Az-ya: "Meydan TV, Azadlıq Radiosu, BBC belə məsələlərə birtərəfli yanaşır"

17-04-2017, 12:43
Oxunub: 5352
"O dönəmdə baş verənləri düşünürəm ki, elə özüm yazsam yaxşıdır"


Az-ya (Röyal Paşayev) haqqında 2015-ci ildə ilk dəfə müsahibə götürəndə yazmışdım. O, ilk öncə H.O.S.T rep qrupunun, sonra isə "MadHouse Community"nin təsisçilərindəndir. Bununla yanaşı o, həm də rəssam, jurnalist və rejissor, qrafik dizayner kimi də fəaliyyət göstərir. 2015-ci ildə onunla müsahibəmiz demək olar, ancaq H.O.S.T barədə olmuşdu, onun peşələri və şəxsi işləri barəsində danışmamışdıq. Ancaq onun bu qədər sahəni bildiyini nəzərə alaraq bir daha müsahibə təklifi etdim, o da sevə-sevə qəbul etdi. 

Milli Fikir Mərkəzi ilə Etatist.com-un birgə layihəsi olan "Gənc - Gələcək" layihəsinin növbəti müsahibi jurnalist, qrafik dizayner, rəssam, rejissor Röyal Paşayevdir. 

LAYİHƏ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR

Müsahibəni təqdim edirik:

- Salam Röyal. Bir daha müsahibəyə razılaşdığınız üçün təşəkkür edirəm. Necəsiniz, Amerikada vəziyyət necədi?
- Salam, siz sağolun ki, dəyər verirsiniz, məcmuənizdə yer və vaxt ayırırsınız.
Amerika həmişəki kimi - hər yerdən daha yaxşı vəziyyətdədir.

- Biz Röyalı H.O.S.T-un əsas təşkilatçılarından biri kimi tanısaq da, peşə olaraq Röyal bildiyimiz qədərilə həm jurnalist, həm də qrafik dizaynerdir. Bəs sizə ən yaxın sahə bunlardan hansıdır?
- Jurnalistika daim marağımı çəkən sahədir və həmin ixtisas üzrə bakalavr dərəcəsini aldığım, çalışdığım üçündür ki, yəqin indi də vərdişdən əl çəkə bilmir, facebookda bu qədər aktivəm.
Amma özümü daha komfort və yerində hiss etdiyim sahə incəsənətdir. Qrafik dizayn ağlımdakı ideaları çatdırmaq üçün bir vasitədir.

- Söhbət incəsənətin hansı sahəsindən gedir?
- Əslində hər bir sahəsindən, amma deyəsən vizual hissəsi ürəyimə daha çox yatır: Rəsm, instalyasiya, foto, video, qarışıq texnikalı qraffiti, rəqəmsal və s. Yəni, gözlə görə biləcəyiniz sahə.

- Mən sizin daha çox dizayn işlərinizi gördüyüm üçün ilk öncə bu barədə danışmaq istəyirəm. Dizaynerliyə H.O.S.T-un fəaliyyəti zamanı başlamısınız yoxsa ondan əvvəl də işləyirdiniz?
- Daha əvvəl. Amma bu ixtissası özüm öyrəndiyim üçün, H.O.S.T-un ilk dönəmlərində etdiklərimin çoxu eksperimental idi.

- Bilirəm ki, H.O.S.T-un və ondan sonra Qaraqanın demək olar, bütün albomlarının üz qapağını siz düzəltmisiniz. O vaxt əsas gündəm olan "plagiat" məsələsi də sizdən qaçmamışdı. Bu məsələ barədə də fikirlərinizi almaq istəyirəm. Onların fikir müəllifi sırf sizə aid idi? Və bu kimi mənfi fikirlərə həmin vaxtlar reaksiyanız nə olurdu?
- Söhbət dizayndan gedir, yoxsa musiqi və ya kitabdan?

- Dizayndan.
- Yadıma sala bilmirəm o plagiat məsələlərini açığı, amma olubsa da elə güclü reaksiya verməmişəm ki, ağlımda qalmayıb. Həmin dövr zatən dünyada müəyyən dizayn trendləri vardı, mənim etdiklərim də ona uyğun idi.
Yox, həmin dizaynlar düzəldilərkən, kimdənsə ilhamlanırdımmı soruşsanız, təbii ki hə. Dizayn da geyim kimi, özünü təkrarlaya-təkrarlaya yenilənən, inkişaf edən sahədir. 60-cı illərdə Andy Warholun etdiklərini indi də etsək, olduqca dəbli, səliqəli və maraqlı görünəcək.

Az-ya: "Meydan TV, Azadlıq Radiosu, BBC belə məsələlərə birtərəfli yanaşır"

- H.O.S.T-un sizinlə birlikdə olan gənclərə də bir çox töhvəsi oldu. Bildiyim qədərilə, sizin komandadan bir çox sahələr üzrə yetişənlər oldu. İndi onların hər biri bir sahənin mütəxəssisidir. İndi də onlarla birlikdə işləyirsiniz? Ya yollarınız tamamilə ayrılıb?
- Çox yaxın çevrənin hər biriylə əlaqəm var. Vaxtaşırı birlikdə də işləmişik, eyni şirkətdə də, ayrı şirkətlərdə də. Amma dostluğumuza bu təsir etməyib. Zatən hansısa idea, layihə olanda ilk məhz həmin adamlarla işləyirik. Həm dost, həm də peşəkar olduqları üçün.

Çox da yaxın olmadığımız, forumdan və s. tanıdığım uşaqlar da var ki, əlaqəm yoxdur, amma olduqca uğurlu karyera sahibidirlər və çoxu xaricdə yaşayır, işləyir. Avropadan tutmuş, Çinə qədər.

- Sonradan "SHAMANS" adlı şirkəti yaratdınız və bir çox şirkətlərlə işlədiniz, onların logolarını hazırladınız. Azərbaycanda dizayner olaraq şirkətlərlə işləmək necədir? (Yəni, rahatdı ya kaprisləri adamı yorur?)
- "SHAMANS" da zatən 2007-dən vardı. Sadəcə tam müstəqil şirkət olaraq 2012-də başladıq fəaliyyətə. Azərbaycanlı şirkətlərlə işləmək çətindir, əgər müştəri nə istədiyini dəqiq bilmirsə. Çünki, kreativ komanda nə qədər bacarıqlı da olsa, sehrbaz deyil və müştərinin ağlında nə olduğunu görə bilməz. Ona görə də müştəri işin başlanğıcında briefi dəqiq göstərərək, həm dizaynerə, həm kopirayterə kömək etməlidir. "Belə rozıvı tonlarda olsun, simvol olsun, yekə olsun" tipli cümləylə yox, konkret suallara cavab verməklə.
Hələlik mənə azərbaycanlı müştərilərlə işdə ən çətin gələn budur. Xaricdəkilər, nə istədiyini çox dəqiq görür.

Az-ya: "Meydan TV, Azadlıq Radiosu, BBC belə məsələlərə birtərəfli yanaşır"

- Facebook-da dəfələrlə dizaynerlərlə bağlı tənqidi statuslar yazdığınızı görmüşəm. Bəs bu günün qrafik dizaynerliyi nələr tələb edir?
- Yəqin ki, daha şaxəli, daha bacarıqlı olmağı. Ya da əksinə, yalnız bir dizayn sahəsini hər şeydən daha dəqiq bilməyi. Məsələn, Azərbaycanda qrafik dizayner hər şeyi bacarır. Veb saytların dizaynından tutmuş, brandingə, çap üçün texniki dizayn işinə qədər. Halbuki, bunların hər biri ayrı sahədi. Hər bir sahə də olduqca dərin və geniş təcrübə tələb edir.

Ona görə də məsləhət görərdim bir sahənin ipindən tutub sona qədər özlərini inkişaf etdirsinlər. Və hər bir dizayner mütləq UX (user experience - istifadəçi təcrübəsi) dizaynını öyrənsin, inkişaf etdirsin.

Günümüzün texnoloji inkişafı hər gün bizə yüzlərlə yeni qadjet və rəqəmsal məhsullar gətirir. Biz bu sürətin arxasıyca yetişmək üçün mütləq məhsul dizaynı və UX-i çox yaxşı bilməliyik.

Yalnız özümüzü məhsulun istifadəçisi yerinə qoyduqda, dizaynın necə rahat və dəqiq, problemsiz işləyə biləcəyini anlamış oluruq. Bu çox vacibdir.

"Yəni, 60% müxalif fikirlir adamlar çalışırsa, heç olmasa 40% də bitərəf insanlara yer ayrılmalıdır..."

Az-ya: "Meydan TV, Azadlıq Radiosu, BBC belə məsələlərə birtərəfli yanaşır"

- İstəyirəm, həm də digər sahəniz olan jurnalistika barədə də danışasınız. Azərbaycanda hal-hazırda jurnalistika sizə görə nə vəziyyətdədir?
- Bərbaddan bir az yuxarı. Təəssüf ki, Azərbaycanda siyasi media daha çoxdur. Yəni, istər hökumət tərəfindən icra edilən, istərsə də müxalifətçilərin yaratdığı qəzetlər. Əlbəttə hər bir siyasi qurumun öz mediasını yaratması normal bir şeydir, amma obyektiv görüntüsüylə hansısa maraqlara işləyən media heç vaxt cəmiyyətə tam faydalı ola bilməz.

Mən heç "Yeni Müsavat" və ya "Azadlıq" qəzeti kimi, bir başa partiyaya bağlılığı olan nəşrləri demirəm. "Meydan TV", hətta ABŞ Konqresinin maliyyələşdirdiyi "Azadlıq radiosu" belə birtərəfli yanaşır məsələyə. "Meydan"ın daimi hakim dairələri tənqid etməyi və yalnız problemləri qabartmağı başa düşüləndir, nəticə etibarıyla siyasi fikirlərinə görə təqib olunan və mühacirət edən insanlar yaradıb o saytı. "Azadlıq" və "BBC Azərbaycan"ı isə başa düşmək çətindir. Hər iki qurum xarici dövlət tərəfindən maliyyələşir və o cür KİV-lərdə balans bir az qorunmalıdır. Yəni, 60% müxalif fikirlir adamlar çalışırsa, heç olmasa 40% də bitərəf insanlara yer ayrılmalıdır.

Bunların adını həm də ona görə çəkirəm ki, daha çox ümidim olan böyük qurumlardır. Özəl layihələr olan və kiçik büdcəli mediaları saymıram. Digərlərini isə nə qədər kobud da çıxsa, apar tulla.

Bu dəqiqə belə bir təsəvvür yaradılıb ki, istənilən azad jurnalist yalnız hakimiyyəti-rejimi tənqid etməlidir və başqa işi gücü olmamalıdır. Amma jurnalist həm də başqa maraqlı araşdırmalar və yazılarla istənilən problemi, siyasi olmayan, gündəmə gətirməyi bacarmalıdır. Və ya nəyə görə biz jurnalistika deyəndə yalnız siyasi jurnalistikanı düşünürük? Niyə bizdə məsələn, sənədli filmlər, müxtəlif məzmunlu rüblük dərgilər, həftəlik məcmuələr yoxdur?

Əlbəttə, bu qədər siyasi problemləri olan ölkədə siyasətdən yazanların çox olması normaldır. Lakin, bu tendensiya və sosial şəbəkələr yalançı jurnalistlər yaradır. Savadsız, diksiyası bölgə ləhcəsindən təmizlənməmiş, səlist danışma bacarığı olmayan, Azərbaycan dilində normal yazmağı bacarmayan adamlara internet TV-lərdə mikrofon, saytlarda yazı yeri, nəşrlərdə səhifələr ayrılır.

- Bəs medianın bu halda olmasının səbəbini nədə görürsünüz, sırf ölkədəki siyasi vəziyyət ya necə?
- Azərbaycandakı siyasi vəziyyətin də, medianın da bu halda olmasının əsas səbəbi Sovet dövründə yaranan kanonların hələ də cəmiyyəti idarə etməsidir. Biz dəyişməyi sevməyən xalqıq. Konservativlik bizim üçün komplimentdir, tərifdir. Babana, atana oxşamaq, onun kimi olmaq yaxşı şeydir bizim üçün. İnkişafı ləngidən bütün bu prosessləri Qərb ötən əsrin 60-70-lərində keçibsə, biz hələ indi yaşayırıq. Və təbii olaraq bu da "sancılar", "ürəkbulanması" və "halsızlıq" yaradır cəmiyyətdə.

Az-ya: "Meydan TV, Azadlıq Radiosu, BBC belə məsələlərə birtərəfli yanaşır"

- Yəni, həm də məsələ cəmiyyətdədir deyirsiniz. Bəs dəyişimi nədə görürsünüz? Alternativiniz nədir?
- Dünyada heç bir dəyişikliyi, çevrilişi (istər siyasi, istər mədəni) yaşlı nəsil gətirməyib. Yalnız gənclər. Məsələn, qonşu Rusiyada ötən ay keçmiş prezident və baş nazir Medvedevin rüşvət qalmaqalına qarşı etiraza çıxan və tutulanlar 14-18 yaşlı uşaqlar idi. Alternativ müxalifətdən Aleksey Navalnı da bunu çox yaxşı başa düşür deyə, "YouTube" və sosial medialara bu qədər yer ayırır. Bizdə də caps, trolling və pranklara bu qədər vaxt ayıran gənclik bir az da siyasi iradəsini ortaya qoysa, çox şey edə bilər. 30+ yaşlı adamlardan heç nə gözləməyin. Nə qədər acınacaqlı da olsa, hamısını yalnız özü-ailəsi maraqlandırır. Məsələ də orasındadır ki, elə məhz özünü və ailəsini düşünən haqqını tələb etməyi bacarmalı və qorxmamalıdır.

Digər tərəfdən yalnız Rusiyadakı ciddi demokratik dəyişikliklərdən sonra Azərbaycanda köklü siyasi əvəzetməyə ümid etmək olar. Bizim balığın başı Moskvada oturur. De-fakto SSRİ hələ dağılmayıb.

- Gənc nəsil söhbətində tamamilə razıyam. Siz də gəncsiniz, bəs sizin cəmiyyət dəyişikliyiylə bağlı reallaşdırmaq istədiyiniz bir hədəfiniz var?
- Hədəf əlbəttə var. Amma təəssüf ki, çoxu Azərbaycanla bağlı deyil. Azərbaycanda isə mənimlə eyni hədəfləri paylaşan insanlara yüzlərlə layihədə kömək etmişəm. İndi də edirəm. Mənim üçün ümumimilli maraq siyasi maraqdan daha üstün durduğuna görə müraciət edən hər kəsə kömək etməyə çalışmışam-çalışıram. İstər siyasi təşkilatlar olsun, istər vətəndaş hərəkatları.

- Bəs o hədəfiniz nədir, bilmək olar?
- Kiçikli böyüklü hədəflər çoxdur, amma ümumiləşdirsək, özümdən daha böyük, daha ali bir şeyin bir hissəsi olmaqdır.

Az-ya: "Meydan TV, Azadlıq Radiosu, BBC belə məsələlərə birtərəfli yanaşır"

- İndi Amerikada fəaliyyətin tam olaraq nədən ibarətdir?
- Burdakı müştərilərimizlə işlər, bir neçə ayrı şirkətlərə dizayn konsaltinqi edirəm, eyni zamanda şəxsi layihələrim üzərində çalışıram. Həmin layihələrdən biri qısa metrajlı vloglardır. Rəqəmsal dünyada fikirləri yalnız həriflərlə ifadə etmək artıq gülüncdür. Video format daha maraqlı və daha effektlidir.

- H.O.S.T-un 10 illiyində növbəti kitabla bağlı status yazdınız. Bu kitab haqqında məlumat verə bilərsiniz? Mövzu nədən ibarət olacaq?
- Elə H.O.S.T, ondan əvvəl və bir az sonrakı dövrdə gördüklərimiz, yaşadıqlarımız haqqında. Çoxdan fikrim vardı, insanlara da maraqlı gəldiyini gördükdən sonra qərara aldım. Zatən o dönəmdə baş verənləri düşünürəm ki, elə özüm yazsam yaxşıdır. Həm də tarixi fakt kimi gələcəkdə kiminsə yazı-məqaləsində söykənə biləcəyi resurs olar. Bir beş il sonra olub-keçənlər mənim də ağlımdan çıxıb gedəcək. İndidən varağa töksəm yaxşıdır.

- 2015-ci ildə sizdən müsahibə götürəndə son sualım "sizcə Tanrı sizi niyə yaradıb?" sualı idi. Bu suala hələ cavab tapmadığınızı demişdiniz. İndi bəs necə, cavabınız var?
- Ümumiyyətlə məni Tanrının yaratdığını hardan bilirsiniz? (gülür)

- Yaxşı, onda belə deyim. Siz niyə yaranmısınız? (gülür)
- Bu artıq başqa sualdır. Gələn ilki müsahibədə əmin ola bilərsiniz, buna da cavab verəcəm (gülür)

- Sizdən bunun cavabını mütləq alacam (gülür). Çox sağ olun, müsahibə üçün. Bundan sonrakı fəaliyyətinizdə də uğurlar!
- Sizə də, sizin komandanıza da bol-bol uğur!

Elvin Mahmudov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti