Ötən il Azərbaycanda 173 patent dövlət qeydiyyatına alınıb

20-04-2017, 15:46
Oxunub: 92
Yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Patent və Əmtəə Nişanları Mərkəzi (PƏNM) ilə birgə keçirdiyi “İxtiraçılıq sahəsində nailiyyətlərə görə” IV Respublika Müsabiqəsi Komissiyasının iclası keçirilib.

Report SMPDK-ya istinadən xəbər verir ki, iclasda Komitə sədri Ramiz Həsənov hər il keçirilən bu müsabiqənin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir.

Rəqabətqabiliyyətli və innovativ sənayeni müasir dünya bazarına çıxış üçün həlledici faktor kimi dəyərləndirən R.Həsənovun sözlərinə görə, sənayenin rəqabətqabiliyyətliliyi artıq o qədər də investisiyaların həcmiy ilə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət yeni iqtisadi modelə keçidi sürətləndirir: “Bundan sonrakı iqtisadi inkişafın islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına həyata keçiriləcəyini deyən cənab Prezident patent hüququ obyektlərinin mühafizəsi məsələlərini daima diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, cari ilin 10 fevral tarixli Fərmanına Əsasan PƏNM publik hüquqi şəxsi təsis edilib”.

Komitə sədri deyib ki, PƏNM ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini aparır, müvafiq mühafizə sənədləri və şəhadətnamələr verir, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparır, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri həyata keçirir. Qeyri-neft ixracısının sürətləndirilməsinə dəstək və innovativ layihələrin sənayedə tətbiqinə nail olmaq məqsədilə Mərkəzin nəzdində Texnologiyaların transferi və kommersiyalaşdırılması şöbəsi yaradılıb.

Əqli mülkiyyət obyektləri üzərində müstəsna hüquqların qorunması mexanizminin – patent sisteminin rolunun günbəgün artdığını qeyd edən komitə sədri, əqli mülkiyyət hüquqlarının ixtiraçıya və ya elmi-araşdırma mərkəzlərinə yaradıcı intellektual fəaliyyətdən mənfəət əldə etməyə imkan yaradan mexanizm olduğunu vurğulayıb: “İxtiraçıların, patent sahiblərinin müvəffəqiyyəti onların əqli mülkiyyət obyektlərinin təsərrüfatda, sənayedə tətbiq olunmasından asılıdır. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bunun əyani sübutudur. Təkcə ötən il 173 patent dövlət qeydiyyatına alınıb”.

İxtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi baxımından perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması məqsədilə keçirilən “İxtiraçılıq sahəsində nailiyyətlərə görə Respublika Müsabiqəsinin rolunu komissiya üzvləri də yüksək qiymətləndiriblər. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri, professor Rafiq Hüseynov və digərləri müsabiqəyə təqdim olunan patentlərlə tanış olduqlarını, onların sırasından sənayedə tətbiq imkanları daha aktual olanların seçiləcəyinə əminliklərini bildiriblər.

Məlumat üçün bildirək ki, müsabiqə ilə bağlı 22 fevral 2017-ci il tarixli elana uyğun olaraq, sənəd qəbulu 7 aprel 2016-cı il tarixində başa çatıb. Ümumilikdə müsabiqə komissiyasına 2016-cı ildə dövlət qeydiyyatına alınan 49 ixtira patenti barədə müraciət daxil olub. Patentlər arasında “İlin Patenti” nominasiyası ilə yanaşı, II, III yerlər üzrə də qaliblər müəyyən edilərək təqdimetmə mərasimində təltif ediləcəklər. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti