"Liberallar, sosial demokratlar bu ölkədə problem yarada bilər" - (Video-müsahibə)

8-04-2017, 12:39
Oxunub: 1370
"İndi Diplomatiya məktəbində iştirak edən gənclərin bir qismi bizlə birgə çalışırlar"


Etatist.com olaraq hər zaman yaradıcı gənclərə dəstək olmağa çalışmışıq. Elə saytımızın yaradılma məqsədi də budur. Bundan sonra da Milli Fikir Mərkəzi ilə Etatist.com-un birgə layihəsi olan "Gənc - Gələcək" layihəsi ilə yaradıcı gənclərə dəstəyimiz davam edəcək.

LAYİHƏ ÜÇÜN QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

Layihəmiz çərçivəsində növbəti müsahibimiz Milli Fikir Mərkəzinin sədr müavini Pünhani Əsgərlidir.

Etatist.com sözügedən müsahibəni təqdim edir:


- Xoş gəlmisiniz. Sizi tanımağınız üçün bizə məlumat verərdiniz.

- Mən Pünhani Əsgərli, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşam. Daha sonra ailəvi səbəblərə görə Şirvan şəhərinə köçmüşük. Sonra yenə Naxçıvana qayıtdığım vaxtlar olub. Ümumilikdə Şirvanda və Naxçıvanda 6 orta məktəbdə fərqli-fərqli vaxtlarda oxumuşam. 2011-ci ildə orta məktəbi bitirmişəm və Bakı Dövlət Universitetinin Politologiya fakultəsinə daxil olmuşam. 2015-ci ildə ordan məzun olmuşam və hərbi xidmətə getmişəm. Hərbi xidməti bitirdikdən sonra Dövlət İdarəçilik Akademiyasında dünya siyasi prosesləri üzrə magistr təhsilinə başlamışam. Hal-hazırda da orda təhsil alıram və Milli Fikir Mərkəzində də fəaliyyət göstərirəm.

- Necə bir şagird, tələbə idiniz?

- Orta məktəbdə oxuduğum vaxtlarda sakit şagird idim. Çox sakit idim. Hətta müəllimlər mənim bu sakitliyimdən narazı idilər. Amma dərslərimi yaxşı oxuyurdum. 11-ci sinifə qədər də yaxşı oxumuşam. Demək olar ki, hər il əlaçı olmuşam. Universitet vaxtlarında artıq fərqli oldu, artıq sakit deyildim. Qrupda, universitet daxilində daha aktiv olmağa çalışırdım.

- Bəs siyasətə marağınız necə yarandı?

- Siyasətə marağımın yaranmağının səbəbkarı babam olub. Mən uşaq vaxtı babamla bir yerdə yaşayırdım və babam gündəlik xəbərləri, siyasi prosesləri izləyirdi. Mən də onunla bir yerdə olduğum üçün məcbur olaraq xəbərlərə baxırdım. Hər zaman siyasətə bir marağım yaranmışdı. Mənim aid olduğum bölgə də elə bir bölgədir ki, orda siyasətə daim maraq olub (gülür). Onun üçün də məndə də o vaxtdan siyasətə maraq yaranmışdı. 11-ci sinifdə də universitet imtahanımdan sonra ixtisas seçimində bu istək özünü biruzə verdi və politologiya ixtisasını seçdim.

- Bəs MFM-lə maraqlanmağınız necə oldu? Burda sizi nə cəlb elədi?

- Mənim bir dostum MFM haqqında, Şəhriyar bəy haqqında mənə danışmışdı. Bir gün təsadüfən biz Şəhriyar bəylə görüşüb söhbət etdik. Mən burda gördüm ki, illərdir özümdə formalaşdırmağa çalışdığım yarım-yamalaq fikirlər burda öz təsdiqini tapıb və burda kollektiv iş var. Ona görə də Milli Fikir Mərkəzi məni cəlb elədi.

- Bildiyim qədərilə əvvəl fərqli ideoloji və siyasi fikirləriniz olub. Necə oldu ki, bunlar birdən-birə dəyişdi?

- Mənim fərqli siyasi və ideoloji fikirlərim olmayıb. Mən politologiya tələbəsi olmuşam. İxtisasımın tələbi idi ki, mən bütün ideologiyaları, siyasi fikir adamlarını öyrənim. Ona görə də müxtəlif dövrlərdə müxtəlif ideologiyalarla, siyasi fikir adamlarının fikirləri ilə, siyasi quruluşlarla və s. maraqlanmışam. Amma Milli Fikir Mərkəzinə qədər heç vaxt bir siyasi ideologiyanın funksioneri olmamışam. Bu MFM-dən sonra olan bir hadisədir.

- Cəmiyyətdə oturuşmuş ideologiyalar var. Məsələn, sosial demokratlar çox sempatik görünür və ya liberallar, milliyətçilik və s. Nəyə görə məhz etatizm?

- Razıyam sizinlə. Sosial demokratlar nisbətən sempatikdirlər, dünyada onların daha yaxşı imici var. Liberallar daha rahat görünürlər, milliyətçilər özlərini bu coğrafiya daha yaxın hiss edirlər, tarixin köklərinə sığınmağa çalışırlar. Amma bu belədir ki, bir ölkənin, bir dövlətin ideologiyası onun sempatikliyində, insanların sevməsində, ordakı cəlbediciliyində deyil. Bir ideologiyanın dövlət üçün maraqlı olması onun gələcəkdə nə verə biləcəkləri ilə bağlıdır. Sosial demokratlıq, liberallıq, milliyətçilik bu ölkədə müəyyən problemlərə gətirib çıxara bilər. Amma etatizm elə bir ideologiyadır ki, bu ölkənin həm daxili keçmişini, həm bu gününü, həm gələcəyini özündə ehtiva edə bilir. Yəni, tamamilə bu coğrafiyanın tələbləri nəticəsində yaranmış bir ideologiya olduğuna görə mən də bu ideologiyanı seçmişəm.

- MFM-dən əvvəlki və indiki həyatınızı müqayisə etsək, nə kimi fərqliliklər var?

- Əsas fərq ondadır ki, mən MFM-dən əvvəlki həyatımda fəaliyyətsiz idim. Yəni, öyrəndiklərimi sadəcə öyrənmək xatirinə öyrənirdim. Bunları nə vaxt nə edəcəyimi bilmirdim. Amma MFM-də olmağımın ən böyük səbəbi ondadır ki, mən indiyədək öyrəndiklərimi, gördüklərimi, təcrübələrimi artıq həyata keçirməyə başlamışam. MFM mənə bu öyrəndiklərimi insanlara çatdırmaqda, onlara da kömək olmaqda şərait yaradıb. MFM-dən əvvəlki həyatımla indiki arasında ən birinci faktor budur. Mənim əvvəl daha dar çevrəm var idi. Artıq elə dar çevrəm yoxdur. Ətrafımda mənim kimi düşünən, mənimlə birgə fəaliyyət göstərən, mənim fəaliyyətimdə mənə kömək olan insanlar var.

- Mütaliə edərkən ən çox hansı kitablara üstünlük verirsiniz?

- Əsasən, öz ixtisasıma və fəaliyyətimə uyğun kitablara üstünlük verirəm. Yəni, siyasi ədəbiyyata. Burda siyasi tarix, siyasi fəlsəfə, günümüzün siyasi proseslərinə müxtəli baxışlar və s. ola bilər.

- Kitabları hansı çərçivədə seçirsiniz?

- Mənim bilmədiyim, görüşlərimə təsir edə biləcək, daha da genişləndirə biləcəyim bir ədəbiyyat siyahısı hazırlayıram və oxuyuram.

- Profilinizə baxarkən təsadüfən Ayaz Mütəllibovla olan şəklinizi görmüşdüm. Bu şəxs haqqında hansı fikirdəsiniz?

- Ayaz Mütəllibov bu ölkənin ilk prezidentidir. Ayaz Mütəllibov Azərbaycanın müstəqillik aktını imzalayan şəxsdir. Mən bir etatistəm, etatizmin gərəyidir ki, Azərbaycan dövlətçiliyinə xidmət edən hər kəsə ehtiram göstərəsən. O da Azərbaycanın ilk prezidenti olduğuna görə, mənim ona ehtiramım var. Eynilə bu ehtiram daha sonrakı prezidentlərə - Əbülfəz Elçibəy, Heydər Əliyev və hal-hazırki prezident İlham Əliyevə də olduğu kimidir. Bu 4 prezidentin hər biri Azərbaycan dövlətçiliyinə fayda göstərdiyi üçün eyni ehtiramı göstərirəm.
Şəklin tarixçəsindən bir az danışım. Mən 2013-cü il prezident seçkilərində azad müşahidəçi idim. Həmin müşahidəçi olduğum məntəqədə Ayaz Mütəllibov gəlib səs vermişdi. Səs verərkən mən gördüm, aşağıda özündən xahiş elədim, şəkil çəkdirdik və tanış olduq. Bu, mənim ideologiyamın gərəkdirdiyi bir ehtiramdır.

- Hansı siyasətçini özünüzə nümunə götürürsünüz?

- Mənim özümə ideal götürdüyüm siyasətçi yoxdur. Bütün siyasi fikir adamlarının həyatında olan bəzi məqamları, onların fəaliyyətlərini öyrənməyə, onların hər birindən dərs almağa çalışmışam. Yəni, konkret olaraq özümə nümunə götürdüyüm bir şəxs yoxdur, ancaq dərs aldığım şəxslər var. Bura sıralamaq olar – Mustafa Kemal Atatürkü, Mahatma Qandini, Nelson Mandelanı, Konrad Adenauer siyahını uzatmaq olar.

- Nəsillərarası savaşdan danışırsınız. Yəni, əsas tezislərinizdən biri də budur. Bəs 80-ci illərin sonunda xalq hərəkatından çıxan siyasilərlə indikilər arasında hansı fərqləri görürsünüz?

- 80-ci illərin sonlarında ortaya çıxan siyasətçilərin bir çoxu professional siyasi təlim və yaxud təhsil almamışdılar. Onların hər birinin çərçivələri var idi, bu çərçivələri heç vaxt aşa bilməmişdilər. Siyasi idarəetmədə də, siyasi fikirlərində də, xalqın ən aktiv olduğu dövrlərdə də. Onların geniş informasiya almaq gücü yox idi. Ancaq müasir dövrün siyasilərində daha geniş informasiya almaq imkanları var. Dünyanın müxtəlif təcrübələrini öyrənmək imkanları var. Bugünkü siyasətçilərin 80-ci illərdəkilərə əsas fərqi ondadır ki, onlar məsələlərə daha fərqli prizmadan baxa bilirlər. Onlar daha islahatçı, proqressiv düşünə bilirlər. Amma 80-ci illərin siyasətçiləri daha arxaik təfəkkürdə idilər. Nə qədər də desələr ki, biz o ideologiyanın tərəfdarı deyildik, biz bilirik ki, onlar hər biri o ideologiyanın məktəbindən keçmişdilər, hər biri pioner olublar. Onların hər birinin daxilində bir kommunistlik qalıb. Amma bu gün elə deyil, siyasilərin arasında siyasi plürealizm var. Ona görə də indikilər o dövrdəkilərdən daha proqressivdirlər, özlərini inkişaf etdiriblər. Bir çoxu siyasi təhsil alıblar.

- Yenidən şəxsi həyatınıza qayıdaq. Siyasətçilər haqqında əsasən belə bir fikir var ki, onlar ağlı ilə qərar verən insanlar olurlar. Bəs sizin hislərinizlə qərar verən vaxtlar olub?

- Bəli, mənim də hislərimlə qərar verdiyim vaxtlar olub. İnsan hislərinin, məntiqinin və iradəsinin ortaya çıxardığı bir varlıqdır. Ona görə də mən düşünmürəm ki, elə bir insan olsun ki, bütün hər şeyə məntiqlə yanaşsın, yaxud da hisləri ilə yanaşsın. Bu olmaz. Mənim də hislərimlə qərar verdiyim vaxtlar olub, amma əsasən məntiqimlə qərar vermişəm.

- Məsələn, hansı qərar?

- 2011-ci ildə orta məktəbi bitirdikdən sonra mən Bakı Dövlət Universitetinə, eyni zamanda da Şimali Kiprdə bir universitetə qəbul olmuşdum. Orda da Beynəlxalq münasibətlər ixtisasına qəbul olmuşdum. Orda bir az hislərimlə qərar verdim. Ailəmin romantikası və gənc olmağım, 17 yaşımın olması səbəbilə hislərimlə qərar verib BDU-nu seçmişdim. Məntiqimlə qərar versəydim, yəqin ki Kiprə gedərdim.

-Bəs peşmanlığınız var?

-Yox, o qədər də peşman deyiləm.

- Ən böyük məqsədiniz nədir?

- Ən böyük məqsədim bu ölkənin, bu dövlətin gənclərinin aydınlanmasına fayda vermək, onların özlərini və bu dövləti inkişaf etdirməklərinə çalışmaqları üçün bütün bilgimlə, hər şeyimlə onlara dəstək olmaq, onlara yol göstərməkdir.

- Milli Fikir Mərkəzində “Diplomatiya Məktəbi” təşkil etmişdiniz. Bu fikir sizdə necə yarandı?

- Milli Fikir Mərkəzinin əsas hədəflərindən biri alternativ təhsil yaratmaqdır. Bu, bizim hər birimizin məqsədidir. Bizim fərd olaraq məqsədlərimiz, istəklərimiz yoxdur. Bunların hər biri Milli Fikir Mərkəzinin məqsədidir. Diplomatiya məktəbi alternativ təhsil fikrinin əsasında formalaşıb. Biz düşündük ki, gənclərin bu sahəyə ciddi bir marağı var. Ancaq bu sahə üzrə istədiklərində universitetlərdə ala bilmirlər, və yaxud da yanlış yönləndirilirlər. İstədiklərini ala bilsələr belə, bundan heç vaxt istifadə edə bilmirlər. Biz də Milli Fikir Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsi olaraq belə bir layihəyə başladıq. Layihə uğurla alındı, 120-dən çox qeydiyyatdan keçən adam var idi, bunlardan 50 nəfər seçilmişdi. Bu 50 nəfər iki qrupda təhsil aldılar. Və biz- mən, Şəhriyar bəy, Mələk xanım və bir keçmiş üzvümüz onlara bacardığımız qədər bilgi ötürdük. Bu bilgilər bir çoxu əsasında özlərinə yeni bir yol seçdilər. İndi Diplomatiya məktəbində iştirak edən gənclərin bir qismi bizlə birgə çalışırlar.

- Yenə belə bir layihə olacaq?

- Əlbəttə ki olacaq. Sırf diplomatiya sahəsində soruşursuz, yoxsa ümumilikdə?

- Ümumilikdə..

- Əlbəttə, Milli Fikir Mərkəzində belə layihələrin davamı olacaq. MFM var olduqca bunlar davam edəcək. Əgər diplomatiya sahəsində deyirsizsə, bu sahə üzrə də olacaq. Çünki biz dərs dediyimiz gənclərlə hər şey məhdudlaşmır. Hər gün, hər saat bu sahəylə maraqlanan gənclərin sayı artır. Və biz də bu gənclərin marağına cavab verməliyik. Buna görə də həm diplomatiya sahəsində, həm də digər sahələrdə belə məktəblər davamlı olacaq. Hal-hazırda bir məktəbimizin, yəni Fotoqrafiya kursunda seçim mərhələsi gedir. Milli Fikir Mərkəzinin və United Colors of Azerbaijan səhifəsinin birgə layihəsidir. Bu layihə üzrə də seçimlər davam edir, seçimlər davam etsə də, hələ burada 150-dən çox gənc qeydiyyatdan keçib.

- Son olaraq, yeni təyin olunduğunuz vəzifə barədə sual vermək istərdim. Bu vəzifəyə özünüzü uyğun hesab edirsiz?

- Məni bu müsahibəyə Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə layiq görmüşdür. Əgər Şəhriyar bəy məni bu vəzifəyə layiq görübsə, deməli, mən bu vəzifəyə uyğunam. Əlimdən gəldiyi qədər də Şəhriyar bəyin etimadını doğruldacam. Ümumiyyətlə, Milli Fikir Mərkəzində olan hər bir gəncin etimadını doğrultmağa çalışacağam. Bütün fəaliyyətim boyunca da bunun üçün çalışacağam ki, öz daxilimdə anlayım ki, mən həqiqətən də bu vəzifəyə layiqəm. 

- Uğurlar arzulayırıq sizə. Təşəkkürlər.

İlkay Əliyeva 
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti