MC Murad: "Meyxana ciddi musiqi deyil" (MÜSAHİBƏ)

8-04-2017, 17:47
Oxunub: 968
"Hal-hazırda yalnız Elvinaya qulaq asıram"


Etatist.com saytının bu dəfəki müsahibi mənim uşaqlıq dostum, qəribə və qeyri adi bəstəkar Murad Quliyevdir (MC Murad). Onun qəribəliyi demək olar ki, bütün musiqi janrlarında həm mahnılar yazmağı, həm də ifa etməyidir. Özü üçün PR qurmaqdan, televiziyalara çıxmaqdan qaçır. Əslində biz görüşəndə ondan müsahibə almaq fikrim yox idi. Bu müsahibə spontan şəkildə baş verdi. Mən ona sadəcə suallar verəcəyimi və onun cavablarını diktafona yazacağımı söylədim. Beləliklə, də belə bir müsahibə alındı.

Sözügedən müsahibəni təqdim edirik:

- Musiqi təhsilin var?
- Musiqi təhsilim əslində orta sayılır, çünki mən Müslim Maqomayev adına 26 saylı musiqi məktəbin fortepiano sinfini bitirmişəm. Solfecio, musiqi ədəbiyyatı və musiqi qrammatıkasını yaxşı bilirəm. Məncə, bu yaradıcılıqla məşğul olmaq üçün kifayət edir. Konservatoriyaya daxil olmağı düşünməmişəm. Çünki konservatoriya məzunları özlərini çərçivəyə salırlar. Əslində mən konservatoriyada keçilən proqramı bilirəm. Onu araşdırmışam və çox asan da başa düşmüşəm. Bilirsən, yaradıcı insan üçün musiqi üzrə ali təhsil alıb-almamağın fərq etmir. Yaradıcı sənət sırf ruhani məqamlara bağlı anlayışdır. Bu işdə hansısa təhsilə sahib olmaq vacib sayılmır.

- Ümimiyyətlə Azərbaycanda musiqi fəaliyyəti ilə məşğul olmaq üçün konservatoriya bitirmək vacibdir ya yox?
- Məncə yox... Qətiyyən yox.

- Səni oxuculara təqdim etməyə ehtiyac var?
- Müəyyən kütlə üçün ehtiyac var. Çünki mən efirlərdə görünmürəm, özüm üçün reklam, PR qurmuram. Amma sənətin içində olanların hamısı məni tanıyır.
Televiziyalardan razı deyiləm. Nə görüntü, nə verilişlər xoşuma gəlir. Mən ümumiyyətlə o sıraya daxil olmaq istəmirəm.

- Televiziyaya çıxmamağının, özünə PR qurmamanın səbəbi nədir? Özün bunu istəmirsən?
- Doğrusu, buna qətiyyən marağım yoxdur. Həm də televiziyalardan da razı deyiləm. Nə görüntü, nə də verilişlər xoşuma gəlir.

- Deyəsən nəsə bir incikliyin var?
- Yox, qətiyyən. Mən ümumiyyətlə inciməyi tərgitmişəm. Heç kimdən incimirəm. Hər kəsi olduğu kimi qəbul edirəm.

- Bəs ümumiyətlə kimdənsə incikliyin olub?
- Yaradıcılıq baxımından təcrübəsizliyimin ucbatından bəzi fəsadlarla rastlaşmışam. Ancaq nə olubsa, geridə qalıb. İndi fikirlər, məqsədlər dəyişib. Hər şey tam başqa cürdür. Ona görə də keçmişdə olanları keçmişdə saxlamaq daha məqsədəuyğun olar.

- Murad Quliyevin pasportu onun hansı musiqisidir?
- Yəqin Zülfiyyə Xanbabayeva ilə Miri Yusufin ifa etdikləri “İki doğma insan” mahnısıdır. Xalq arasında ona “Dostum” da deyirlər.

- Bu mahnının sözlərini də sən yazmısan?
- Bəli, sözləri, musiqi, aranjemanı mənə məxsusdur.

- Miri Yusiflə münasibətiniz necədi?
- Münasibətim yoxdur.

- Bəs prodüsseri Emin Əfəndi ilə?
- Heç bir münasibətim yoxdur. Ümumiyyətlə əlaqəm yoxdur.

- Aranızda hələ də inciklik var?
- Nə olubsa, artıq olub, bitib.

MC Murad: "Meyxana ciddi musiqi deyil" (MÜSAHİBƏ)

- Miri Yusiflə məhkəmənin sonu necə oldu?
- Gəl bu sualın üzərindən keçək. Mən hal-hazırda öz işlərimlə məşğulam. Bu barədə heç düşünmək istəmirəm.

Musiqi yaratmaq üçün mən ən birinci növbədə mütləq müəyyən bir hala düşməliyəm...

- Hansısa musiqini ərsəyə gətirmək üçün sənin üçün nəyin olması vacibdir? Mən şərait, hava, içki və s nəzərdə tuturam.
- Musiqi yaratmaq üçün mən ən birinci növbədə mütləq müəyyən bir hala düşməliyəm. Sonra düşdüyüm hala uyğun şəraitə düşməliyəm. O zaman hislərimi musiqi ilə ifadə edə bilərəm.

- Bir müddət Türkiyədə yaşayıb fəaliyyətini orda davam etdirdin. Ordakı yaradıcılıq prosesləri hansı nəticəni verdi?
- Hər şey qaydasındadır. İki il öncə Funda Arar mənim “Bağışla” mahnımı oxudu. Bu il də ona yeni mahnı yazmışam. Bu mahnı heç yerdə səslənməyib. Bu mahnının da sözləri və musiqisi mənə aiddir. Aranjimanı türklər ediblər. Funda Ararla münasibətlərimiz çox yaxşıdır, aramızda etibar var. Hələ də periodik olaraq Türkiyəyə gedib gəlirəm.

- Bəs bizim yerli müğənnilərlə iş prosesi necə gedir?
- Azərbaycandakı müğənnilərlə son vaxtlar iş birliyini dayandırmışam. Çünki öz müğənnimi yetişdirirəm. Bu, Elvina adlı gənc və istedadlı qızdır. Onun istedadı məni ilhamlandırır. Elvina ilə bağlı onu deyim ki, gələn həftə yeni çıxacaq “Bakı” adlı mahnısına klip çəkəcəyik. O da güman ki, yaxın 1 ay ərzində dinləyicilərə təqdim ediləcək.

- Hansı musiqi janrını özünə daha yaxın hesab edirsən?
- Ruhuma yaxın olan istənilən musiqini özümə yaxın hesab edirəm.

- Janrın fərqi yoxdu?
- Qətiyyən yox.

- Hətta muğam, aşıq musiqisi də?
- Muğam da dinləyirəm... Amma muğamı uzun müddət dinləyə bilmirəm. Yəni saatlarla muğama qulaq asdığımı desəm, yanılaram. Bununla belə muğamı bilməyim yaradıcılığımda böyük rol oynayır. Muğam məni Şərq musiqisinə kökləndirir və Şərq musiqisi ilə Qərb musiqini birləşdirəndə çox maraqlı bir şey alınır.

MC Murad: "Meyxana ciddi musiqi deyil" (MÜSAHİBƏ)

- Bəs əgər hansısa musiqili meyxana ruhuna yaxın olsa, onu dinləyərsən?
- Bu mənim ruhuma yaxın ola bilməz. Çünki orada ümumiyyətlə musiqi deyilən şey yoxdu. Meyxanaçılara məsləhət görərdim ki, ancaq şeiriyyatla məşğul olsunlar. Musiqiyə qarışmasınlar. Meyxana bu gün ən populyar janrlardan biridir. Bu janrı daha çox maarifləndirici formada təqdim etmək olar, musiqilərinə bir az əl gəzdirmək olar. Sintezator çalanın yerinə ən azı DJ qoymaq olar. Ritmləri dəyişmək olar. Musiqili meyxana anlayışına gəlincə, onu deyim ki, ən gözəl nümunələri Nizami Rəmzi edib. O da xalq mahnılarına yaxın bir üslub olub. Onun gözəl avazı, şirin səsi olduğu üçün bu gözəl alınıb. Ancaq indiki siz nəzərdə tutduğunuz musiqili meyxanaya gəlincə... Məncə bu ciddi bir şey deyil. Nə janr kimi, nə də iş kimi.

- Amma özün də meyxana deməyi bacarırsan...
- Mən şeiriyyatı bilirəm. Mən həm də şairəm. Şair həm əruzu, həm meyxananı bilməlidir. Xarici ədəbiyyatdan da anlayışı olmalıdır. Bir sözlə, şair sözlə bağlı hər nə varsa, maraqlanmalıdır.

- Azərbaycan müğənnilərinin dünya səviyyəsinə çıxa bilməməsinin səbəbi nədir? Nə üçün bizdə Rihanna, Adel kimi ifaçılar olmur?
- Dediyin o səviyyədə musiqi və ifaçını ərsəyə gətirmək üçün mütləq fərqli mühitin aurasına düşməlisən, o mühitin havasını udmalısan, həmin mühitin içində olmalısan. Bizdə o mühit yoxdur. Amma istedadlı insanlar bizdə çoxdur. Elə gənc nəslin nümayəndəsi var ki, onları heç kim tanımır. Mən onları araşdırıram, yeni insanlarla görüşürəm. Bir növ nəsə kəşf etmək istəyirəm. Ümimiyyətlə, istənilən ölkədən dünya səviyyəli ulduz yetişdirmək mümkündür. Əgər həmin adam istedadlıdırsa. Sadəcə bunun arxasında müəyyən qurumlar dayanmalıdır. Çünki insan təkbaşına bu səviyyəni əldə etmək üçün uzun müddət çalışmalıdır. Eyni zamanda maliyyə də lazımdır. Bunun üçün də ya Mədəniyyət Nazirliyi, ya digər qurumlar bu işi öz öhdəsinə götürməldiir. Ancaq belə olan halda dünya səviyyəsinə çıxmaq olar.

- Ancaq iqtisadi cəhətdən kasıb ölkələrdən dünya səviyyəli ifaçılar çıxıb. Məsələn, Bob Marli Yamaykadan, Rihanna Barbadosdan çıxıb. Həmin ölkələr isə həm mədəni, həm də iqtisadi cəhətdən çox kasıb ölkələrdir. Bəlkə bizdə yaxşı mahnılar yazılmadığı üçün tanına bilmirik?
- Ola bilər ki, bizim ifaçılar tələbata uyğun işləyirlər. Bu isə ona səbəb olur ki, inkişaf getmir.

- Sən fəaliyyətə əvvəlcə rep musiqisi ilə başlamışdın. Sonra repdən uzaqlaşdın və başqa tərzə keçdin...
- Mən daxilən reperəm. Reper olmaq təkcə rep parçaları yazmaq deyil, həmin həyat tərzini yaşamaq reper deməkdir. Bu da bir həyat tərzidir. Mən daxilən bir az rastamanam, bir reperəm və s. Daxilimdə bir çox submədəniyyətlər var.

- Bir neçə reper sonradan istiqamətlərini dəyişdilər və oxumağa başladılar. Səncə bu uğurlu alındı?
- Bəzilərində uğurlu alındı. Məsələn, Miri Yusifdə. Ancaq digərlərində uğurlu alındığını hesab eləmirəm. Əslində hər kəs öz qabiliyyətinə bələd olmalı və buna görə də addımlar atmalıdır. Məsələn, qrup üzvlərindən biri gedib mahnı oxudu deyə, mənim də gedib necə gəldi oxumağımla məsələ alınmır. Elə tərz, üslub seçmək lazımdır ki, sonradan gülüş obyektinə çevrilməyəsən. Quyuya su tökməklə su dolmur.

MC Murad: "Meyxana ciddi musiqi deyil" (MÜSAHİBƏ)

- Bəlkə sonradan fəaliyyət istiqamətlərini dəyişən reperlər repdə pul olmadığına görə toy tutmaq üçün, toylara getmək üçün oxumağa başladılar?
- Təbii ki, reperlər sonradan oxumağa başlayanda mahnıları toy, klub və s üçün nəzərdə tutub hazırlayırdılar. Məncə, onlar ürəyindən gələnləri edirlər.

- Bəs daha çox hansı submədəniyyətin daşıyıcısan?
- Mən kənardan özünə baxanda özümə yaradıcı insan deyərdim. Yaradıcılığın bir çox sahələrində fəaliyyət göstərirəm, ona görə də ümumi olaraq özümə yaradıcı insan deyərdim.

- Azərbaycanda müğənnilərin, yazılan mahnıların səviyyəsini necə qiymətləndirə bilərsən? Ərsəyə gələn mahnılar hansı səviyyədədir?
- Həmin mahnılar əgər milyonlarla baxış sayı yığırsa, böyük kütlə tərəfindən maraqla qarşılanırsa, mən heç nə deyə bilmərəm. Sadəcə bu kimi mahnılar mənim zövqümdə deyil. Mən bir gənc kimi o mahnılara qulaq asıb həzz ala bilmirəm.

Əgər Azərbaycan şou-biznesindəki mahnılarla mənim mahnılarım tərəzinin gözlərinə qoyulsa mənim mahnılarımın çəkisi daha ağır gələcək...

- Amma özün də həmin ifaçılarla işləyirsən, o cür mahnılar yazırsan axı...
- Mən o cür mahnılar yazmıram. Mənim mahnılarımın tərkibində həmişə həyat fəlsəfəsi olub. Mən mahnıları söz, qafiyə xatirinə yazmamışam. Mən çalışıram ki, həyati hadisələrdən fəlsəfə yaradım. Ona görə də mənim mahnılarımla o mahnılar müqayisə edilə bilməz. Mənim mahnılarımın hər biri kiçik bir hekayədir. Əgər Azərbaycan şou-biznesindəki mahnılarla mənim mahnılarım tərəzinin gözlərinə qoyulsa mənim mahnılarımın çəkisi daha ağır gələcək.

- Sənin bəyəndiyin müğənnilər kimlərdir?
- Mən şou-biznes sənayesinin bir hissəsi sayılıram. Çünki mən o insanlarla təmasda oluram, biz mütəmadi görüşürük, işləyirik. Bu isə ona gətirib çıxarır ki, mən istəsəm də, istəməsəm də bunun içindəyəm. Onu da qeyd edim ki, müğənnilərin içində yaxşı insanlar var. Mən onlarla rahat ünsiyyət qururam. Hətta dostluq da edirəm. Dinləməyə gələndə isə uşaqlıqdan Elşad Xoseni dinləmişəm və bəyənmişəm. Bir də, hal-hazırda yalnız Elvinaya qulaq asıram.

- Sənin yazdığın mahnıları toylarda oxutmaq olar?
- Əslində mənim mahnılarım toylarda oxunur. Mənim mahnılarım hitdir, sevilən mahnılardır. Müğənniləri də toylara hansısa mahnısına görə dəvət edirlər. Ada, populyarlığa görə az dəvət edilirlər. Daha çox müğənnilər mahnılarına görə dəvət edilirlər.

MC Murad: "Meyxana ciddi musiqi deyil" (MÜSAHİBƏ)

Zamiqin “Həyat çətindi” mahnısına çəkilən klip çox uğursuz alınıb...

- Məsələn, müğənni Zamiqin "Həyat çətindir" mahnısı toyda ifa olunsa rəqs etmək olar?
- Əlbəttə olar. Mən özüm də bu toyda bunun şahidi olmuşam. Bir məsələni də qeyd edim. Həmin mahnının klipi bərbad vəziyyətdə çəkilib. Hərçənd klipin rejissoru Fuad Əlişov çox istedadlı rejissordur. Onun yaradıcılığına heç bir etirazım yoxdur. Sadəcə bu klip çox uğursuz alınıb. Buna görə də mahnılarıma klip çəkilərkən ideya və ssenari üzərində işləyirəm. Çünki yazdığım mahnını məndən yaxşı heç kim ifadə edə bilməz.

- Bir müddət əvvəl akustik layihələrə başlamışdın. Sonra nə üçün fasilə verdin?
- Birinci hissəni etmişəm, ancaq haçansa akustik layihələrə davam edəcəm. Mən yaradıcılğa məcburiyyət kimi baxmıram, ona həyat tərzi kimi yanaşıram. Ürəyimə düşsə, özüm üçün vaxt tapanda yenə davam etdirəcəm.

- Sən özünü yaxşı müğənni hesab edirsən?
- Məni heç kim müğənni kimi tanımır. Bəzən olur ki, mahnı yarananda beynimə düşüb və qərara gəlmişəm ki, özüm oxuyum. Bu ürəkdən gələn bir hisdir. Bu, müğənnilik deyil əslində. Mən akustik layihəmi təqdim edəndə səsimi göstərmək kimi məqsədim yox idi.

- Özün nəyə qulaq asırsan?
- Mənim "play list"imdə fərqli musiqilər toplanıb. Ən əsas etno deep house dinləyirəm. Bu, çox xoşuma gəlir.

- Bəs nə oxuyursan? Mütaliə nəzərdə tuturam.
- Sonuncu dəfə Dostoyevskinin “İdiot” romanını oxumuşam. Əslində mən informasiyanı təkcə kitablardan yox, başqa mənbələrdən də əldə edirəm. Məsələn, filmlərdən, xüsusilə sənədli filmlərdən.

- Məsələn, sonuncu film hansıdır?
- “Lənətmişlər iqamətgahı". Sənə də baxmağı məsləhət görürəm. Çox maraqlı filmdir.

- Bəs poeziya ilə aran necədir?
- Yaxşıdır. Mənim sevdiyim şairlərdən biri Yesenindir. Yeseninin həyat tərzi də mənə çox yaxındır..

- Amma Yesenin heç də nümunəvi həyat tərzi yaşamayıb axı. Həyat yoldaşını incidib, həddən ziyadə çox spirtli içkilər qəbul edib.
-Bəli, xuliqan olub. Onun fikirləri mənə təsir edir. Onun şeirlərində mən öz həyatıma uyğun nəsə tapıram. O, çox səmimi yazıb.

- Azərbaycan şairlərindən kimisə oxuyursan?
- Ramiz Rövşənin şeirlərini oxuyuram. Ancaq bütün şeirlərini yox. Sənin məsləhətinlə onun “Nəfəs” kitabını aldım. Əlbəttə, həmin kitabda maraqlı şairlər var. Amma kitabda cəmi bir neçə şeiri bəyəndim. Məncə, ümumi götürəndə əksər şeirləri bir o qədər də maraqlı deyil.

- Müsahibə üçün təşəkkür edirəm. Fəaliyyətində uğurlar...

Səid Riad
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti