsaydı Azərbaycanı orada necə təmsil edib, tanıdardınız?
- Koreyada yaşamaq şansım olsaydı ilk öncə Azərbaycan mədəniyyət günləri təşkil edib, Azərbaycanın milli mənəvi dəyərlərini tanıtmaq istəyərdim. Misal üçün, heç vaxt görməsəm də böyüklərimin mənə danışdığı Şuşanın gözəlliyindən danışardım. Cıdır düzünün, Topxana meşəsinin, xarı-bülbülün heyranedici gözəlliyindən ilhamlanmış Xan Şuşinskinin səsinin sehrindən danışar, muğamımızı tanıdardım insanlara.

- “Facebook”da koreyasevərlər qrupuna rast gəldim. Onlar kimlərdir və fəaliyyət göstərirlərmi? Əgər fəaliyyət göstərirlərsə, bizi bu fəaliyyətin bir hissəsi ilə tanış edərdiniz.
- Biz koreyasevərlər olaraq neçə ildir ki, bu ad altında fəaliyyət göstərir, müxtəlif tədbirlər, görüşlər , kino günləri, mədəniyyət günləri təşkil edirik. Çox böyük kütləyə sahibik və sayımız gündən-günə artır. Qrupun əsas məqsədi ölkəmizdəki bütün koreyasevərləri bir yerə toplamaqdır.

- Eşitmişəm sizing Koreya ilə bağlı yeni layihəniz var. Layihə haqqında danışa bilərsiniz? Yoxsa hələ ictimaiyyət və koreyasevərlər üçün sürpriz olaraq qalır?
- Bəli, yeni ideyalar üzərində işləyirəm, amma hələ ki, bu haqda məlumat vermək üçün tezdir.

"Koreya cəmiyyəti bizim cəmiyyətimizdən 40 il öndədir" - Müsahibə

- Əslində suallarımızın demək olar ki, hamısı Koreya ilə bağlıdır. Sizi izlədiyim qədərilə düşüncəmdə yaratdığım portretdə görünür ki, Koreya sizin ayrılmaz parçanızdır. Siz necə düşünürsünüz, elədirmi?

- Doğrudur. Mən özüm öz həyatımı 2 hissəyə ayırıram. Bir tərəfdə dərslərində yaxşı, bütün qiymətləri əla olan, universitetdə müəllimlərin sevimlisi Nuray, digər tərəfdə hər gün öz idarə etdiyi qrup üçün çalışan, yeni ideyalar üzərində işləyən, Koreya dilini tədris edən, koreyalılara Azərbaycanda olan koreyasevərləri tanıdan Nuray var.

- Gələcəkdəki planlarınız nədir? Hansı sahəni seçəcəksiniz? Bu sahəni seçməyinizə səbəb nədir?
- Gələcəkdə yenə indi oxuduğum sahəni davam etdirmək fikrindəyəm. Öz sənətimi sevirəm. Gələcəkdə yenə bu sahə üzrə işləmək istəyirəm. Amma təbii ki, bir koreyasevər kimi, koreyasevərlər qrupunun rəhbəri olaraq da fəaliyyətlərimi dayandırmaq fikrim yoxdur.

"Koreya cəmiyyəti bizim cəmiyyətimizdən 40 il öndədir" - Müsahibə

- Azərbaycan gəncliyinə çatdırmaq istədiyiniz bir ismarışınız varmı?

- Sevdiyiniz sənətin arxasınca gedin, daim axtarışda olun və hər zaman özünüzü təkmilləşdirməyə can atın. Yalnız bu halda uğur əldə edə biləcəksiniz.

"Koreya cəmiyyəti bizim cəmiyyətimizdən 40 il öndədir" - Müsahibə

"Koreya cəmiyyəti bizim cəmiyyətimizdən 40 il öndədir" - Müsahibə

"Koreya cəmiyyəti bizim cəmiyyətimizdən 40 il öndədir" - Müsahibə

Ləman
Etaitst.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti