Yeni yaradılan sözlər istifadəyə yararlıdır? - Dilçilik müzakirə olundu (VİDEO)

8-04-2017, 14:10
Oxunub: 6000
"Gəzməlidirlər, kəndlərə getməlidirlər, sadə insanlarla danışmalıdırlar"


Son zamanlar ölkədə yazıçıların, tərcüməçilərin, tənqidçilərin ən çox bəhs etdiyi mövzulardan biri də Azərbaycan dilində olan çatışmazlıqlardır. Ötən gün - aprelin 7-də "Lider" telekanalında İradə İsakın təqdimatında yayımlanan "TOR" verilişinin də növbəti buraxılışı məhz bu mövzuda olub.

Etatist.com-un məlumatına görə verilişdə filologiya elmlər doktoru, professor Sayalı Sadıqova, yazıçı Sayman Aruz, BDU-nun filologiya fakultəsinin elmi işçisi İlhamə Əlməmmədova və tənqidçi Əsəd Cahangir olub. Verilişdə Etatist.com internet qəzetinin təsisçisi, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə də ekspert qismində iştirak edib.

MFM sədri bildirib ki, bizim düşüncə sərhədlərimiz çox qısıdlı vəziyyətdədir:

"Ədəbiyyat tərcümə olunanda biz ona uyğun sözləri tapıb ortaya qoya bilirikmi? Vitgenşteynin çox yaxşı bir sözü var: "Bir insanın dili onun dünyasının sərhədlərini bəlli edir". Bu gün Azərbaycan vətəndaşının gündəlik istifadə etdiyi söz 100-150 civarındadır. Bir ingilisin istifadə etdiyi söz 1500-2000 civarındadır. Siz başa düşürsünüz, bizim düşüncə sərhədlərimiz nə qədər qısıdlı vəziyyətdədir?

Bu gün filmlərdə danışılan "anacan" və digər ifadələrin, hansı ki, biz onları məişət həyatımızda istifadə etmirik. Bunların kökü ondan gəlir ki, biz əslində belə yaşamırıq. İki tip yaşayış mövqeyimiz var. Birinci cəmiyyətə təqdim etdiyimiz - indi özümüzü cəmiyyətə təqdim edirik: Ədəbi dildə danışırıq və s. Biz məişətdə belə danışmırıq axı. Bütün qüsurlar da burdan yaranır.

Biz o mövqedən baxmalıyıq ki, necə xalqımızın dilini özünə qaytaraq. Azərbaycan dilinin axıcılığı var. Erməni şairi Sayat Nova türk dilində yazırdı. Lakin indi baxanda, görək yazarlarımız qorumaq istədiyimiz dildə özlərini ifadə edə bilirlərmi?

"Nə etməliyik?" sualının ətrafında cavab vermək istəyirəm. "Mütəxəssis" dediyimiz adamlar yığışıb bir otaqda qərar qəbul edirlər, sonra deyirlər ki, "hörmətli Azərbaycan xalqı sən bizim icad etdiyimiz bu sözü qəbul et". Onlar nə qədər bölgə gəziblər? Gəzməlidirlər, kəndlərə getməlidirlər, sadə insanlarla danışmalıdırlar. Biz bu mütəxəssisləri iki yerə bölsək yaxşı olar. Lenini, Brejnevi Xruşovu görməyən adamlar da gəlməlidir. Mən əvəzləməkdən danışmıram, heç olmasa onlarla (gənclərlə - red.) müzakirə aparsınlar.

Komissiyanın tərkibləri yaranmalıdır, hansı ki, Azərbaycanın şivələrini bilməlidirlər. Folklor və xalq deyimlərinə üstünlük verilməlidir.

Sonra deyirik ki, biz niyə rus, ingilis, fars ləhcəsi ilə danışırıq. Bəs bu xalq necə danışsın? Əgər mən bir məhsul çıxarıramsa, onu xalqa təqdim edirəm və gözləyirəmsə ki, bu xalq onu qəbul etsin, həmin məhsulu təqdim etməyi də öyrənməliyəm, xalq yaddaşına da xitab etməyi bilməliyəm.

Xalqın təhtəlşüuru ilə çalışmaq lazımdır. Mən gedib hardansa dil gətirə bilmərəm. Onu qəbul edən də olmayacaq. Dilimizə önəm veririksə, onun ölməsinə imkan verməmək lazımdır".

Verilişdə əsas müzakirə mövzusu yeni yaradılan sözlər olub. Eksperlər bildirib ki, yeni yaradılan sözləri bədii ədəbiyyatda işlətmək olsa da, onlar məişətdə işlətmək üçün yararlı deyil.

Sözügedən verilişin videosunu təqdim edirik:
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti