Azərbaycan və Əlcəzair ədliyyə sahəsində əməkdaşlıq edəcək

20-04-2017, 18:25
Oxunub: 133


Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 16-18-də Əlcəzairdə səfərdə olub.

Nazirliyin mətbuat xidmətindən Report-a verilən məlumata görə, səfər Əlcəzairin ədliyyə naziri Əl-Tayyib Louhun dəvəti ilə baş tutub. 

Səfər zamanı keçirilən görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, hər iki dövlətdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar ətrafında geniş fikir mübadiləsi aparılıb, təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydası qeyd olunub.

Sonra nazirliklər arasında məhkəmə, ədliyyə, o cümlədən penitensiar sistemin təkmilləşdirilməsi, elektron ədliyyə, qanunvericilik, ədliyyə işçilərinin və hakimlərin tədrisi sahəsində birgə tədbirlərin keçirilməsini nəzərdə tutan əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb, mətbuat üçün brifinq keçirilib.

Eyni zamanda Əlcəzairin Ədliyyə Nazirliyi tərəfindən əhaliyə göstərilən elektron xidmətlərə dair təqdimat keçirilib, bu sahədə təcrübə mübadiləsi aparılıb, Azərbaycanın brendi olan və ədliyyənin də müxtəlif xidmətlər göstərdiyi "ASAN xidmət"in vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti barədə məlumat verilib.

Səfər zamanı Əlcəzairin baş naziri Abdelmalek Sellal ilə görüş keçirilib. İki ölkənin din və mədəniyyət kimi ortaq dəyərlərə malik olduğunu söyləyən baş nazir Əlcəzairin Azərbaycanla bütün istiqamətlərdə, xüsusilə iqtisadi, hüquqi, ticarət, neft-qaz və mədəniyyət sahələrində əməkdaşlığın aparılmasında maraqlı olduğunu bildirib, bunun üçün böyük potensialın mövcudluğunu vurğulayıb. Baş nazir ölkəsinin Afrikada nüfuza malik olduğunu bildirərək qitə ölkələri ilə əlaqələrin inkişafında Azərbaycana kömək etməyə hazır olduğunu söyləyib. Görüşdə Azərbaycanda ədliyyə və məhkəmə sistemində aparılan islahatlara maraq göstərilib, bu sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydası qeyd edilib.

Bundan başqa, ədliyyə naziri F.Məmmədovun Əlcəzair Ali Məhkəməsinin sədri və baş prokuroru ilə də görüşü olub. Görüşdə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, elektron məhkəmənin tətbiqi, hakimlərin seçimi və tədrisi müzakirə edilib, ikitərəfli əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərilib, məhkəmənin binası ilə tanış olunub.

Eyni zamanda, Ali Magistratlar (Hakimlər və Prokurorlar) Məktəbinə səfər edilərək həmin qurumun fəaliyyəti, hakimlərin və prokurorların ilkin və davamlı tədrisi prosesi ilə tanış olunub, əməkdaşlığa dair faydalı danışıqlar aparılıb.

Azərbaycan nümayəndə heyəti həmçinin Əlcəzairin yeni inşa olunmuş müasir penitensiar kompleksinə baş çəkərək qurumun fəaliyyəti, məhkumların saxlanma şəraiti, habelə probasiya xidməti, eləcə də Həbsxana Əməkdaşlarının Milli Məktəbində penitensiar xidmət üçün kadrların hazırlanması sistemi ilə maraqlanıb, bu sahədə faydalı təcrübə mübadiləsi aparılıb. Eyni zamandan, Əlcəzairin Milli Notariuslar Palatasının fəaliyyəti ilə tanışlıq olub, olaraq səmərəli fikir mübadiləsi aparıb, Azərbaycanın notariat institutuna maraq göstərilib.

Görüşlərdə Əlcəzair tərəfinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, torpaqlarımızın 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi haqqında məlumat verilib, münaqişəyə dair broşürlər və digər əyani vəsaitlər təqdim edilib.

Tədbirlərdə Azərbaycanın Əlcəzairdəki səfiri Mahir Əliyev iştirak edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti